27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Prezidentin digər Sərəncamına əsasən isə Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərlərinin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Sozcu.info xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a danışıb. Ekspert müəllimlərin əmək haqlarından vergi tutulması qaydasının da ləğv edilməsinin zəruri olduğunu deyib: “Azərbaycanın orta məktəblərində indi 140 min müəllim var. Onların 11 mini həm də məktəb direktoru və ya direktor müavini kimi inzibati vəzifələrdə çalışır. Yerdə qalan 129 min müəllimdən 4 min 439 nəfərinin - bütün müəllimlərin təxminən 4 faizinin həftəlik dərs yükü 6 saatdan azdır. Dərs saatlarının bu qədər az olması, təbii ki, həmin müəllimlərin maaşının da cüzi olmasına gətirib çıxarır. Mövcud qaydalara görə, həftəlik dərs yükü 6 saatadək olan 4 mindən çox müəllimin orta aylıq maaşı cəmi 175 manatdır.
Həftəlik dərs yükü 6-12 saat arası dəyişən müəllimlərin də sayı yetərincə çoxdur. Belə ki, ölkədəki müəllimlərin 14 faizinin - 18 min 530 müəllimin dərs yükü 6-12 saat arasında dəyişir. Bu qrupa daxil müəllimlərin vergilər çıxılmadan əldə etdikləri orta əməkhaqqı, az qala, minimum maaş səviyyəsində - 345 manatdır.
31 min 116 müəllimin - bütün müəllimlərin təxminən 24 faizinin həftəlik dərs yükü 12-18 saat arasında dəyişir. Bu qrupa daxil olan orta məktəb müəllimlərinin orta aylıq maaşı 590 manatdır. Müəllimlər arasında dərs yükü baxımından ən böyük qrup həftədə 18-24 saat dərsi olanlardır. Sonuncu dərs ilində 40 min 209 müəllimin həftəlik dərs yükü məhz bu aralıqdadır. Bu, məktəblərdəki bütün müəllimlərin 31 faizi deməkdir. Həmin qrupdakı müəllimlərin orta aylıq maaşı 840 manatdır.
Ən çox dərs yükünə - həftədə 24 saatdan çox dərs yükünə malik müəllimlərin sayı isə 34 min 382 nəfərdir. Belə müəllimlər ölkədəki bütün müəllimlərin 27 faizidir. Deməli, Azərbaycanda təxminən hər dörd müəllimdən cəmi birinin həftəlik dərs yükü 24 saatdan çoxdur. Bu qrupa daxil müəllimlərin orta aylıq maaşı 1210 manatdır.
Hesab edirəm ki, müəllimlərin əmək haqlarından vergi tutulması qaydası ləğv edilməlidir ki, onlar artımı daha yaxşı hiss edə bilsinlər".