Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır



Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun əvəzsiz xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün möhkəm bünövrə yaratdı.

Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib. Azərbaycan Ordusunun formalaşdırılması sahəsində Heydər Əliyevin tarixi fəaliyyyətinin ilk addımları Naxçıvanda atıldı. Ulu Öndərin bu dövrdəki fəaliyyəti bir daha göstərdi ki, məsqədyönlü və milli maraqları qoruyan siyasət yeridilməsi nəticəsində xalqın milli maraqlar ətrafında birləşdirilməsi, həmrəyliyin təmin edilməsi və ən mürəkkəb vəziyyətləri uğurla mübarizəni həyata keçirmək mümkündür. Heydər Əliyev uzaqgörən siyasəti və peşəkar təşkilatçılıq səriştəsi ilə həm Naxçıvanın erməni təcavüzündən müdafiəsini, həm də burada milli hərbi hissənin sağlam əsaslar üzərində formalaşmasını təmin etdi və bununla da respublikanın iqtidarında olan qüvvələrə də dövlətçilik nümunəsi göstərdi. Ordu quruculuğunun səmərəliliyinə nail olunmasının başlıca şərtlərindən birini Heydər Əliyev xalqın qüvvəsinə arxalanmaqda, xalqla vəhdətdə görürdü. O, xalqın gücü qarşısında hər cür qüvvənin sönük olduğunu təsdiq edir və öz fəaliyyətinə də ən böyük dəstəyi xalqın etibarında və etimadında görürdü. Ölkə həyatının ən böyük problemlərinin həllində də o, məhz xalqın gücünə arxalanırdı və ölkə həyatının mürəkkəb anlarında da xalqı ayağa qaldırmağı və milli mənafelər ətrafında onu səfərbər etməyi bacarırdı.

Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərinə qoyulmasının və qısa müddət ərzində yeni ordunun formalaşdırılmasının başlıca şərtlərindən biri də məhz Heydər Əliyev tərəfindən bütün xalqın bu prosesə cəlb edilməsi idi. Ölkədə mövcud olan ən müxtəlif mürəkkəbliklər arasından Heydər Əliyevin müstəsna fəaliyyəti ilə respublikanın siyasi böhran və girdabdan çıxarılması adi baxışdan inanılması bir qədər çətin olan bir möcüzəyə oxşayırsa, ordunun böhrandan çıxarılması həmin möcüzənin təkrarı idi. Bu sahədə mövcud olan çatışmazlıqlar çox idi və müəyyən hallarda qeyri-adekvat tədbirlərin həyata keçirilməsi zərurəti də son dərəcə aktual idi. Heydər Əliyev bu sahədə də uğurlu bir mexanizm yaratdı, Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaratdı, ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı və Azərbaycan Ordusunu da Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirdi.

Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini məmnunluqla qeyd edirdi. 1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı.

Ümummilli Liderin təşəbbüsü ilə reallaşdırılan tədbirlər nəticəsində xalqın mübarizlik, dönməzlik əzmi orduya da sirayət etdi, şəxsi heyətin mənəvi əhval-ruhiyyəsi kifayət qədər sağlamlaşdırıldı, yeni-yeni ehtiyat hissələr təşkil edilərək cəbhəyə göndərildi, döyüşçülərin və onların ailələrinin sosial qayğı ilə əhatə edilməsində canlanma yarandı. İstər səfərbərlik işindəki, istərsə də bütövlükdə ordu quruculuğundakı nöqsanların aradan qaldırılmasında kadrların tərbiyələndirilməsi, seçilməsi, yerləşdirilməsi Heydər Əliyevə görə böyük əhəmiyyət kəsb edən məsələlərdən biri idi. O, dəfələrlə hərbi hissələrə səfər etdi, hərbi hissələrin xidmət həyatı ilə yaxından tanış oldu, əsgər və zabitlərin qayğıları ilə maraqlandı. Heydər Əliyev peşəkarlıqla bərabər, mənəviyyat saflığını, əqidə bütövlüyünü, vəzifə borcuna sadiqliyi zabit kadrlarının başlıca keyfiyyətləri hesab edir və buna nail olunmasını da ordu quruculuğunun ümdə vəzifələrindən biri sayırdı. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan ulu öndər Heydər Əliyev müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi, bu prosesin siyasətini çox böyük incəlik və dəqiqliklə müəyyənləşdirdi, onun icrasında məqsədyönlü bir çeviklik nümayiş etdirdi.

Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatları həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət alıb. Vətən müharibəsindən sonra dövlət başçısının göstərişilə Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılıb və komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Beləliklə, dövlətimizin hərbi qüvələrinin döyüş qabiliyyəti əhəmiyyətli dərəcədə artırılır.

Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yenilməz döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır.

 

Aygün Abbasova

Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti