Qızılca 4 yaşlı uşağın canını aldı, rayonlarda yoluxmalar artır- karantin elan olunacaqmı?


Bir aydan çoxdur ki, Azərbaycanda qızılca virusu yayılmağa başlayıb. Zaqatala və Kürdəmirdə yayılan qızılca digər rayonlara və uşaqlardan böyüklərə keçib. Cəlilabadda 10 universitet tələbəsi də qızılcaya yoluxub. Hazırda müalicələri davam etdirilir. Kürdəmirdə isə qızılcaya yoluxanlardan biri, 4 yaşlı uşaq vəfat edib. Belə ki, xeyli vaxtdır qızılcaya yoluxan və hərarəti düşməyən rayonun Qağacılı kənd sakini, 2019-cu il təvəllüdlü Rüfət Qəribli xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

Bildirilib ki, R.Qəriblinin valideynləri son günlər bir neçə dəfə onu xəstəxanaya aparıblar və ev şəraitində müalicə olunub. Hazırda Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qızılcaya yoluxmuş 9 uşağın stasionar şəraitdə müalicəsi davam etdirilir.

Göründüyü kimi, son bir ayın nəticəsi onu deməyə əsas verir ki, qızılca da  koronovirus kimi təhlükəli ola bilər. Hətta daha ciddi ağırlaşmalara səbəb ola bilər.

Bəs görəsən qızılcanın qarşısı necə alınmalıdır, karantin elan edilməlidirmi? Yaxud məktəblər və ya universitetlər bağlanmalıdırmı?

Tanınmış həkim, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a bildirib ki, qızılca hava-damcı yolu ilə keçir: “Xəstəliyə yoluxan şəxs bir daha xəstələnmir. Onda anadangəlmə immunitet yaranır. Amma xəstəlik özü təhlükəlidir. Zamanında qızılcadan, göy öskürəkdən, skarlatinadan, difteriyadan kütləvi uşaq tələfatları olurdu. Amma sonradan peyvəndlər peyda olandan sonra bunun qarşısı alındı. Bu gün hər ölkədə Ümumdünya Səhiyyə Təşkilatının təsdiq etdiyi milli peyvənd təqvimi var. Milli peyvənd təqviminə əsasən uşaqlar konkret yaşlarda peyvənd olunmalıdırlar. Təəssüflər olsun ki, son vaxtlar valideynlər uşaqları vaksinasiyadan yayındırırlar. Bu, çox neqativ tendensiyadır və bunun qarşısı alınmalıdır. Bu, acı nəticələr verə bilər”.

Həkim əlavə edib ki, qızılca ocaqlarının əmələ gəlməsi daha çox bağlıdır: “Çünki vaksin olunan şəxs də xəstələnə bilər. Onlarda bu xəstəlik ağır nəticələnmir. Hesab edirəm ki, vaksinasiyaya məsuliyyətlə yanaşmaq lazımdır. Uşağı peyvənd etdirməyən valideyn məsuliyyət daşıyır. Poliklinikalara nəzarət etmək lazımdır. Bu nəzarət demək olar ki, aradan qalxıb. Ona görə də bu vəziyyət yaranıb”.

 




Oxşar Xəbərlər

Xəbər lenti