Ukraynada evi bombalanan azərbaycanlılara kim kompensasiya ödəyəcək? - Açıqlama

Ukrayna və Rusiya arasında müharibə davam edir. Hər gün ölkənin müxtəlif əraziləri bombardman edilir. Bu səbəbdən insanlar yaşadıqları ərazini tərk etmək məcburiyyətində qalırlar. Onların arasında minlərlə həmvətənimiz də var. Təxliyə olunanlar öz mal-mülkini qoyub gedirlər. On minlərlə insan illərlə qazandığı var-dövləti bir anda itirir. Bu adamlara dəyən maddi və mənəvi zərərə görə gələcəkdə yerli hökumət tərəfindən kompensasiya ödəniləcəkmi?
İqtisadçı-ekspert Akif Nəsirli Sozcu.info-ya açıqlamasında deyib ki, azərbaycanlıların Ukraynadakı əmlakına görə Azərbaycan hökuməti hüquqi cavabdehlik daşımır:
“Hökumət humanizm nümunəsi göstərib öz vətəndaşına və ya Azərbaycan vətəndaşı olmayan orada yaşayan azərbaycanlılara yardım edə bilər. Lakin buna da kompensasiya demək olmaz. Ümumiyyətlə, Azərbaycan hökumətinin üzərinə kompensasiya öhdəliyi düşmür. Çünki ora Azərbaycan məkanı deyil. Vətəndaşları da Azərbaycan hökuməti göndərməyib”.
Ekspertin sözlərinə görə, dəymiş zərəri ödəmə öhdəliyi Rusiyanın üzərinə düşür:
“Sadəcə dövlət xətt ilə göndərilən tələbələrə dəymiş ziyan Azərbaycan hökuməti tərəfindən ödənilə bilər. Ukraynada insanlara dəymiş zərəri ödəmə öhdəliyi Rusiyanın üzərinə düşür. Beynəlxalq hüquq normalarına görə qayda belədir. Bu istiqamətdə Ukrayna hökuməti işlər görür. Artıq Haaqa Məhkəməsinə müraciət edilib. Müraciət 4 gün bundan əvvəl qeydiyyatdan keçib. Haaqa Məhkəməsi vətəndaşların müraciətinə 1 ay sonra baxıb, qərar çıxara bilir. Lakin əminəm ki, Ukrayna ilə bağlı məsələlər operativ şəkildə həyata keçiriləcək”.


Oxşar Xəbərlər

Xəbər lenti