Azərbaycan və Almaniya ilə Strateji Əməkdaşlıqda Yeni Səhifə


2025-ci il aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu səfərin əlaqələrə yeni müsbət təkan verəcəyinə əminliyini ifadə etdi.

Son illərdə Azərbaycan-Almaniya ticarət dövriyyəsində əhəmiyyətli artım müşahidə olunur. Xüsusilə, 2025-ci ilin yanvar-fevral aylarında ticarət dövriyyəsinin təxminən üç dəfə artması, Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin yüksəlməsi ilə əlaqədardır. Prezident İlham Əliyev gələcək illərdə ticarət əlaqələrinin şaxələndirilməsinin vacibliyini vurğulayaraq, bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd etdi. Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji istehsal gücünü 6 giqavata çatdırmağı planlaşdırır və bu sahədə Almaniya şirkətlərinin təcrübəsindən faydalanmaq niyyətindədir.

Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 beynəlxalq iqlim konfransı, iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli nəticələr əldə etdi. Bu tədbirdə 197 ölkədən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir. Almaniya ilə bu sahədə fəal əməkdaşlıq aparılmış və gələcəkdə də bu istiqamətdə birgə fəaliyyətlərin davam etdirilməsi planlaşdırılır.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin həlli və sülh danışıqlarının gedişi barədə məlumat verərək, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımları vurğuladı. O, beynəlxalq təşkilatların bu məsələdə yetərli fəaliyyət göstərmədiyini qeyd edərək, Azərbaycanın münaqişəni öz gücü ilə həll etdiyini bildirdi. Hazırda Ermənistanla sülhün əldə edilməsi istiqamətində mövqelərin yaxınlaşdığı və bu prosesdə Almaniyanın dəstəyinin əhəmiyyətli olduğu qeyd edildi.

Almaniya Federativ Respublikası Azərbaycanın müstəqilliyini 12 yanvar 1992-ci ildə tanımış və 20 fevral 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Azərbaycanın Almaniyadakı səfirliyi 2 sentyabr 1992-ci ildə, Almaniyanın Azərbaycandakı səfirliyi isə 22 sentyabr 1992-ci ildə açılmışdır. Bu illər ərzində siyasi dialoq, iqtisadi və humanitar sahələrdə geniş əməkdaşlıq həyata keçirilmişdir.

İki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyaya 17 rəsmi və işgüzar səfər etmiş, Almaniya Kansleri Angela Merkel isə 2018-ci ildə Azərbaycana rəsmi səfər etmişdir. Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və Almaniya Bundestaqında Almaniya-Cənubi Qafqaz parlament qrupu Azərbaycanı da əhatə edir.

Almaniya Azərbaycanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,8 milyard ABŞ dolları təşkil etmişdir. Almaniya-Azərbaycan Xarici Ticarət Palatası 2012-ci ildə Bakıda təsis edilmiş və bu, Almaniyanın Müstəqil Dövlətlər Birliyindəki ikinci xarici ticarət palatasıdır. Almaniya şirkətləri Azərbaycanda maşınqayırma, avtomobil sənayesi və digər sahələrdə fəal iştirak edirlər.

Almaniya və Azərbaycan arasında mədəni və humanitar sahələrdə də sıx əməkdaşlıq mövcuddur. Bakıda Goethe Mərkəzi və Alman Arxeologiya İnstitutunun nümayəndəliyi fəaliyyət göstərir. Alman dili bir çox məktəb və universitetlərdə tədris edilir və Alman Akademik Mübadilə Xidməti (DAAD) hər il çox sayda təqaüd proqramları təqdim edir. Bundan əlavə, Sumqayıt və Ludwigshafen, Bakı və Mainz şəhərləri arasında qardaşlaşmış şəhər əlaqələri mövcuddur

Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri, iki ölkə arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Xüsusilə iqtisadiyyat, enerji və mədəniyyət sahələrində yeni əməkdaşlıq imkanlarının araşdırılması, Azərbaycan-Almaniya münasibətlərinin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

 

İlqar Əhədov

Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti