TDT və Azərbaycan Diplomatiyası: Qlobal Arenada Güclənən Türk Dünyası

7 oktyabr 2025-ci il tarixində Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü, Prezident cənab İlham Əliyevin çıxışı çərçivəsində Türk dünyasının birliyi, Azərbaycanın uğurlu siyasəti və regionun gələcək perspektivləri baxımından mühüm əhəmiyyət kəsb etdi. Prezident cənab İlham Əliyev çıxışına təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasını qeyd etməklə başladı. O, TDT-yə uğurla sədrlik etmiş Qırğız Respublikasına təşəkkürünü bildirdi və Azərbaycanın Katibliyə köçürülən 2 milyon ABŞ dolları məbləğində ianəsinin təşkilatın fəaliyyətinə verdiyi dəstəyin əhəmiyyətini vurğuladı.

         Prezident cənab İlham Əliyev çıxışında TDT-nin yalnız əməkdaşlıq platforması olmadığını, eyni zamanda ciddi geosiyasi mərkəz kimi formalaşdığını diqqətə çatdırdı. Ortaq tarixi və etnik köklər, milli-mənəvi dəyərlər və ortaq mədəniyyətin Türk dünyasını bir ailə kimi birləşdirdiyi qeyd edildi. Bu birlik, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji təməllər üzərində inkişaf etdirilmiş və Prezident cənab İlham Əliyev tərəfindən uğurla möhkəmləndirilmişdir.

         Sonrakı mərhələdə Prezident cənab İlham Əliyev Azərbaycanın regional təhlükəsizlik və sülh sahəsindəki uğurlarına toxundu. 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi zəfər, 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası, həm milli iradənin təntənəsi, həm də regionda ədalət və sabitliyin təminatı kimi qiymətləndirildi. Vaşinqton Zirvəsi çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması isə Prezident cənab İlham Əliyevin diplomatiya sahəsindəki uğurlarının əyani göstəricisidir.

        TDT-nin qeyri-rəsmi Zirvə Görüşlərinə də toxunan Prezident cənab İlham Əliyev, Şuşada və Budapeştdə keçirilmiş görüşlərin təşkilatın vahid güc mərkəzi kimi fəaliyyətini gücləndirdiyini vurğuladı. Bu çərçivədə hərbi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın vacibliyi qeyd edildi. Xüsusilə Türkiyə ilə birlikdə həyata keçirilmiş 25-dən çox ikitərəfli və çoxmillətli hərbi təlimlər, təşkilatın regional mövqeyini gücləndirir. Prezident cənab İlham Əliyev 2026-cı ildə Azərbaycanda TDT üzv ölkələrinin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi.

        Prezident cənab İlham Əliyev çıxışında TDT üzvlərinin azad olunmuş torpaqlarda həyata keçirdikləri layihələrə də geniş toxundu. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Ağdamda Manas adına məktəb, Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzi, Cəbrayılda Macar qardaşlarımızın hədiyyəsi ilə tikilən məktəb və Füzulidə Türkmən qardaşlarımızın dəstəyi ilə tikilən məscid, həm regionun sosial və mədəni inkişafına, həm də xalqlarımız arasında qardaşlığın möhkəmlənməsinə xidmət edir. Bu layihələr Ulu Öndər Heydər Əliyevin təhsil və mədəniyyət sahəsində qoyduğu uğurlu təməlin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini göstərir.

        Prezident cənab İlham Əliyev həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar, sosial və mədəni sahələrdəki xidmətlərini vurğuladı. Onun təşəbbüsü ilə azad olunmuş torpaqlarda həyata keçirilən layihələr yalnız fiziki infrastruktur yaratmır, həm də davamlı sülh və xalqlar arasında dostluğu təmin edir.

Azərbaycanın iqtisadi və enerji sahəsindəki uğurları da Prezident cənab İlham Əliyevin çıxışında xüsusi qeyd olundu. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində fəal iştirak, Zəngəzur dəhlizinin açılması, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Ticarət Limanı və regionun ən böyük yükdaşıma aviaşirkəti Azərbaycanın strateji üstünlüklərini möhkəmləndirir. Azərbaycan enerji sektorunda strateji tərəfdaş kimi çıxış edir, 14 ölkəyə təbii qaz ixrac edir və 2030-cu ilə qədər enerji istehsalının 40%-i bərpaolunan enerji mənbələrindən təmin ediləcək.

         Prezident cənab İlham Əliyev çıxışını Türk dünyasının mədəni və tarixi irsini vurğulayaraq yekunlaşdırdı. 1926-cı ildə Bakıda keçirilmiş birinci Türkoloji Qurultayın 100 illik yubileyinin TDT çərçivəsində qeyd olunması təklifi, Türk dünyasının birliyinin möhkəmlənməsinə və mədəni irsin qorunmasına xidmət edir.

        Beləliklə, Prezident cənab İlham Əliyevin xronoloji ardıcıllıqla təqdim etdiyi çıxışı göstərir ki, Azərbaycan TDT çərçivəsində lider mövqeyini qoruyur, işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən layihələr Türk dünyasında qardaşlığı möhkəmləndirir, regionda sülh, təhlükəsizlik və davamlı inkişafı təmin edir. Bu uğurlar həm ölkəmizin, həm də Türk dünyasının gələcək perspektivləri üçün strateji əhəmiyyət daşıyır və Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin, Ulu Öndər Heydər Əliyev irsinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar fəaliyyətinin birgə nəticəsidir.

 

Həqiqət Məmmədova  

Yeni Suraxanı bələdiyyəsinin sədri                                

 Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti