27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
27 sentyabr 2020-ci il tarixdə Ermənistan cəbhə xəttində genişmiqyaslı hərbi təxribatlara başladı və düşmənin hərbi təxribatının qarşısının alınması üçün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Azərbaycan Respublikası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini (822, 853, 874, 884 saylı qətnamələr) və BMT-nin sülhməramlı missiyasının sülhə məcburetmə prinsipini əsas götürərək beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı zəfər yürüşünü həyata keçirdi. Cəmi 44 gün ərzində düşmən qüdrətli ordumuzun qarşısında diz çökdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 10 noyabr 2020-ci il tarixində vidiokonfrans formatında olan görüşdə imzaladıqları birgə Üçtərəfli Bəyanat Ermənistanın təslim olmasını təsdiq edən sənədidir. Məhz bu bəyanatla Ermənistanın Qarabağda təxminən 30 il davam etmiş işğalına son qoyuldu. Bəyanatın imzalanması ilə bir sıra siyasi, diplomatik və iqtisadi uğurlar əldə edildi. Qısa müddətdə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. Bəyanatda Qarabağa heç bir status verilmədi. 132 km uzunluğunda Azərbaycan-İran Dövlət sərhəddi bərpa edildi. Artıq bu gün Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir. Bütün dünya dörd il əvvəl Azərbaycan xalqının birliyinin və həmrəyliyinin şahidi oldu. Vətən müharibənin yekununda itirilmiş ərazilər tamamilə qaytarıldı. Uzun illər davam edən münaqişə başa çatdı və torpaqlarımız işğaldan azad olundu. Həmçinin, Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsinin 2021-ci il iyunun 15-də imzalanması hər kəsə qürur dolu anlar yaşatdı. Vətən müharibəsinin başa çatmasından 3 il sonra – 2023-cü il sentyabrın 19-da cəmi bir gün davam edən Antiterror tədbirləri nəticəsində Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin qaldığı digər ərazilərimiz də tam şəkildə Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunması şərtləndirdi və bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Azərbaycan dövləti 44 günlük müharibədən sonra əldə etdiyi qələbə ilə regiondakı vəziyyəti dəyişdi. Bu gün artıq reallıq başqadır və Azərbaycan diktə edən tərəf kimi öz uğurlu diplomatik gedişlərini icra etməkdədir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.
Bu gün doğma Qarabağımızda, Şuşada, Xankəndidə üçrəngli bayrağımız dalğalanır. Xalqımız qürur dolu anlar yaşayırsa, buna görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, Azərbaycan Ordusuna, hərbçilərimizə minnətdardır. Ən əsası da qan tökülərək qazanılan tarixi Qələbə illər keçsə də hər zaman qürurla xatırlanacaq, şanlı salnamə kimi gələcək nəsillərə ötürüləcəkdir.
Şahin Seyidov
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info