"BİZ SEÇKİDƏ İŞTİRAK ETMƏKDƏ MARAQLIYDIQ"

"BİZ SEÇKİDƏ İŞTİRAK ETMƏKDƏ MARAQLIYDIQ"

 

Cəmil Həsənli: "Amma hakimiyyət qəfil seçki qərarı ilə bizi boykot haqqında qərar qəbul etməyə vadar etdi”

"Boykot qərarının ancaq bu seçkiyə dəxli var, bundan sonrakı seçkilərə dəxli yoxdur”

Artıq seçkiyə sayılı günlər qalır. Prezidentliyə namizədlər İctimai Televizya və Radioda öz platformaları ilə çıxış edirlər. Lakin namizədlərdən cəmi 1-2 nəfəri, o cümlədən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu xalqın problemlərini, dərdlərini İctimai Televiziyanın efirindən səsləndirməklə, ölkədəki problemləri, catışmamazlıqları, məmur özbaşnalıqlarını, korrupsiya hallarını ictimaiyyətin və mövcud hakimiyyətin diqqətinə çatdırır. Növbədənkənar prezident seçkilərini boykot edən təşkilatlar, yəni AXCP, Müsavat Partiyası və Milli Şura isə fərqli yol seçərək, martın 10-da və 31-də "Məhsul” stadionunda hakimiyyətə etiraz olaraq iki dəfə mitinq keçirdi. Doğrudur, bu mitinqlər müəyyən mənada xalqın etirazının göstərici olsa da, amma boykot qərarı verən qurumların bu addımı heç də nəticə verəcək kimi deyil. Maraqlıdır ki, boykot qərarı verən qurumların özləri bu mitinqlər haqda nə düşünürlər? Bu aksiyaların kütləviliyi məqsədə çatmaq üçün yetərli hesab olunurmu? Bu və digər suallara cavab almaq üçün Milli Şura sədri Cəmil Həsənli ilə söhbətləşdik:

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/quotteleviziyalar_gec-gndz_bu_millti_syrquot)

- Cəmil müəllim, seçki məsələsinə qayıdaq. Bu gün faktiki olaraq namizdələr arasında ADP sədri Sərdar Cəlaloğlu müxalifətin vahid namizədi qismində seçkidə iştirak edir. Boykotçuların ən azı hakimiyyəti ifşa etmək üçün ADP sədrinə səs verməsi daha uğurlu addım olmazmı?

- Birincisi, Sərdar Cəlaloğlu müxalifətin vahid namizədi deyil və nə qədər ki, mənə bəllidir Sərdar Cəlaloğlu heç özü də o iddiada deyil ki, o, müxalifətin vahid namizədi olsun.

- Müxalifət düşərgəsi tərəfindən qəbul olunmuş vahid namizəd olmasa da, İctimai Televiziyanın efirindən görünən stiuasiya onu deməyə əsas verir ki, müxalifətin yeganə təmsilçisidir...

- 2018-ci il 11 aprel seçkisi alternativsiz seçkidir, müxalifətsiz seçkidir. Müxalifət bu seçkilərdə iştirak etmir.

- Əslində, müxalifət boykot taktkası seçməklə qüvvələri parçalanıb. Halbuki indiki dönəmdə müxalifətin birliyinə daha çox ehtiyac var.

- Birincisi, müxalifətin birliyi üçün müxalifət olmaq lazımdır. Əgər artıq sən hakimiyyətin proyekti rolunda çıxış edirsənsə, burada hansı müxalifət birliyində iştirakdan söhbət gedə bilər?

- Boykot qərarı verməklə müsbət bir nəticə də əldə olunmur ki. Əksinə, seçkidə iştirak etməklə seçki saxtakarlıqlarını üzə çıxara bilərdiniz.

- Biz heç kəsə demirik ki, seçkidə iştirak etməsin. Amma eyni zamanda Səradar Cəlaloğlu da müxalifətin nə vahid, nə də qeyri-vahid namizədi deyil. Sərdar Cəlaloğlu öz partiyasının həmin seçkilərdə təmsilçisidir.

- Bundan sonra da parlament seçkiləri keçiriləcək. Hər dəfə müxalifətin boykot taktikası seçməklə seçkidən kənarda qalmağı, əksinə, hakimiyyətə daha yaxşı imkan verəcək...

- Əvvəla, müxalifət hər dəfə boykota getmir. Müxallifət 2013-cü ildə seçkiyə gedib. Kifayət qədər yaxşı göstəricilər göstərib, seçkini udub və bu, rəsmi mandatı olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəyində də öz əksini tapıb. Yəni seçki 58 faiz saxtalaşdırılıb. Mövcud qanunlara görə seçki saxtakarlığı 20 faizdən artıq olanda seçkinin nəticələri ləğv olunmalıdır. Sadəcə olaraq İlham Əliyev dövlətdə tutuduğu vəzifəsindən istifadə edərək, seçkiləri öz adına sənədləşdirib, heç bir halda xalqdan mandat almayıb. Ona görə də biz 2013-cü ildə seçkilərdə iştirak etmişik, müxalifətin iradəsini ortaya qoymuşuq. Beynəlxalq rəylərdə də bu əksini tapıbdır və Azərbaycan xalqı da görüb ki, biz necə iştirak etmişik.

- Cəmil Müəllim, prezidentliyə namizədlərlə bağlı fikirləriniz bəllidir. Onların hamısnın birmənalı olaraq hakimiyyətin "əlinə oynadığını” demisiniz. Namizədlərin televiziya çıxışlarından sonra bu münasibətiniz dəyişdi?

- Xeyr, heç bir dəyişiklik yoxdur. Mən əvvəl də demişəm, indi də deyirəm bu namizədlərin dairəsi İlham Əliyevin özü tərəfindən müəyyən edilib. Seçkidə heç bir müxalifətdən söhbət gedə bilməz. Ola bilər biri bir adla, o biri başqa adla qeydiyyatdan keçib.

Bayaq dedim, bizim əlimizdə ötən seçkinin nəticələri var. Bu seçkidə namizəd kimi iştirak edənlərin 4-5 nəfəri ötən seçkidə 1 faizdən aşağı səs toplayıb. Yəni siz belə hesab edirsiniz ki, bu millət o günə qalıb ki, Hafiz Hacıyevə səs versin. Axı, bu qeyri-ciddidir.

- Təbii ki, təkcə söhbət Hafiz Hacıyevdən getmir. Bayaq da qeyd etdim, namizədlər içərisində real namizəd olan Sərdar bəy var.

- Ötən seçkinin nəticələrinə görə Sərdar bəylə Hafiz Hacıyev bir-biri ilə qonşu olublar. Səhv etmirəmsə, axırdan iki yeri bölüşüblər. Sadəcə olaraq Sərdar bəyin şərəfli keçmişi var. Amma saxta yolla, toplamadığın imza ilə, hakimiyyətin imzası ilə namizəd kimi qeydiyyatdan keçib xalqın sözünü demək müxalifət olmağa əsas vermir.

- Hər halda seçkidən kənarda qalıb boykot taktikası seçməkdənsə, məncə, seçkidə iştirak etmək daha vacib idi.

- Əlbəttə, biz seçkidə iştirak etməkdə maraqlıydıq. Amma hakimiyyət qəfil seçki qərarı ilə bizi boykot haqqında qərar qəbul etməyə vadar etdi. Bir də siz mətbuat işçisisiniz. Azad mətbuat olmayan yerdə seçki olar? Mən indi sizdən bir mətbuat işçisi kimi soruşuram: azad seşkinin birinci elementi azad mətbuatdır, azad təbliğatdır. Azad mətbuat olmayan yerdə necə azad seçki keçirtmək olar?

- Başqa qəzetlər haqda bir şe deyə bilmərik, amma "Hürriyyət”də hər zaman azad sözə yer var.

- Sizin qəzetin auditoriyası yoxdur, axı.

- Niyə yoxdur, Cəmil müəllim? "Hürriyyət” 30 ilə yaxın tarixi olan bir qəzetdir.

- Bilirsən, incimə, Sərdar Cəlaloğlu mübariz bir siyasi fiqur olanda "Hürriyyət”in də adekvat olaraq ona uyğun mətbuat mühitində, cəmiyyətdə özünəməxsus yeri var idi. İndi sizin yazıları nə qədər adam oxuyur? Yəqin ki, hər yazının altında o göstərici var.

- İndi o göstərici yoxdur. Amma əvvəl göstərici olanda elə yazı olurdu 15-20 min oxunub.

- Ancaq, məsələn, Əli Kərimlinin bir çıxışına 250 min adam baxır. Sizin qəzetin yazılarına internet istifadəçilərindən 300-500 adam baxır.

- Xeyr. Elə yazı olub baxış sayı ki, 20 mini də keçib.

- O necə göstərilir, onun texnikasını mən bilirəm.

- Cəmil müəllim, seçki məsələsindən uzaqlaşdıq. Seçkidən sonra aksiyaları davam etdirəcəksinizmi, yoxsa hakimiyyətin seçki saxtakarlıqları ilə barışmaq məcburiyyətində qalacaqsınızmı?

- Ötən dəfə ilə müqayisə edirsinizsə, hakimiyyətin seçki saxtakarlığı ilə biz yox, Sərdar Cəlaloğlu barışıb. Biz 2013-cü il seçkilərindən sonra Milli Şura olaraq seçkilərin nəticələrini tanımamaq haqqında bəyanatla çıxış etmişik və bu bəyanat müxtəlif dillərdə yayılıb, müxtəlif sənədlərdə əks olunub. Amma Sərdar Cəlaloğlu ötən seçkinin nəticələrini tanıyıb. Bunu mən siz sual veridyinizə görə deyirəm. Siz sual verməsiniz, mən də bunu deməzdim.

- Amma bütün hallarda sizin boykot taktikanızın da doğru addım olmadığı ortadadır...

- Nə oldu bu qədər Milli Şuranın, Xalq Cəbhəsinin, Müsavat Partiyasının, REAL Hərəkatının içərisində sizi qədər ağlı olan adam yoxdur? Siz belə düşünürsünüz, amma ölkənin aparıcı müxalifət qurumları seçkinin boykot edilməsi və nəticələrin tanınması haqqında qərar qəbul edib. Bu sizin öz fikrinizdir. Mən təbii ki, fikrinizə hörmətlə yanaşıram. Amma belə hesab edirəm, ona görə də bu qərarlar səhvdir kimi düşünmək doğru deyil.

- Əlbəttə, biz də hər kəsin qərarına hörmətlə yanaşırıq...

- Bu qərarı təkcə Milli Şura verməyib, Xalq Cəbhəsi də, Müsavat Pariyası da, REAL Hərəkatı da verib, hətta NİDA vətəndaş təşkilatı da verib.

- O zaman ortaya belə bir sual çıxır. Bu gün boykot taktikası seçən partiyalar, təşkilatlar növbəti parlament seçkiləri zamanı da həmin addəmə atacaqlarmı?

- Axı, boykot qərarı 11 apreldə keçirilən seçkilərlə bağlı verilib. Boykot qərarı bundan sonra keçiriləcək seçkilərlə bağlı verilməyib. Boykot qərarı verilib, mövcud şərtlər daxilində İlham Əliyevin özü üçün alternativsiz seçki keçirmək cəhdlərinə etiraz əlaməti olaraq verilib. Nə vaxtsa parlament seçkiləri keçiriləcəksə, o şərtlər müzakirə olunacaq, orada iştirak edib-etməməklə bağlı müvafiq qəraq qəbul olunacaq. Bu qərarın ancaq bu seçkiyə dəxli var, bundan sonrakı seçkilərə dəxli yoxdur.

- Amma seçiləcək siyasi hakimiyyəti tanımadığınız halda, parlament seçkilərində iştirak etməyiniz məntiqə uyğun deyil.

- Siyasi hakimiyyət tək prezidentdən ibarət deyil, axı. Siyasi hakimiyyətin 3 qanadı var. Bunun biri prezidentdir, ikincisi parlamentdir, üçüncüsü də məhkəmədir. Bu, o demək deyil ki, prezident seçkilərinin nəticələrini tanımırsansa, bu, sənə imkan vermir ki, sən parlament seçkilərinə getməyəsən. Məsələn, parlament seçkilərinə mən getməyəcəyəm, amma o demək deyil ki, Milli Şuradan, ya Xalq Cəbhəsindən, ya Müsvat Partiyasından, ya da REAL-dan kimsə getməyəcək. Belə düşünmək doğru olmazdı. Siyasi cəhətdən tanımamaq ilk növbədə prezident hakimiyyətinə aiddir və bu seçkilər legitim deyil. Bu seçkilərin nəticələri tanınmayacaq və İlham Əliyevin saxta yollarla hakimiyyəti mənimsəmək cəhdlərinə qarşı bundan sonra da etirazlar olacaq. 11 apreldən sonra da aksiyalar olacaq. Yəni biz 2016/17-ci illərdə bu aksiyaları etmişik. Bu, seçki ilə bağlı deyil. Milli Şuranın aksiyaları davamlı xarakter daşıyır. 2013-cü ildən başlayaraq Milli Şura mütamadi olaraq bu aksiyaları keçirib.

- Payızda növbədənkənar, sizin təbirinizcə desək, qəfil parlament seçkilərinin də keçirilməsi barədə iddilar var. Belə olduğu halda yenə də boykot taktikasını seçəcəksiniz?

- İndi o barədə qərar vermək doğru olmaz. Növbədənkənar seçki keçirtmək olar. Çünki o saxta referendum hakimiyyətə belə bir hüququ verib, amma söhbət qəflətən seçki keçirməkdən gedir. Məsələn, indinin özündə də elan oluna bilər ki, payızda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu, ayrı şeydir. Amma seçkiyə 5 gün qalmış, artıq bütün nəticələri hazırlayıb növbədənkənar seçki haqqında sərəncam verəndə o barədə, əlbəttə, fikirləşmək lazımdır.

- Səhv etmirəmsə, fevral ayının 5-də aprel ayının 11-də növbənkənar seçkilərin keçirilcəyi elan olundu.

- 10-da seçki proses başladı. Neçə gün edir? Heç bir həftə də etmir. İki aylıq seçki prosesi var, əvvə l 4 ay idi. Seçki prosesinin başlanmasına 5 gün qalmış İlham Əliyev növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı sərəncam verdi.

- İctimaiyyət arasında tanınmış simalardan belə düşünənlər də var ki, seçkiyə gedənlər kimi, boykot qərarı verənlər də hakimiyyətin sifarişi ilə bu yolu tutublar. Bu barədə nə deyə bilərsiniz?

- Bu, bir az sərsəm iddiadır. Boykot etmək üçün hakimiyyətin sifarişini niyə rəhbər tutursan? Elə hakimiyyətlə sifariş almaq qədər münasibətin varsa, gedib seçkidə iştirak edib pay alarsan da. Məsələn, deputat mandatı alarsan. Necə ki, bəziləri iştirak edib, deputat mandatı alıb. Real müxalifət qüvvələrinin mövqeyini bu formada qiymətləndirmək bir az mövqesizlikdir.

Şamo EMİN, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}