Dünən, 11:11
Dünən, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
31-10-2025, 14:12
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində müstəqil Azərbaycan dövləti qurulmuş və möhkəmlənmişdir. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin möhkəm hüquqi təməlini formalaşdırmışdır. Məhz bu əsaslar üzərində qurulan dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl, qətiyyətli və uğurla davam etdirilir.
Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Bu humanist yanaşma ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da öz əksini tapır.
Suverenliyimizin tam bərpası, Konstitusiyamızın ali hüquqi qüvvəsinin Azərbaycan Respublikasının bütün ərazilərində bərqərar olunması xalqımızın ən böyük tarixi nailiyyətlərindəndir. Bu mühüm tarixi mərhələni nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq Prezident İlham Əliyev 15 dekabr 2025-ci il tarixində amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış etmişdir.
Amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərə, bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərə, habelə qadınlara, 60 yaşına çatmış şəxslərə, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara və digər kateqoriyalara amnistiyanın şamil olunması nəzərdə tutulur.
Bununla yanaşı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə, eləcə də ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin azaldılması planlaşdırılır.
Qeyd olunmalıdır ki, bu amnistiya aktı müstəqil Azərbaycanın tarixində miqyasına görə ən böyük amnistiya olacaq. İlkin proqnozlara əsasən, amnistiya aktı ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək. Onlardan 5 mindən artıq məhkum azadlıqdan məhrumetmə cəzasından azad ediləcək, 3 mindən çox şəxsin cəzası azaldılacaq, 7 mindən artıq şəxs azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxs digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan azad ediləcək, mindən çox şəxs isə cinayət məsuliyyətindən azad olunacaq.
Ümumilikdə 1995-ci ildən etibarən ölkəmizdə 12 amnistiya aktı qəbul edilib və bu aktlar 130 mindən artıq şəxsə şamil olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan edilmiş amnistiya aktı 17 mindən artıq şəxsə aid edilib.
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995–2003-cü illərdə 32 əfv fərmanı imzalanmış, həmin dövrdə 7 amnistiya aktı qəbul edilmişdir. Prezident İlham Əliyev tərəfindən isə 2003–2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanmış, 5 amnistiya aktı qəbul olunmuşdur. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10 162 məhkum əfv edilib ki, onlardan 7 060 nəfəri Prezident İlham Əliyevin imzaladığı sənədlərlə azadlığa buraxılıb.
Bundan əlavə, Milli Məclisin deputatı olduğu dövrdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilmişdir.
Prezident İlham Əliyevin bu təşəbbüsü Azərbaycan dövlətinin humanist mahiyyətini, güclü və ədalətli dövlətçilik ənənələrinə sadiqliyini bir daha nümayiş etdirir.