Bu gün, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
Azərbaycan xalqı üçün dövlət suverenliyi müstəqilliyin və milli iradənin ən ali təcəssümüdür. Tarix boyu müxtəlif çətinliklər, işğallar və məhrumiyyətlər qarşısında xalqımız heç vaxt öz dövlətçilik əzmini itirməmişdir. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, “düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir”. Bu ifadə, xalqımızın müstəqilliyinə və ərazi bütövlüyünə olan sarsılmaz inamının bariz nümunəsidir.
Suverenlik – beynəlxalq hüquqda dövlətin ali hakimiyyətini və tam müstəqilliyini ifadə edən əsas anlayışdır. Suveren dövlət yalnız öz daxili və xarici siyasətini müəyyən etmək hüququna malikdir və heç bir başqa dövlətin iradəsindən asılı olmur. Azərbaycanın bu statusu əldə etməsi asan başa gəlməmişdir. 30 ildən artıq davam edən Ermənistanın hərbi təcavüzü, işğal və etnik təmizləmə siyasəti xalqımız üçün böyük sınaq oldu. Buna baxmayaraq, Azərbaycan ərazilərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişməz qaldı və müstəqillik arzusu heç vaxt sarsılmadı.
2020-ci ildə 44 günlük Vətən müharibəsi tarixi dönüş nöqtəsi oldu. Ermənistanın təxribatlarına cavab olaraq müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızın böyük hissəsini azad etdi və BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi. 2023-cü ilin aprelində Laçın nəzarət-buraxılış məntəqəsinin yaradılması və sentyabrda keçirilən antiterror əməliyyatı ilə ölkənin bütün ərazilərində suverenlik tam bərpa olundu. Cəmi bir gün davam edən bu əməliyyat nəticəsində qondarma rejim fəaliyyətini dayandırdı, Azərbaycanın konstitusiya quruluşu bərpa edildi.
Bu uğurların məntiqi davamı olaraq, Prezident cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il 20 sentyabr “Dövlət Suverenliyi Günü” kimi təsis edildi. Bu tarix yalnız 1991-ci ildə müstəqilliyin bərpasını deyil, həm də onilliklər boyu davam edən mübarizənin qalibiyyətlə başa çatmasını təcəssüm etdirir. Həmçinin, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi müasir dövlətçilik tariximizdə suverenliyin əhəmiyyətini bir daha ön plana çıxarır.
Dövlət suverenliyinin qorunması yalnız hərbi və siyasi zəfərlərlə deyil, həm də milli birliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın davamlılığı və hüquqi islahatlarla sıx bağlıdır. Suveren Azərbaycan bu gün regional təhlükəsizliyin təminatçısı, beynəlxalq əməkdaşlığın fəal iştirakçısı və müasir dövlət quruculuğunun nümunəsi kimi çıxış edir. Gələcək nəsillərə bu dəyərləri ötürmək və suverenliyin əbədiliyini təmin etmək hər bir azərbaycanlının müqəddəs borcudur.
Bu gün Azərbaycan tam suverenlik şəraitində iqtisadi yüksəlişini və daxili sabitliyini möhkəmləndirir. Dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi gələcək inkişafın, milli birliyin və beynəlxalq nüfuzun əsas dayağıdır. 20 Sentyabr – Dövlət Suverenliyi Günü, bu dəyərlərin nəsillər boyu yaşadılmasının, xalqımızın öz taleyinə sahib çıxmasının rəmzidir.
Esmira Omarova
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi
Sozcu.info