17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
7 oktyabr 2025-ci il tarixində Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident cənab İlham Əliyev çıxış edərək, Azərbaycanın uğurlu siyasəti və Türk dünyasının gələcək perspektivləri barədə ətraflı məlumat verdi. Prezident cənab İlham Əliyev çıxışına TDT-nin beynəlxalq səviyyədə nüfuzunun artmasını vurğulayaraq başladı. Qırğız Respublikasına təşəkkürünü bildirdi, Azərbaycan tərəfindən Katibliyə köçürülən 2 milyon ABŞ dolları məbləğində ianənin təşkilatın fəaliyyətini gücləndirdiyini qeyd etdi.
Prezident cənab İlham Əliyev çıxışında təşkilatın yalnız əməkdaşlıq platforması olmadığını, eyni zamanda ciddi geosiyasi mərkəz kimi formalaşdığını qeyd etdi. Ortaq tarixi və etnik köklər, milli-mənəvi dəyərlər və ortaq mədəniyyətin Türk dünyasını bir ailə kimi birləşdirdiyi vurğulandı. Bu birlik və əməkdaşlıq, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş strateji təməl üzərində inkişaf etdirilmiş, Prezident cənab İlham Əliyev tərəfindən daha da möhkəmləndirilmişdir.
Sonrakı mərhələdə Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın təhlükəsizlik və inkişaf sahəsindəki uğurlarına toxundu. 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası, həm milli iradənin təntənəsi, həm də regionda ədalət, sabitlik və sülhün təminatı kimi dəyərləndirildi. Prezident cənab İlham Əliyev xatırlatdı ki, Vaşinqton Zirvəsi çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması, keçmiş münaqişənin qalıqlarının aradan qaldırılmasına xidmət etmişdir.
Prezident cənab İlham Əliyev çıxışında Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşlərinə də toxundu. Şuşada və Budapeştdə keçirilmiş görüşlərin təşkilatın vahid güc mərkəzi kimi fəaliyyətini gücləndirdiyini qeyd etdi. Bu çərçivədə TDT üzv ölkələri ilə hərbi, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın vacibliyi vurğulandı. Prezident cənab İlham Əliyev 2026-cı ildə Azərbaycanda TDT üzv ölkələrinin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi.
Təhsil, mədəniyyət və dini sahələrdəki əməkdaşlıq da Prezident cənab İlham Əliyev çıxışında xronoloji ardıcıllıqla qeyd olundu. İşğaldan azad olunmuş torpaqlarda TDT üzvlərinin dəstəyi ilə həyata keçirilmiş layihələr – Füzulidə Mirzə Uluqbəy adına məktəb, Ağdamda Manas adına məktəb, Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzi, Cəbrayılda Macar qardaşlarımızın hədiyyəsi ilə tikilən məktəb və Füzulidə Türkmən qardaşlarımızın dəstəyi ilə tikilən məscid – regionda qardaşlığın və davamlı inkişafın praktiki göstəricisidir. Bu layihələr həmçinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsilin və mədəniyyətin inkişafı təməlini davam etdirir.
Prezident cənab İlham Əliyev çıxışında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar, sosial və mədəni sahələrdəki xidmətlərini də qeyd etdi. Onun təşəbbüsü ilə azad olunmuş torpaqlarda həyata keçirilən layihələr yalnız infrastruktur deyil, eyni zamanda xalqlar arasında dostluğu, sabitliyi və davamlı sülhü təmin edir.
Prezident cənab İlham Əliyev çıxışının son hissəsində Azərbaycan iqtisadiyyatının və enerji sektorunun uğurlarını vurğuladı. Ölkəmizin nəqliyyat-logistika sahəsindəki imkanları, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində fəal iştirakı və Zəngəzur dəhlizinin açılması iqtisadi inteqrasiyanın möhkəmlənməsinə xidmət edir. Azərbaycan enerji sahəsində strateji tərəfdaş kimi çıxış edir, 14 ölkəyə təbii qaz ixrac edir və 2030-cu ilə qədər enerji istehsalının 40%-i bərpaolunan enerji mənbələrindən təmin olunacaq.
Prezident cənab İlham Əliyev yekun olaraq vurğuladı ki, gələcəkdə TDT-nin 100 illik Türkoloji Qurultay yubileyinin təntənəli şəkildə qeyd olunması, Türk dünyasının ortaq mədəni və tarixi irsinin qorunmasına və təşviqinə xidmət edəcək. Bu təşəbbüs, həm Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin, həm də Ulu Öndər Heydər Əliyev irsinin uğurlu davamı və Mehriban xanım Əliyevanın humanitar fəaliyyətinin birgə nəticəsidir.
Beləliklə, Prezident cənab İlham Əliyevin xronoloji ardıcıllıqla təqdim etdiyi çıxışı göstərir ki, Azərbaycan TDT çərçivəsində lider mövqeyini qoruyur, işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən layihələr Türk dünyasında qardaşlığı möhkəmləndirir, regionda sülh, təhlükəsizlik və davamlı inkişafı təmin edir. Bu uğurlar həm ölkəmizin, həm də Türk dünyasının gələcək perspektivləri üçün strateji əhəmiyyət daşıyır.
Huseynqulu Quliyev
Suraxanı RİHB-nin Yeni Suraxanı inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Sozcu.info