“AZƏRBAYCANA QAZANC XATİRİNƏ GƏLMİRƏM” - PROFESSOR VAQİF RƏHMANOV

“AZƏRBAYCANA QAZANC XATİRİNƏ GƏLMİRƏM” - PROFESSOR VAQİF RƏHMANOV

 

"Bura öz xalqımın övladlarını müalicə etmək üçün gəlirəm və bunu özümə borc bilirəm”

"Xəstəliyin ən yaxşı dərmanı xəstəlikdən azad olmağı həddən artıq arzulamaqdır”

"Təbiət insanı öz səhlənkarlığına görə cəzalandırırsa, onun sağalması üçün də imkan verir”

"Xəstəliyin ən yaxşı dərmanı xəstəlikdən azad olmağı həddən artıq arzulamaqdır”. Bu fikir Ukraynada yaşayan həmyerlimiz, dünya şöhrətli həkim, professor, psixoloq, neyropsixoloq, psixiatr, psixoterapevt, psixofizioloq Vaqif Məmməd oğlu Rəhmanova aiddir.

Vaqif Rəhmanov təkcə Ukraynada, Rusiyada deyil, bütün Avropada , bütün dünyada yenilikçi-pisxoterapevt mütəxəssis kimi tanınır - desək, zənnimizcə, yanılmarıq. O, fenomen alim və nadir şəxsiyyətdir.

Minlərlə eşitməyən, danışmayan, sinirləri gərginləşmiş, həyatdan əlini üzən, iradəsi zəifləyən xəstələrə sağlamlıq bəxş edən Vaqif Rəhmanovun müalicə seansları olduqca canlı, gur və nikbin ovqatla keçir. Onun kütləvi hipnoz metodu insanları heyrətə gətirsə də, onlar heç bir aldanış hiss etmədən müalicə olunurlar. O, seanslar zamanı aptek dərmanlarından demək olar ki, istifadə etmir, xəstələrini yalnız iynə batırma, harmonik musiqi, əl hərəkətləri, bioenerji və sözün sehrli qüvvəsi ilə müalicə edir.

Vaqif həkimin fikrincə, "xəstəliyin ən yaxşı dərmanı –xəstəlikdən azad olmağı həddən artıq arzulamaqdır.”

1978-ci ildən Ukraynada yaşayan Vaqif Rəhmanov Azərbaycan Dövlət Tibb Universitetinin məzunudur. 1994-cü ildə Sankt-Peterburq şəhərində doktorluq dissertasiyasını müdafiə edib, eyni zamanda üç ixtisas üzrə elmlər doktoru adına layiq görülüb.

Çağdaş Azərbaycanın dünyada tanınan, az sayda elm adamlarından olan Vaqif Rəhmanov 300-dən artıq elmi əsərin, 8 metodik tövsiyənin, 8 kəşfin, 30 səmərələşdirici təklifin müəllifidir. Beynəlxalq Kadrlar Akademiyasının fəxri professoru, Ukrayna Ali Təhsil Akademiyasının akademiki, Dnepropetrovsk Dövlət Universitetinin ümumi və Tibbi Psixologiya kafedrasının professorudur.

Professor V.Rəhmanov qeyri-medikamentoz terapiyanın işlənib hazırlanmasına görə Moskvada Ümumittifaq sərgisində qızıl medala, N.İ.Piroqov və Yaroslav Mudrıy ordenlərinə, Almaniya Hematoloji Assosiasiyasının H.V. Leybnits medalına, İrlandiyanın Sokrat adına Milli komitəsinin "Elm naminə” (The Name in Scence) fəxri mükafatına layiq görülüb. 2013-cü ilin dekabrında Ukrayna dövlət başçısının sərəncamı ilə "Ukraynanın əməkdar həkimi” fəxri adını alıb.

Yenilikçi həkim Rəhmanovu Ukraynada çox sevirlər. Ukrayna televiziyası professorun möcüzələri barədə sujetlər təqdim edir, radio kanalları verlişlər hazırlayır, gündəlik və həftəlik nəşrlər, jurnallar fəxri doktor haqda məqalələr dərc edir.

Vaqif müəllimin Moskva şəhərində klinikası fəaliyyət göstərir. Görkəmli professor ayda iki dəfə yolunu Rusiyanın paytaxtından salır, müalicəyə ehtiyacı olan xəstələrə həyat və yaşamaq eşqi bəxş edir.

Vaqif Rəhmanov pedaqoji fəaliyyətlə də məşğul olur. Onun keçmiş tələbələri arasında adlı-sanlı həkimlər, alimlər var.

Nevroloji xəstəliklərlə bağlı professora müraciət edən, onun qəbuluna düşmək üçün Ukraynaya səfər edən soydaşlarımızın öz vətənlərində rahat müalicəsini təmin etmək məqsədilə

"Avrasiya” hospitalının direktoru Asiman Həsənovun hospitalın nəzdində Psixonevroloji Reabilitasiya Mərkəzi açıb, ildə iki dəfə professor yerli xəstələri müayinə və müalicə etmək üçün bu mərkəzə gəlir.

Biz də Vaqif müəllimlə məhz həmin mərkəzdə görüşüb söhbətləşdik. Həmin söhbəti oxucularımıza təqdim edirik.

- Xoş gördük, professor. Son illər bütün dünyada dərman terapiyasından daha çox ənənəvi tibbə üstünlük verilir. Bu, bildiyimiz köhnə, ənənəvi terapiyaya inamsızlıqdan irəli gəlir, yoxsa bunun hansısa başqa səbəbləri var?

- Mən belə deməzdim. Həkimlərin bir qismi ancaq dərman müalicəsinin effektivliyinə inanır, diğər qismi isə, əksinə dərmanların müalicəvi əhəmiyyətinə inanmır. Təəssüf ki, dərman müalicəsinə üstünlük verən həkimlər üstünlük təşkil edir. Bir müddət sonra isə ana görür ki, bu müalicə övladına kömək etmir və həkimdən xəbərsiz dərman müalicəsini dayandırır. İnanın ki, 100 xəstəmdən 70-80-i dərman müalicəsi alanlardır.

Rusiyadan olan bir xəstəm var, adı Leyladır, ailə İrkutskda yaşayır, amma müalicə olunmaq üçün övladlarını Moskvaya gətiriblər, həkim dərman müalicəsi təyin edib, özü də "at dozası”nda. Uşağı yanıma gətirəndə çox aqressiv və hiperaktiv idi. Uzanmırdı, yatmırdı, adamları dişləyirdi, anasını elə vurmuşdu ki, gözünün altı qaralmışdı. Mən həmin uşağı sağaltdım. Məndən sonra ananı kimsə aldadıb, bu xəstəliyin Çində müalicə olunduğuna inandırıb, o da qızı ilə birgə Çinə yollanıb. Orada uşağın halı yenidən pisləşib, əlacsız qalıb yenə yanıma gəliblər. İndi mərkəzimizdə müalicə kursu keçir.

Ümumiyyətlə, MDB məkanından, Avropadan mərkəzimizdə müalicə almağa gələnlər çoxdur. Rusiyadan, Gürcüstandan, Türkiyədən, Almaniyadan xəstələrimiz var.

"Pul verib diplom, sertifikat alırlar, əslində isə heç nə bilmirlər”

- Doktor, illər öncə Azərbaycanda kifayət qədər tanınmış iynəbatırma mütəxəssisi vardı. Onunla bağlı çox şikayətlər oldu, səhv etmirəmsə, hətta haqqında cinayət işi də açıldı. Dediyim odur ki, bu çox zərif və çox həssas bir məsələdir, bu cür müalicənin fəsadları çox ciddi problemlərə yol aça bilər. Peşəkar akupunktura mütəxəssisləri əslində çox azdır. Bəs siz iynəbatırma sənətinin incəliklərini harda öyrənmisiniz?

- Mən çox yerdə təcrübə keçmişəm. Mənim istifadə etdiyim bütün preparatlar patentləşdirilib.

Onu da deyim ki, həkimlərin çoxu kursa yazılırlar, amma dərslərə getmirlər. Pul verib diplom, sertifikat alırlar, əslində isə heç nə bilmirlər. Sonra da hərəsi bir kabinetdə oturub özünü mütəxəssis kimi qələmə verərək xəstələri müalicə etmək əvəzinə, vəziyyətlərini daha da ağırlaşdırırlar.

Mən psixologiyadan dərs deyirəm. Bəzi tələbələrim aylarla dərsə gəlmirlər. Ataları zəng vurub məndən xahiş edir ki, onlara qiymət yazım. Amma biz tələbə olduğumuz illərdə nəinki dərs buraxmaq, hətta dərsə gecikmək belə ağlımıza gəlmirdi, dərsə gecikən nadir tələbələrsə hökmən cəzalandırılırdı. İndi isə çox təəssüf ki, bütün sahələrdə olduğu kimi, tibbdə də özbaşınalıq baş alıb gedir.

Bir misal çəkim. Yanıma bir ana gəlmişdi. Çində iynəbatırma müalicəsi alıb övladı. Bir dəfəyə 20 sinir nöqtəsinə 120 iynə batırılıb, bu da uşağın bütün sinir sistemini sıradan çıxarıb. Amma mən ən çoxu 4 iynə batırıram, iki və 1 iynə batırdığım hallarda olur, çünki hər bir sinir nöqtəsinin öz yeri var. Professor olsam da, daim öz üzərimdə işləyirəm və müalicə prosesində səhvlərə yol verməməyə çalışıram. Çünki hətta ən əhəmiyyətsiz görünə bilən yanlışlıq belə, kiminsə taleyini məhv edə bilər.

"Yaşlı həkimlərin gözü götürmədi məni, məcbur olub vətənimi tərk etdim”

- Vaqif müəllim, haqqında danışdığımız iynəbatırma üsulu ilə müalicəyə bu gün bütün dünyada böyük tələbat var. Maraqlıdı ki, sizin kimi yüksək ixtisaslı peşəkar nədən vətənini tərk edib getdi. Yəni, Azərbaycanda sizə ehtiyac yox idi?

- Əslində, bunu xatırlamaq mənim üçün xoş deyil. O vaxtlar gənc mütəxəssis idim. Yaşlı həkimlərin gözü götürmədi məni, incitdilər, mən də məcbur olub vətənimi tərk etdim. Amma bu lap çoxdan olub, ötən əsrin 70-ci illərində, sovetlər dönəmində.

"Birinci katibi sağaltdım, mənə dörd otaqlı mənzil verdi”

- Vətəndə haqsızlıqla qarşılaşdığınızdan üz tutduz Ukraynaya.

- Xeyr. Əvvəlcə məni Moskvaya dəvət etdilər, amma mənzillə təmin etmədiklərinə görə orda qalıb işləyə bilmədim. Sankt-Peterburqda da iş təklifim oldu, amma orada da mənzil problemi ilə üzləşdim. Kiyevdə də eyni vəziyyət təkrarlandı. Nəhayət, Dnepropetrovskda mənzillə təmin olundum, elə orada da qalıb işlədim.

- Bəs orada mənzili sizə kim verdi?

- Dnepropetrovsk vilayətnin o vaxtkı birinci katibi Boyko nevroz xətəliyindən əziyyət çəkirdi, onu sağaltdım, o da əvəzində mənə dörd otaqlı mənzil verdi.

- Bildiyim qədər, siz ümumiyyətlə dərman preparatlarından istifadə etmirsiz.

- Xeyr, lazım gələndə dərman müalicəsi də təyin edirəm. Mənim müalicəm üç mərhələdə gedir. Birinci mərhələ dərmansızdı, ikinci mərhələ də dərmansızdı, üçüncü mərhələdə isə əgər uşağın valideynləri istəsə, dərman müalicəsinə keçirəm. Amma dərmanı yana yox, sinir nöqtəsinə vururam. Ehtiyac olanda psixotrop dərmanlardan da istifadə edirəm. Mən peşəkar psixiatoram, buna hüququm çatır.

"Əsrimizin bəlası insanların bir-birinə yadlaşmasıdır”

- Son illər uşaqlar arasında daun və autizm xəstəliklərinin belə geniş yayılmasının səbəbini nədə görürsünüz? Sizin müalicə üsullarınız haqda eşitmək maraqlı olardı. Ümumiyyətlə, bu xəstəliklər tam müalicə olunurmu?

- Hazırda mərkəzimizdə 100 uşaq müalicə kursu keçir. Ukraynada isə gündə 200 xəstə qəbul edirəm, səhər saat 7-8-dən, axşam saat 7-8-ə qədər.

Daun xəstəliyi genetikdi. Bu xəstəliyin müxtəlif səbəbləri var. Ekologoya, qohum nigahları və sair. Daunları tam sağaltmaq mümkün deyil. Amma onları cəmiyyətə uyğunlaşdırmaq, həyatlarını daha mənalı etmək mümkündür. Bu psixososial bərpa adlanır. Hazırda daun uşaqla işləyirəm, vəziyyətində gözəçarpacaq irəliləyiş var, artıq sərbəst danışır.

Autizm isə XXI əsrdə bütün dünyada yayılmış bir problemdir. Özü də belə pozuntular ildən-ilə artır və getdikcə daha da artacaq. Çünki əvvəllər texnika bu qədər inkişaf etməmişdi. Bu gün isə böyükdən kiçiyə hər kəs gününün böyük bir hissəsini kompyüter qarşısında keçirir, həyatını mobil telefonsuz təsəvvür etmir. Ata ilə oğul bir-birindən 100 metrlik məsafədə yaşayır, amma bir-birini həftələrlə, bəzən hətta aylarla görmürlər. İndi ünsiyyət vasitəsi telefondu, kompyüterdi. Əksər ailələrdə bir uşağın eyni vaxtda 2-3 telefonu olur.

Əvvəllər insanlar qışda, qarda, çovğunda bir-birlərini görmək üçün 100 kilometrlə məsafə qət edirdilər, bu gün isə insanlar çox az hərəkət edir, bir-biri ilə söhbət etmir. İnsanların bir-birinə yadlaşması əsrimizin bəlasıdır.

Müasir cəmiyyətdə biruşaqlı ailələrin sayı ildən-ilə artır. Bu isə uşaqlarda passivliyə, özünə qapanma hallarına gətirib çıxarır. Üstəlik ana, ata, nənə, baba həmin uşağın üzərində əsir, onun sərbəst insan kimi formalaşmasına əngəl olurlar.

Ailədə nə qədər çox uşaq olarsa, aktivlik də bir o qədər çox olar. Bu cür ailələrdə uşaqlar çox erkən yaşlarında yeriyib danışır, ətraf mühitə daha rahat uyğunlaşırlar.

"Uşaq autizmi müalicə olunur”

- Yəni, autizm anadangəlmə xəstəlik deyil?

- Tədqiqatlarıma əsaslanaraq deyə bilərəm ki, autizmin əsas səbəbi perinatal patologiyadır(hamiləlik zamanı yaranan patologiya).

Ulu nənələrimiz hamilə vaxtı oxuyub işləmirdi. İndi isə əksər hamilə qadınlar ya tələbədir, ya da haradasa işləyir. Gələcək ana sağlamlığının qeydinə qalmalıdır, vaxlı-vaxtında istirahət etməlidir, əsəb pozuntusuna səbəb ola biləcək situasiyalardan uzaq olmalıdır. Tələbə həyatı yaşayan hamilə qadınlar isə hər dəfə zaçot, imtahah ərəfəsində həyəcan keçirir, gecələr yatmır, stress keçirir, bu isə kartizon hormonunun yaranmasına və uşağın ana bətnində zəhərlənməsinə səbəb olur. Eynilə, iş yerində əsəbləşən, hansısa problem yaşayan gələcək analar da hələ doğulmamış körpələrinin gələcəyini təhlükə altına atmış olurlar.

