Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli münasibətlər


 


 

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib.

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar. 

Prezidenti İlham Əliyev çıxış edərək bildirib ki, mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir.

Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir;

Keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə - Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu gün bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır;

Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır. Eyni zamanda, bu gün digər beynəlxalq məsələlər də müzakirə edildi, o cümlədən Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya-Qərb gərginliyi. Bütün bu məsələlər təbii olaraq bütün dünyaya təsir edir və səmimi fikir mübadiləsi aparmaq mənim üçün çox önəmli idi. Əminəm ki, bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir.

Sonra Almaniya Prezidenti bəyanatla çıxış edib. Prezident Frank-Valter Ştaynmayerin bəyanatı:

 Cənab Prezident, Siz ölkələrimizi birləşdirən meyarları artıq qeyd etdiniz. Beynəlxalq hüququn qorunması, dünyanın tənzimlənən əsaslarla inkişaf etməsində marağımız da bizi birləşdirir və biz gələcək nəsillərə də düzənsiz dünyanı qoyub getmək istəmirik. 2022-ci ildə Azərbaycan Almaniyada böyük rol oynayıb. Rusiyadan aldığımız qaz təchizatında dayanma baş verdiyi zaman Azərbaycan üzərinə böyük məsuliyyət götürdü və mən buna görə Sizə çox təşəkkür edirəm. Ölkənizdən keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq. 

Son illərdə cərəyan etmiş hadisələrdən sonra Cənubi Qafqaz regionunuz daha sabit bölgəyə çevriləcək. Bununla mən, cənab Prezident, Sizin toxunduğunuz bir məsələyə də münasibət bildirmək istəyirəm. Siz qonşu Ermənistan arasında sülh münasibətləri haqqında danışdınız. Bu sülh prosesinin çox böyük əhəmiyyəti var. Kənardan müşahidə edən bir şəxs kimi deyə bilərəm ki, bu, bizə böyük təəssürat bağışlayır. Yəni, son bir il ərzində çox böyük addımlar atılıb, çox böyük irəliləyişlər olub. Hər iki tərəfi bu münasibətlə təbrik edirəm ki, artıq anlaşma yaranıb. Martın 13-də bu sülh müqaviləsinin mətninin razılaşdırılması barədə bəyanat verildi. Bu müqavilə haqqında mən bu gün səhər danışanda cənab Prezidentə dedim ki, bu anlaşma ilə ümid doğuran bir an yaranıb. Bu razılaşma əldə olunduğuna görə ümid edirəm ki, vəziyyət daha da inkişaf edəcək və ondan istifadə edərək tezliklə sülh müqaviləsinin imzalanmasına gəlib çıxacaqsınız, nəhayət sizin regionunuzda əsl və davamlı sülh yaranacaq. 

Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilir.

 

Nigar Əliyeva

 

Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin biologiya müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti