Ölkədə kirayə ev YOXLAMALARI

Ötən ilin sonlarında Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, fiziki şəxslərin mənzillərini kirayə verməsinə görə əldə etdikləri gəlirdən vergi cəlb olunan hissə 14 faizdən 10 faizə endirilib.

İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib ki, mənzillərini kirayə verənlərin 80 faizdən çoxu vergi ödəmir. Onun sözlərinə görə, artıq cari ilin əvvəllərində inzibati qaydada müvafiq sahə müvəkkilləri və vergi yığımına məsul şəxslərin həmin mənzillərdə yoxlama aparması müşahidə edilir:
“Bu da onu göstərir ki, öz mənzillərini müqaviləsiz, qeyri-rəsmi kirayə verən vətəndaşların inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində addımlar atılacaq və bu da bir müddət sonra fiziki şəxslərin öz müştəriləri ilə müqavilə bağlamasına gətirib çıxaracaq”.

İqtisadçı Eyyub Kərimli Musavat.com-a mövzunu şərh edib. O, vurğulayıb ki, uzun illərdir mənzil kirayəsini biznesə çevirənlər heç bir vergi ödəmirlər:

“Azərbaycanda kirayə fəaliyyətinə görə vergiyə cəlb edilmənin müxtəlif üsulları mövcuddur. Hesab edirəm ki, vergi qurumları bu məsələ ilə vasitəçilərin köməyi, o cümlədən operativ nəzarət, kirayə saytlarının yoxlanması və s. istifadə etməklə ciddi məşğul olacaqlar. Gələcəkdə pasport rejimlərindən, yaxud bina komendantlarının köməyindən istifadə etmək olar. Cərimələrin tətbiq olunması insanları daha çox vergi ödəməyə sövq edəcəkdir. Əlbəttə ki, vergiyə dəyişikliyin bütün mənzilləri yaxud evləri tam əhatə etməsi real görünmür. Bəzi evlərin bir otağı kirayə verilir. Bu kimi hallarla bağlı problemlər yaşana bilər. Müəyyən zaman çərçivəsində təkmilləşdirmə işləri aparılarsa, mənzillərin kirayə verilməsinə görə vergi ödəməsinə cəlb olunması mümkündür.

Digər tərəfdən ciddi maarifləndirmə işlərinə ehtiyac var. Kirayə verənlə kirayənişin arasında müqavilə imzalanması hər iki tərəfin hüquqlarının təmin olunmasında müsbət rol oynaya bilər. Bəzi hallarda hər iki tərəfin hüquq və vəzifələri müəyyənləşmir, pozulur, müxtəlif narazılıqlar yaranır, rəsmi sənəd olmadığı üçün heç kim məhkəməyə müraciət etmirdi. Bütün iqtisadi münasibətlərin sənədləşdirilməsi müsbət imkanlar və fürsətlər yaradır. Bu, həm də bu sahədə fəaliyyət göstərən şəxslərin fəaliyyətinin qanunvericilik çərçivəsində müəyyənləşməsinə dəstək göstərir”.



Oxşar Xəbərlər

Xəbər lenti