PREZİDENT NÖQTƏNİ QOYDU - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”


“Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir”.

Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlətimizin başçısı deyib ki, əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut (Zəngəzur dəhlizi – red.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir.

Qeyd edək ki,  dövlət başçısı bu fikirləri “Xəzər” Televiziyasınnın əməkdaşının "Cənab Prezident, Tbilisidə İpək Yolu Forumunda Ermənistanın baş naziri “sülhün kəsişməsi” deyə bir layihədən bəhs etdi, hansı ki, bu, “erməni qovşağı” layihəsinin adı dəyişdirilmiş formasıdır. Sözdə layihə guya Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan arasında kommunikasiyaların, belə deyək, inkişafını nəzərdə tutur. Halbuki Azərbaycan bu təklifi üç ildir irəli sürür. Ermənistanın baş naziri bunu yeni bir təşəbbüs kimi səsləndirdi. Ümumiyyətlə, regionda Azərbaycanın razılığı olmadan belə layihələrin baş tutması mümkündürmü?"  sualına cavabında bəyan edib. 

 Prezident həmin suala cavabında bildirib: " Əlbəttə ki, yox. Yəqin ki, siz də bunu yaxşı bilirsiniz, mümkün deyil. Hesab edirəm ki, bu, sadəcə olaraq, piar aksiyadır. Çünki Ermənistan, bildiyiniz kimi, 10 noyabr üçtərəfli Bəyanatının bir müddəasını yerinə yetirmir və faktiki olaraq öz öhdəliyinə laqeyd yanaşır. Ona görə bunu pərdələmək, eyni zamanda, “Zəngəzur dəhlizi” sözünü sildirmək üçün belə bir təklif irəli sürmüşlər. Onu da bildirməliyəm ki, “Zəngəzur dəhlizi” sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, - Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür.

Şərq-Qərb dəhlizi var, - amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu “sülh yol kəsişməsi” adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil.

Onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir. Yəni, bu, çox ədalətli mövqedir.

Bir məsələ də önəmlidir, bu yolun təhlükəsizliyi. Çünki mən dəfələrlə Ermənistan rəhbərliyinə demişəm ki, Ermənistanın qarantiyaları bizə kifayət deyil. 10 noyabr Bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın aeroportundadırlar, Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədindədirlər. Niyə orada onlar qala bilərlər, amma burada qala bilməzlər? Sadəcə olaraq, bu, bir bəhanədir ki, bu yol açılmasın. Biz üç il gözləmişik, bizi ittiham edirdilər ki, biz güc tətbiq edərək o yolu açacağıq. Halbuki bu, cəfəng bir ittiham idi. Onu da bildirməliyəm ki, bu şayiələri, belə ucuz şayiələri yayan da Fransadır. Biz dəqiq bilirik ki, hər yerdə danışırdılar və bu gün də yəqin davam edir ki, bu gün-sabah Azərbaycan Ermənistana hücum edəcək. Halbuki bunun heç bir əsası yoxdur, heç bir hazırlıq da getmir və bu gün hazırlığı gizlətmək də mümkün deyil. Çünki hər şey yuxarıdan, peykdən görünür, digər informasiya mənbələri var. Biz, sadəcə olaraq, üç il gözləmişik, görəndə ki, bu alınmır, bizim başqa yolumuz qalmayıb. Biz qısa yolla Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməliyik və bildiyiniz kimi, İranla artıq razılıq da əldə edildi, nəinki razılıq, təməlqoyma mərasimi keçirildi. İndi Ağbənd istiqamətində artıq birinci körpünün inşası başlamışdır və ikinci körpü də Ordubad istiqamətində nəzərdə tutulur. Yəqin ki, bu il biz ona da başlayacağıq.

Beləliklə, Ermənistan yenə dalan olaraq qalacaq. Onlar indi, necə deyərlər, bundan duyuq düşərək əl-ayağa düşdülər ki, biz kənarda qaldıq və hətta bildiyiniz kimi, Amerika Dövlət Departamentinin rəhbərinin müavini də bir anlaşılmaz açıqlama vermişdi ki, ya Ermənistandan keçəcək, ya da ki, biz imkan verməyəcəyik. Yaxşı, biz bunu üç ildir deyirik ki, bu, Ermənistandan keçsin, Ermənistan imkan vermir. İndi də bizi ittiham edirlər ki, biz başqa yol seçirik. Yəni, siz şərait yaradın Ermənistanın ərazisindən keçsin, Mehri ərazisindən keçsin, mən dediyim şərtlərlə, onda digər varianta ehtiyac qalmayacaq. Yoxsa bu da anlaşılan deyil. Bu gün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yenə də İran ərazisindən həyata keçirilir. Niyə buna etiraz edilmir, məhz Mehri hissəsinə etiraz edilir? Ermənistan-İran ticarəti gündən-günə artır, çiçəklənir. İran Qərbi Zəngəzurda konsulluq açıb. Niyə bu, necə deyərlər, heç bir sual yaratmır? 

Yəni, belə məntiqsiz və cəfəng açıqlamalar heç kimə şərəf gətirmir və “biz buna imkan verməyəcəyik” deyəndə, - mən artıq bunu demişəm, - Amerika nəyi nəzərdə tutur, necə imkan verməyəcək? Gələcək Zəngəzurda bir sədd qoyacaq, ya Zəngilanda bir qoşun yerləşdirəcək, ya İran ərazisində? Necə imkan verməyəcək? Bu, bizim suveren işimizdir. Bizim İranla bu yaxınlarda Astaraçay üzərində körpünün açılışı olmuşdur. Nə üçün? Çünki Şimal-Cənub dəhlizində yükdaşımaların həcmi iki dəfə artıb və hazırda Astaradakı terminal bütün o yükləri götürə bilmir. Rusiya ilə ikinci keçid açmışıq Xanobada və indi Rusiya-Azərbaycan sərhədində iki keçid var, bir idi. İranla da iki keçid var. Yəni, bu, bizim suveren işimizdir.

Ona görə Ermənistan tərəfinə məsləhətim odur ki, burada manipulyasiyalarla məşğul olmasın. Onların Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən təklif etdiyi marşrut tamamilə yararsızdır və ilboyu o marşrutdan istifadə etmək mümkün olmayacaq. Çünki orada hava şəraiti də və relyef də çox sərtdir. Ən düzgün variant Mehri ərazisindəndir. Onsuz da sovet vaxtında oradan dəmir yolu keçirdi və avtomobil yolu da tikilirdi. Həm dəmir yolu, həm də avtomobil yolu oradan keçməlidir. 

Azərbaycandan Azərbaycana, dediyim kimi, heç bir yoxlama aparılmadan insanlar və yüklər keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir. (AZƏRTAC)



Oxşar Xəbərlər

Xəbər lenti