Kovid-19 peyvəndi vurduranlar təzminat hüququ qazandılar


Təqaüd alacaqlar, müalicə xərcləri ödəniləcək və s.

Hurriyyet.az “Döyçe Velle” nəşrinə istinadla xəbər verir ki, Almaniyada korona peyvəndi edildikdən sonra ağır yan təsirlərə məruz qalan 253 nəfərə dövlət təzminat ödəyəcəkdir. Bundan əlavə, minlərlə (3968) şikayət ərizəsinə baxılır, 808 müraciətə isə rədd cavabı verilib.

Robert Kox İnsitutunun məlumatına görə, 2023-cü il yanvarın 1-nə qədər Almaniyada 192 milyon ədəd koronavirus peyvəndi vurulub, 65 milyon nəfər azı bir dəfə peyvənd edilib.

Ürək əzələlərinin iltihabı, venoz boşluq trombozu, barmaqlarda və biləklərdə keyimə kimi özünü göstərən sinir sistemi xəstəliyi olan “Qiyen Barre sindromu” koronavirus peyvəndinin ciddi yan təsirləri hesab olunur.

Almaniya mətbuatının yazdığına görə, az da olsa, bəzi hallarda koronavirus peyvəndinin ölümlərə səbəb olduğu səlahiyyətli orqanlar tərəfindən qəbul edilib.

Peyvəndin səbəb olduğu yan təsirlərdən zərər çəkən şəxslərə dövlət tərəfindən dəstək verilib-verilməyəcəyi qərarı əyalətlərin müvafiq dövlət idarələri tərəfindən verilir. Almaniya Federal Tibb Təhsili Mərkəzi “uzunmüddətli sağlamlıq problemləri və yaxud iqtisadi çətinliklərə səbəb olan” çox ciddi peyvənd fəsadları üçün dövlət dəstəyi tələbini təsdiq edir. Səhhətinin nə dərəcədə ağır olmasından asılı olaraq, bu dəstəyə təqaüd verilməsi, müalicə xərclərinin ödənilməsi və ya peyvənd zamanı ağırlaşmalar nəticəsində dünyasını dəyişən insanların yaxınlarına dəstək verilməsi daxildir.

Qeyd edək ki, koronavirus keçirənlərin bir çoxunda da sağaldıqdan sonra “Qiyen Barre” sindromu müşahidə olunub.



Oxşar Xəbərlər

Xəbər lenti