Ədalətli tələb

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan Azərbaycana məxsus sərnişin təyyarəsi Rusiya səmasında "kənar müdaxiləyə" məruz qalaraq zədələnib və Aktauya uçub. Aktauda hava limanı yaxınlığında təyyarə yerə çırpılıb və 40-a yaxın adam, o cümlədən iki pilot və bir stüardessa həlak olub. Belə bir faciənin yaşanması Azərbaycan xalqını üzüntüyə qərq etmiş, ölkədə mətam elan edilmişdi. Hər kəs bu faciənin səbəbini və səbəbkarlarını arayarkən ölkəmizin başçısı, cənab Prezident İlham Əliyev öz təmkini və sarsılmaz məntiqi ilə bütün suallara aydınlıq gətirmiş oldu. Dekabrın 29-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Televiziyasına verdiyi müsahibədə bir daha suveren dövlətin rəhbəri kimi qəti mövqe sərgiləmiş oldu.
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini, yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişinlərin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmalarının, bu xüsusda, sağ qalan təyyarə bələdçilərinin və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb: “Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır”.
Qəzanın tam təfərrüatlarının araşdırılacağını qeyd edən ölkə başçısı deyib: “Bundan mənim şübhəm yoxdur. Onu da bildirməliyəm ki, Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır”.
Cənab Prezident Rusiya tərəfinin üzür istədiyini qeyd edərək bildirib ki, bununla məsələ bitmir. Dekabrın 27-də ölkəmizin tələblərinin Rusiyaya çatdırıldığını qeyd edən ölkə başçısı bildirib ki, Rusiya öz günahını etiraf etməli və “günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək.
Cənab Prezident İlham Əliyevin müsahibəsində qeyd edilən məqamlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı həmişəki kimi təmkinli, iradəli və ədalətlidir. Lakin öz haqqını müdafiə etməkdə, suveren hüquqlarını tələb etməkdə kimsə mane ola bilməz. Çünki biz kimsənin haqqını tapdamadığımız kimi, kiminsə də bizim haqqımızı tapdamasına göz yummarıq!
Arzu Miriyev
Suraxanı rayonu, 65 nömrəli məktəbin direktoru
Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti