“İranla müharibə riski var” - Təhlil

 

ABŞ-la İran arasındakı budəfəki gərginlik çox güman ki, uzunmüddətli xarakter daşıyacaq. Hər halda indiki ABŞ administrasiyası nə qədər hakimiyyətdədirsə, bu gərginlik o qədər də davam edəcək. Amma keçmiş dövrlərlə müqayisədə fərq ondan ibarətdir ki, hazırda Amerikaya müqaviməti elə onun öz müttəfiqləri – Avropa İttifaqı ölkələri göstərir.

Bunu Sozcu.info a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.

O qeyd edib ki, İranla 15 iyul 2015-ci ildə imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planına imza atan Avropa İttifaqı ölkələri – Fransa və Almaniya, həmçinin Böyük Britaniya Tehranla razılaşmanın davam etdirilməsini istəyirlər:

"Müttəfiqləri ilə aralarında yaranmış bu fikir ayrılığı ABŞ-a hərbi ssenarilərini birmənalı olaraq reallaşdırmağa imkan vermir. Vaşinqtona bütün hallarda silahlı müdaxiləyə görə müttəfiqlər lazımdır. Amma müttəfiqlər də fərqli mövqelərdən çıxış edirlər”.

İ.Vəlizadə qeyd edib ki, İranla müharibə riski əslində bütün hallarda var:

"Çünki bu zonada müxtəlif hərbi təxribatlar baş verə bilər. Bunun əlamətləri də var. Belə ki, ABŞ-ın Hərbi Dəniz Qüvvələri Fars körfəzində cəmləşməyə başlayıblar. Eyni zamanda İran da Hörmüz körfəzinin bağlana biləcəyi ilə bağlı bəyanatlar yayır. Hətta, regionda kiçik insidentlər də baş verir. Əlbəttə, hansısa kiçik insident böyük insidentlərə gətirib çıxara bilər. Yəni, ehtimallar var. Amma düşünürəm ki, indi tərəflər ehtiyatlı olmağa daha çox üstünlük verəcəklər. Çünki hazırkı vəziyyətdə hansısa müharibə nə İrana, nə də ABŞ-a sərf edir”.

İ.Vəlizadə fikirlərini bununla əsaslandırıb ki, bu məsələdə ABŞ-ın kifayət qədər müttəfiqi yoxdur:

"Qeyd etdiyim kimi Avropada əks fikirlər var. Amma əlbəttə, İranın da kifayət qədər gücü çatmaz ki, Amerika ilə müharibə aparsın. Ona görə də hər iki tərəf məsələni hərbi əməliyyatlar müstəvisinə gətirib çıxarmamağa çalışacaq”.



Oxşar Xəbərlər

Xəbər lenti