Amma məsələ tək bir stresslə bitmir. Çirkli ekologiya, maşın, televizor, mikrodalğalı soba, mobil telefon, qeyri-sağlam qida-bütün bunlar dölün əql inkişafına olduqca mənfi təsir göstərir.

- Ümumiyyətlə, autizm nə dərəcədə ciddi xəstəlikdir?

- Hər şey anadan asılıdır. Çünki uşağı tərbiyə edən anadır. Ana necədirsə, övladı da elə olur. Onu da deyim ki, autizm diaqnozu qoyulan uşaqların demək olar ki, əlli faizi əslində bu xəstəlikdən əziyyət çəkmir. O cür uşaqların sağlam həyata qovuşmaq şansları çoxdur.

Hamilə vaxtı güclü sarsıntı keçirən, həyəcanlı situasiyalara düşən anaların körpələri əksər hallarda autizmlə dünyaya gəlir. Bu cür hallar hamiləliyin erkən dövrünə təsadüf edəndə xəstəlik daha ağır formada özünü biruzə verir, çünki döl hələ formalaşmayıb və kənar təsirlərə qarşı çox həssasdır, hamiləliyin son aylarına təsadüf edəndə isə xəstəliyin daha yüngül forması müşahidə olunur, bu da həmin körpələrin sağalma ehtimalını xeyli artırır.

Amma tam əminliklə deyə bilərəm ki, autizm müalicə olunan xəstəlikdir. Bax bu uşağın (söhbət şəkildəki uşaqdan gedir) nənəsi illə babası Azov dənizinin sahilində iştirak edirmişlər. Bir gün nəvələrini yatmış vəziyyətdə qonşuda qoyub gəzintiyə çıxırlar. Onlar gedəndən sonra uşaq oyanır və nənəsi ilə babasını yaxında görməyəndə bərkdən ağlamağa başlayır. Onu sakitləşdirmək üçün güclü su şırnağının altına tutublar. Uşaq möhkəm qorxub. Qızdırması qalxıb, iştahası kəsilib. Həkimlər ona neyroinfeksiya diaqnozu qoyublar. Uşaq həmin diaqnozla xəstəxanaya yerləşdirilib və psixotop dərmanla (haloperido) müalicə olunub və bu vəziyyətə düşüb(şəkli göstərir).

Uşağı mənim yanıma gətirəndə durmadan ağzından su axırdı, gündə üç dəfə dəsmal dəyişdirirdilər, özü də haloperidol mədəsini yandırıb çürütdüyündən ağzindan üfunət iyi gəlirdi. Buna görə heç kəs ona yaxınlaşmırdı, bircə anası həmin qoxuya alışmışdı. Həmin müalicə kursunun iki mərhələsini keçdi, indiki vəziyyəti bax belədir.(şəkli göstərir).

"Valideyn sevgisi şəfavericidir”

- Bəs valideynlər övladlarının autist olduğunu necə anlaya bilər?

- Autizmin müxtəlif növləri var. Bunlardan Asperger sindromu, atipik autizm və uşaq autizmi ən geniş yayılıb. Uşaq autizminə 3 yaşa qədər inkişafda ləngimələr, stereotip hərəkətlər, ünsiyyətdə və ətraf mühiti anlamaqda problemlər və s. kimi əlamətlər xarakterikdir. Belə uşaqlarda artıq 2-3 yaşdan etibarən müəyyən simptomlar özünü büruzə verir, dəqiq diaqnoz isə 3 yaşında qoyulur. Amma valideyn uşaqda olan dəyişikliyi daha tez hiss etməlidir. Autist uşaqlar valideynlərinə soyuq münasibət göstərir, daim bir nöqtəyə baxır, oynamağa meylli olmur, adamlara yovuşmur, ətrafda baş verən hadisələrə çox zəif reaksiya verir. Əgər ailədə mehribanlıq, sevgi hökm sürürsə, uşağı bu vəziyyətdən çıxarmaq olar.

Bax bu uşaq(şəkli göstərir) ən ağır xəstəmdir. Bu ailə İsraildən gəlib mənim yanıma. Bu autist uşaq serebral iflicdən də əziyyət çəkir. Yemək yemirdi, bayıra çıxmırdı, yerimirdi. Maye dərman halında olan qidanı şprislə birbaşa mədəsinə yeridirlər.

İsraildən valideynləri uşağın xəstəlik tarixçəsini elektron poçtuma yolladılar. Uşağqda qıcolma hallarının olduğu məlum oldu, əslində bu cür xəstələri müalicə etmirəm, amma uşağın vəziyyətinə biganə qala bilməyib onu qəbul etdim. Bir həftə sonra artıq yanına gələndə əlini qaldırıb məni salamlayırdı. İndi artıq sərbəst yeyir, oynayır, gülür, şəkil çəkir. Mənə hədiyyə etdiyi şəkilləri Ukraynadakı iş otağımın divarından asmışam( uşağın şəklini göstərir).

Bu uşaqlar isə anareksiya xəstələri idi. Artıq ölüm həddində idilər. Bu şəkillərdə onların müalicədən əvvəlki və sonrakı görüntüləridir(şəkilləri göstərir).

- Vaqif müəllim, siz Azərbaycanda özəl xəstəxana ilə əməkdaşlıq edirsiniz, dövlət xəstəxanasında çalışsaz, daha yaxşı olmazdımı? Axı hər kəsin imkanı yoxdur özəl xəstəxanada müalicə alsın.

- Amma bu məndən asılı bir şey deyil, dövlət xəstəxanalarından təklif alsam, məmnuniyyətlə gəlib işləyərəm. Hazirda isə "Avrasiya” hospitalının direktoru Asiman Həsənovla iş birliyindən çox razıyam. Gəlin açıq danışaq, heç kim havayı işləmir. Mənə Azərbaycandakı özəl klinikalar tərəfindən çox sərfəli şərtlərlə iş birliyi təklif olunur, amma mən Asiman Həsənovu seçdim. Çünki çox mərifətli, vətənpərvər bir insandır. Özü də nadir istedad sahibidir, peşəkar cərrahdır, gözəl təşkilatçıdır. Mənim rahat işləməyim üçün hər cür şərait yaradıb bu mərkəzdə, elə mərkəzi də şəxsən mənim üçün açıb. Mənimlə savadlı kadrlar işləyir. Üç tibb bacısı ixtiyarımdadır, köməkçim gənc psixoloq Türkan Cəfərovadan da çox razıyam.

"Bura öz xalqımın övladlarını müalicə etmək üçün gəlirəm”

- Professor, Azərbaycanda işləməyiniz üçün istədiyiniz şərait yaradılsa, qayıdarsınız Vətənə?

- Vətən çəkir. Mən illər uzunu qürbətdə yaşayıram, əcnəbi xalqları müalicə edirəm, amma harda olmağımdan asılı olmayaraq, ürəyim Azərbaycandadır, mən Azərbaycan vətəndaşıyam, azərbaycanlıyam, öz Vətənimə, xalqıma xidmət etmək istəyirəm. Bilirəm ki, burada bir həkim kimi mənə ehtiyac var. Mənim xalqım dünyanın ən mehriban, ən qayğıkeş xalqıdır.

Müalicə etdiyim uşaqların valideynləri hər gün mənə sovqat gətirir, otağım dadlı yeməklərlə doludur. Nə qədər etiraz etsəm də, xeyri yoxdur. Dünyanın heç bir yerində belə isti münasibət görməmişəm. Tam səmimi deyirəm, bura qazanc xatirinə gəlmirəm, öz xalqımın övladlarını müalicə etməkçün gəlirəm, bunu özümə borc bilirəm.

(Ardı var)

Banu Oğuz, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti