8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) əl-Babın şərqindəki Tel Tuveyran və Kaarat kəndlərini PYD-dən alıb.
Strateq.az xəbər verir ki, bunu ASO-nun sahə komandiri Məhəmməd Xatib mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, Suriyanın şimalında İŞİD, PYD və Bəşər Əsəd rejimi ittifaq halındadır: "Buna görə də İŞİD əlindəki bölgələri PYD və Əsəd ordusuna müqavimətsiz təslim edir”.
Faktı PYD rəsmiləri də təsdiqləyib. Təşkilatın hərbi şurasının adı çəkilməyən nümayəndəsi "Reuters” xəbər agentliyinə bildirib ki, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun kəndlərə hücumuna səbrlə yanaşırlar: "Amma lazım gələrsə, bu ərazilər müdafiə olunacaq”.
PYD yetkililərinin bu cür cəsarətli bəyanatlar verməsi səbəbsiz deyil. Separatçı təşkilat bu cəsarəti ABŞ-ın dəstəyindən alır. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayib Ətdoğanın bir neçə gün əvvəl Menbiçi PYD-dən azad etdikdən sonra Raqqa əməliyyatına başlayacaqlarını bildirməsinin ardından ABŞ-ın bölgədəki hərbi qüvvələri əl-Babdan Menbiçə gedən yola öz zirehli hərbi texnikalarını düzmüş və onların üzərinə Amerika bayrağı taxmışlar. Bununla sanki Türkiyəyə "mənim üzərimdən keçib Menbiçə girə bilərsiniz” mesajını vermişdilər.
Verilən mesaj sadəcə eyhamlı hərəkətlə də qalmamış, bölgədəki ABŞ hərbi gücünün komandiri (CENTCOM) Cozef Votel tərəfindən aydın bir üslubla dilə gətirilmişdi. Cozef Votel Türkiyənin PYD-yə edəcəyi hər hansı hücumun İŞİD-lə mübarizəni çətinləşdirəcəyini bildirmişdi. Bununla da o, zaman-zaman bir çox ABŞ və Rusiya siyasiləri tərəfindən dilə gətirilən "İŞİD-i Türkiyə müdafiə edir” iddiasına eyham vurmuşdu. Digər bir ABŞ generalı Stefen Tounsend də Raqqa əməliyyatına PYD-nin mütləq qoşulacağını vurğulamış və bunun Türkiyə üçün heç bir təhdid təşkil etmədiyini bildirmişdi.
ABŞ-ın bu qədər ciddi iradlarına baxmayaraq, ASO-nun kürd separatçılarına hücumu onun arxasında duran Türkiyənin böyük riskə getdiyini göstərir. Maraqlıdır ki, Suriyada riskli hərbi əməliyyatlar keçirən təkcə Türkiyə də deyil. ABŞ generalı Stefen Tounsendin bildirdiyinə görə, Rusiya təyyarələri dünən PYD mövqelərini bombardıman edib. Hadisə yerinin yaxınlıqlarında ABŞ əsgərlərinin də olduğunu bildirən general bunun yanlışlıqla baş verdiyinə, İŞİD-lə kürd separatçılarının qarışıq salındığına inanmaq istədiyini deyib. Rusiya Müdafiə Nazirliyi isə faktı inkar edib. Dolayısıyla, heç nəyin dəyişik salınmadığını diqqətə çatdırıb.
Nəzərə alsaq ki, ABŞ-ın təklifiylə NATO Xarici İşlər nazirlərinin bir müddət əvvəl Qara dənizdəki mövqelərini gücləndirmək barədə qərarı Rusiyanı da ciddi narahat edir və onu hesablaşmaları başqa ərazilərə köçürmək məcburiyyəti qarşısında qoyur, etiraf olunmayan bu "səhvin” əsl səbəbi aydınlaşır: Moskvaya ABŞ-ın regionda təklənməsi indi hava-su qədər lazımdır. O, Qara dənizin yeganə qapısı olan Türkiyəni öz yanına çəkməyi bacararsa, NATO-nun məlum qərarı havadan asılı qala bilər. Nədən ki, 1936-cı ildə bağlanan Montreux sazişinə əsasən, Türkiyə özünü və müttəfiqini təhdid edən hərbi gəmilərin Qara dənizə hərəkətlərinə məhdudiyyət qoymaq səlahiyyətinə malikdir. Moskva üçün Suriyada möhkəmlənən Türkiyə-Rusiya ittifaqı təhlükəni Aralıq dənizində zərərsizləşdirmək imkanı verir.
Kürd separatizminin təhdid etdiyi İran və Suriya da nə qədər rəqib kimi görsələr belə ortaq təhlükəsizlik hədəfləri üçün Türkiyənin bu həssasiyyətini dəstəkləyə bilərlər.
Bütün bu qarmaqarışıq vəziyyətdə ASO qüvvələrinin iki kəndi PYD-dən azad etməsi Türkiyənin uzun müddətdən bəri dilə gətirdiyi Menbiç əməliyyatına başlaması kimi qiymətləndirilir. Olduqca ciddi riskləri olan bu hərəkatın regionun taleyinə aydınlıq gətirəcəyi gözlənilir.
Heydər Oğuz