“Biz, Rusiya olmadan Koreya probleminin Qordi düyünü açıla bilməz” –KREMLİN AÇIQ ŞƏKİLDƏ TRAMPA GÖNDƏRDİYİ MESAJ

“Biz, Rusiya olmadan Koreya probleminin Qordi düyünü açıla bilməz” –KREMLİN AÇIQ ŞƏKİLDƏ TRAMPA GÖNDƏRDİYİ MESAJ

 

Mansur Miravalev

"Əl-Cəzirə”, 26.04.2019

 

Kreml Kimin Rusiyaya ilk səfərini, iki ay əvvəl Hanoyda ABŞ-Şimali Koreya danışıqlarının uğursuzluğundan sonra, Koreya yarımadasının nüvəsizləşdirilməsində Moskvanın nə qədər mühüm oyunçu olduğunu sübutu üçün tarixi bir hadisə kimi təqdim etməyə çalışıb.

Hökumətin nəzarətində olan kütləvi informasiya vasitəsi Çərşənbə günü Kimin zirehli qatarının Vladivostoka necə gəldiyini ətraflı təsvir edib. Rusiya səlahiyyətliləri onu ənənəvi qaydada duz-çörəklə qarsalayıblar. Şimali Koreya lideri birgünlük səfəri çərçivəsində teatr, muzey və s. baş çəkib.

"Koreya-Rusiya əlaqələrini yeni, daha yüksək səviyyəyə qaldırmağa hazırıq”, – Kim Cümə axşamı günü Vladimir Putinlə üç saatdan çox davam edən görüşdən sonrakı qəbulda bildirib.

Putin deyib ki, "danışıqların nəticələrindən xoşbəxtdir” və o, Moskva ilə Pxenyan arasındakı "dostluq və əməkdaşlığı möhkəmləndirmək” niyyətini açıqlayıb.

 

"Qarşılıqlı maraqlar”

Kim əlaqələrin əhəmiyyətini vurğulayıb və bildirib ki, əlaqələr güclənib, hər iki ölkə isə "tarixin qarşılarına çıxardığı çətinlikləri adlayıb”. "İki ölkənin xalqı Şimali Koreya-Rusiya əlaqəsinin mahiyyətini anlayır və bu, yalnız qarşılıqlı maraqlarımıza xidmət etmir, eyni zamanda, regionda sülhü və sabitliyini təmin etmək üçün də vacibdir”.

Ancaq zirvə toplantısının əhəmiyyəti nəzərə çarpmayıb, çünki bu, Koreya münaqişəsinin həll üçün heç bir fayda gətirməyib və danışıqlardan sonra heç bir razılaşma imzalanmayıb.

Ekspertlər deyirlər ki, Kimin Rusiyaya səfərinin əsl məqsədi ABŞ-ın təpkisi ilə bağlı danışıqlarda müəyyən zaman qazanmaq və ABŞ prezidenti Donald Trampın öz təhdidləri ilə çox uzağa getdiyi təqdirdə, Rusiyadan müqəvva kimi istifadə etmə şansı idi.

Regional Problemlər İnstitutu analitik mərkəzinin (Moskva) baş direktoru Dmitri Juravlyov "əl-Cəzirə”yə deyib: "Bu, Şimali Koreyanın ABŞ-a göstərmək istədiyi danışıqlar üçün lazım olan halqanı yarma addımı idi. Yəni baxın, Moskva ilə yaxşı münasibətlərimiz var, əgər bir şey olarsa, biz qorunmaq üçün ona üz tutacağıq ki, Moskva yumruqlarını silkələsin”.

Çin də Şimali Koreyanın əsas beynəlxalq dəstəkçisidir, amma Rusiyanın Kim sülaləsini dəstəkləməsi üçün çoxlu səbəbi və maraqları var. Sovet İttifaqı olmasaydı, Şimali Koreya mövcud olmayacaqdı: kommunist Moskva onilliklər boyu kiçik vassalını ərzaq, yanacaq və diplomatik müdafiə ilə təmin edib.

Moskva hələ də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında veto hüququna malikdir və Şimali Koreyaya aid hər bir şeydə rol oynamaq istəyir. Bu iki dövlət ortaq sərhədi paylayır və Rusiya Şimali Koreyanın ən azı 10 min miqrant işçisi üçün dolanışıq yeri, habelə Pxenyan üçün mühüm valyuta mənbəyidir.

Rusiya qonşuluqda nüvə fəlakəti istəmir, amma Şimali Koreyanın silahsızlaşdırmağa marağı məhduddur; Kim xanədanının iflası, ehtimal ki, vahid Koreyanın ABŞ müttəfiqi olacağı və ABŞ hərbi bazalarının Rusiyanın Sakit okean əyalətlərinin yanında peyda olması deməkdir.

Cümə axşamı zirvəsi nəticəsində Putin və Kim "Rusiyanın Şimali Koreya ilə ABŞ arasındakı hər hansı bir razılaşmanın beynəlxalq zaminlərindən biri olacağına dair razılığa gəlib”. Bunu Rusiya xarici işlər nazirinin müavini və Şimali Koreya üzrə ekspert Andrey Fyodorov "əl-Cəzirə”yə bildirib.

Rusiya, həmçinin Şimali Koreyanın silahsızlaşdırma üçün şəraiti formalaşdırmağa kömək edəcək.

 

ABŞ-ın tələbləri Kimi qane etmir

Fevral ayında Kimin ABŞ prezidenti Donald Trampla apardığı danışıqlar uğursuz olub, çünki Pxenyanın nüvəsizləşdirilməsi və Vaşinqtonun sanksiyalarını ləğv etməsi üçün Ağ Evin tələblərinə dair razılaşma əldə edilməyib.

"ABŞ-ın tələbləri Kimi qane etmir, onlar çox genişdir, kosmik tədqiqatların, kimyəvi tədqiqatların qadağan edilməsindən tutmuş bütün həyat sahələrinə qədər ox şeyi əhatə edir, – Fyodorov bildirib. – Ona görə də, Rusiya, ABŞ və Çinin əsas vəzifəsi nüvəsizləşdirmənin gerçək formulu ilə ortaya çıxmaqdır”.

Putin Cümə axşamı günü yollandığı Çində silahsızlaşdırma mövzusunda müzakirələr aparacağını söyləyib. "Mən, əlbəttə, sabah Pekində Çin liderləri ilə danışacağam, amma bugünkü görüşü ABŞ liderləri ilə də açıq şəkildə müzakirə edəcəyik”, – deyə Putin sammitdən sonra jurnalistlərə bildirib.

Moskvanın Şimali Koreyanın nüvə proqramı ilə əlaqədar danışıqlardakı rolu Vaşinqton ilə təmasda qalan bir neçə nöqtədən biridir. Çünki Rusiya ilə Qərb arasında əlaqələr Krımın ilhaqı və Suriya prezidenti Bəşər Əsədin dəstəklənməsi səbəbiylə Soyuq müharibə dövrünə qayıdıb.

"Biz, Rusiya olmadan, Koreya probleminin Qordi düyünü açıla bilməz”, – Dmitri Juravlyov bildirib.

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti