İSRAİL İRANLA MÜHARİBƏYƏ HAZIRLAŞIR

İSRAİL İRANLA MÜHARİBƏYƏ HAZIRLAŞIR

 

Nəzakət Məmmədova: "İsrail İrana girməzdən əvvəl "Hizbullah"ı məhv etməli, onu Yaxın Şərqdən çıxarmalıdır"

"Birbaşa quru əməliyyatları olmasa da, terror aktları edə, əhalini ixtişaşlara qaldıra, İranın bir neçə sərhəd ərazisini terrorçuların adından bombardman edə bilərlər"

"Əgər belə bir savaş olarsa, o zaman Azərbaycanda da vəziyyət gərginləşəcək"

"İndiki İran məhz Avropa Birliyinin layihəsidir, yəni İrandakı mövcud rejim Avropanın nəzarətindədir və onların planlarını həyata keçirir"

Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən əndişələnən İsrail əzəli hədəfinin üzərinə getməyi planlaşdırır. Artıq çoxlarına bəllidir ki, Təl-Əvivin əsas düşməni "HƏMAS" və ya "Hizbullah" yox, məhz İrandır. Çünki hər iki təşkilatın əsas dəstəkçisinin rəsmi Tehran olduğu artıq heç kimə sirr deyil. Odur ki, İsrail uzun illərdir ki, "HƏMAS" və "Hizbullah"ın üzərinə getməklə, əslində İranı prosesə aktiv şəkildə cəlb etmək və bununla da rəsmi Tehranla açıq müstəvidə mübarizə aparmaq niyyətindədir. Lakin indiyədək Təl-Əvivin bu istiqamətdə bütün cəhdləri uğursuz alınıb.

Şübhəsiz, bu, heç də o demək deyil ki, İsrail İranla bağlı yeni planlar üzərində çalışmır. Əksinə Təl-Əviv bu gün daha dərindən yeni bir həmlə planı üzərində işləyir və yaxın dönəmlər üçün həmin planın tam hazır olacağı istisna deyil. Məsələn, İsrailin Milli Təhlükəsizlik İnstitutunun bu il üçün yaydığı hesabatda qeyd olunub ki, İranın Suriyadakı varlığını məhv etmək üçün İsrail ordusu İrana girə bilər. İsrailin 2019-cu ildə qarşılaşa biləcəyi mümkün problemlərlə bağlı hesabat yayan təşkilat ən ciddi təhdidin İran, Suriya və "Hizbullah"la baş verəcək müharibə olduğunu bildirib. Bundan əlavə, müharibə başlayacağı təqdirdə İsrailin "HƏMAS"la da döyüşmək məcburiyyətində qalacağı vurğulanıb. Hesabatda ABŞ prezidenti Donald Trampın əsgərlərini Suriyadan geri çəkməsindən sonra İsrailin İrana girməsinə ehtiyac yaranacağı öz əksini tapıb.

Nəzərinizə çatdıraq ki, ABŞ-da dərc olunan "National Interest" jurnalı da ötən ilin fevral ayında bunabənzər proqnozla çıxış etmişdi. Belə ki, jurnalın yazdığına görə, 2019-cu ilə doğru İran ilə İsrail arasında müharibə yaşanacaq. Ekspertlərə görə, ehtimal olunan müharibədə İranın dəstəklədiyi və əsasını iraqlı şiə silahlı qrupu olan "Həşd-Şabi"nin əmələ gətirdiyi milis qüvvələri də iştirak edə bilər. Yazıda bu halda ABŞ-ın silahla İsraili dəstəkləməsi lazım olduğu bildirilib. Bundan başqa, Yaxın Şərqdə baş verən hadisələri təhlil edən "The National Interest"in ekspertləri də bu il İran və İsrail arasında müharibənin baş verəcəyini iddia ediblər.

"Tehran Yaxın Şərqdə özünə yaxın olan dövlətlərdən ibarət bir qurşaq formalaşdırıb, əvvəla, həmin zolağı keçmək lazımdır"

Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq Nəzakət Məmmədova hesab edir ki, İsrail İrana girməzdən əvvəl "Hizbullah"ı məhv etməli, onu Yaxın Şərqdən çıxarmalıdır və ancaq bundan sonra Tehranla müharibə barədə danışa bilər: "Düşünürəm ki, indiki şəraitdə bu, illüziyadır, qətiyyən inandırıcı deyil. Əlbəttə hər şey ola bilər. Lakin mövcud vəziyyəti nəzərə alıb məntiqlə düşündükdə bu, mümkün olan bir şey deyil. Çünki İran Yaxın Şərqdə öz ətrafında bir müdafiə zolağı yaradıb. Yəni Tehran özünə yaxın olan dövlətlərdən ibarət bir qurşaq formalaşdırıb. Əvvəla, həmin zolağı keçmək lazımdır, sonra İrana müdaxilədən söhbət gedə bilər".

Bu gün Yaxın Şərqin bir neçə ölkəsinin - Suriya, Livan, Yəmən və İraqın İranın nəzarəti altında olduğunu vurğulayan politoloqun sözlərinə görə, hazırkı şərtlər daxilində İsrailin, hətta ABŞ-ın İrana hücum etməsi real görünmür: "Fikir verdinizsə, ABŞ və ya İsrail İranla müqayisədə qat-qat zəif olan Suriyada belə, quru ənəliyyatları keçirməyə cəsarət etmədi. Belə olan halda, İsrail və ya ABŞ-ın quru qoşunlarının İrana girməyə cəsarət edəcəkləri inandırıcı deyil. Heç havadan da bombardman etməzlər. Çünki ABŞ Vyetnam, Əfqanıstan və İraqda acı təcrübə yaşadı. Odur ki, yenidən eyni vəziyyətə düşmək istəməz. İsrail və ABŞ-ın əsas məqsədi İranı Yaxın Şərqdəki ambisiyalardan uzaqlaşdırmaqdır. İsrailin məqsədi odur ki, Tehran Yaxın Şərqə müdaxilə etməsin, bölgədə əsas söz sahibi özü və Səudiyyə Ərəbistanı olsun. Ona görə də ilk öncə İranın Yaxın Şərq planlarına zərbə vurmağa çalışacaqlar. Bundan başqa, daxildə problemlər yarada, əhalini yenidən ayağa qaldıra bilərlər. Lakin bununla İranı parçalamaq mümkün deyil".

"Avropa Birliyi 79-cu ildə ABŞ və İsraili İrandan çıxarıb, indi isə İranın əliylə həm də Yaxın Şərqi nəzarətdə saxlayır"

İranın Avropa Birliyinin yaratdığı bir layihə olduğunu iddia edən Nəzakət Məmmədovanın fikrincə, bu gün Tehranın müttəfiqləri ABŞ və İsrailin müttəfiqlərindən daha çoxdur: "Avropa Birliyi 79-cu ildə ABŞ və İsraili İrandan çıxarıb. İndi isə İranın əliylə həm də Yaxın Şərqi nəzarətdə saxlayır. Təbii ki, Rusiya, Çin, Avropa Birliyi və Türkiyə İrana kömək edəcək. Yəni İranın müttəfiqləri daha çoxdur, nəinki ABŞ və İsrailin. Ona görə də bu məsələdə Tehran tək deyil. Bildiyiniz kimi, ABŞ İranla nüvə sazişini ləğv etdikdə bütün Avropa ayağa qalxdı. Bu baxımdan, İsrail ağılsız deyil ki, İrana girməyə cəhd etsin. Fikrimcə, birbaşa quru əməliyyatları olmasa da, terror aktları edə, sosial tələblərlə əhalini ixtişaşlara qaldıra, eyni zamanda İranın bir neçə sərhəd ərazisini terrorçuların adından bombardman edə bilərlər. İranın xaricində isə çalışacaqlar ki, onun Yaxın Şərq siyasətinə zərbə vursunlar, Suriya, Livan, Yəmən və İraqdakı şiə hilalını nəzarətindən çıxarsınlar. Lakin bunu etmək çox çətin olacaq. Çünki İranın nəzarətində "Hizbullah" və "HƏMAS" var. Bundan başqa, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Yaxın Şəqrdə Qüds briqadası, o cümlədən İraqda "Həşd-Şabi" möcvuddur. Ona görə də İran bunların vasitəsiylə İsrail və ABŞ-a qarşı müqavimət göstərəcək. Eyni zamanda, Səudiyyə Ərəbistanındakı şiə azlıqlarını ayağa qaldıra bilər. Odur ki, tərəflər arasında mübarizə İranda deyil, məhz Yaxın Şərq ərazisində davam edəcək".

"Bizə ABŞ və İsrailin İranla müharibə etməsi yox, mövcud gərginliyin qalması, hətta bir qədər də artması lazımdır"

İsrail və ABŞ-ın İrana hücumunun Azərbaycana sərf etmədiyini qeyd edən politoloq bildirdi ki, bu zaman ölkəmizə kütləvi qaçqın axını müşahidə oluna bilər: "Azərbaycan Türkiyə deyil ki, 3 milyon suriyalıya öz ərazisində yer verə, onları saxlaya bilsin. Əgər belə bir savaş olarsa və İrandan 1 milyon qaçqın gəlsə, o zaman Azərbaycanda vəziyyət gərginləşəcək, kəskin bahalaşma müşahidə olunacaq. Odur ki, bu, bizə lazım deyil. Əslində, bizə ABŞ və İsrailin İranla müharibə etməsi yox, mövcud gərginliyin qalması, hətta bir qədər də artması lazımdır. Çünki bu halda dünya bazarında neftin qiyməti yüksək qalacaq, Azərbaycanın geosiyasi əhəmiyyəti daha da artacaq. Yəni bizə İran probleminin həll olunmasından və müharibədənsə gərginliyin saxlanılması, Tehranın daim əndişədə qalması sərf edir. Şəxsən mən İsraillə İran arasında tarixi gərgin düşmənçiliyin olduğuna da inanmıram. Nə İsrail, nə də ABŞ İranı parçalamaq istəmir. Onlar İranı nəzarətə almaq, ölkədəki rejimi dəyişmək istəyirlər. Çünki Avropa Birliyi 79-da Xomeynini hazırlayıb Fransa təyyarəsində İrana göndərdilər və bu yağlı tikəni onların əlindən aldı. Odur ki, indiki İran məhz Avropa Birliyinin layihəsidir. Yəni İrandakı mövcud rejim Avropanın nəzarətindədir və onların planlarını həyata keçirir. Bu səbəbdən də ABŞ və İsrail İranda rejimi dəyişməyə çalışırlar. Yəqin ki, rejimi dəyişə bilməsələr, o zaman İranın parçalanması məsələsini ortaya ata bilərlər. Lakin hələlik bu məsələ, o cümlədən İrana hərbi müdaxilə gündəmdə deyil. Çünki bu, regionda böyük xaosun yaranmasına gətirib çıxara bilər. Çox güman ki, Səudiyyə Ərəbistanını, Birləşmiş Ərəb Əmirliklərini və körfəzin digər dövlətlərini bu işə qoşmaqla İranı məhz bu yolla Yaxın Şərqdə əzməyə çalışacaqlar. Bu, bu il dəqiq olacaq".

Vazeh BƏHRAMOĞLU



Oxşar Xəbərlər

Xəbər lenti