8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İyunun 21-də Kral Salmanın vəliəhdi elan edilən oğlu şahzadə Məhəmmədin şərəfinə təşkil edilən mərasimdə Səudiyyə Ərəbistanının iki ali alimi də vardı.
Onlardan ilki baş müfti məqamındakı Əbdüləziz Aluş-Şeyx "Allahın kitabı və Rəsulunun sünnəsi ilə" Məhəmməd bin Salmana beyət etdi.
İkinci alim Böyük Alimlər Heyətinin rəhbəri Saleh əl-Fəvzan idi. Səudiyyə sələfiliyinin son əlli ildə bir neçə nüfuzlu alimlərindən biri olan Şeyx Fevzanın beyətinə şahzadə Məhəmməd onu alnından öpərək qarşılıq verdi.
Digər alimlər də Səudiyyə ailəsi və dövlət ərkanı ilə birlikdə sırayla beyətlərini təqdim etdilər.
Səudiyyə tarixində din-dövlət əlaqələri
Əbdüləziz Aluş-Şeyxin ulu babası Məhəmməd bin Əbdülvəhhab ilə şahzadə Məhəmmədin ulu babası Məhəmməd bin Səud 18-ci əsrin ortalarında Səudiyyə Ərəbistanının təməlini atıblar. Dövlət 1744-cü il tarixli Diriyyə ittifaqı zəminində yüksəldi və bu günə gətirilib çıxarıldı.
Bir sələfi alim ilə bir bədəvi qəbilə rəisinin xatırlanan əməkdaşlığı dövlət bayrağında Səudiyyə dövlətinin rəsmi simvolu olan iki çarpaz qılınc üzərindəki xurma ağacı ilə təsvir olunub. Əmrlər və alimlərin qılıncları əməkdaşlıq halında ağacın işarələdiyi vətəni və rejimi qorumaqdadır. Bu ittifaq, eyni zamanda, "vəhhabilik” dediyimiz sələfi mənşəli axının da doğuşudur.
Vəhhabilik ilə birlikdə sələfilik siyasiləşdi və Səudiyyə rejiminin məzhəbi halına gəldi. Təkfir və terror – vəhhabiliyin xarakteri kimi tarixə keçdi.
Neftin çıxması 1950-ci illərdən başlayaraq Səudiyyə cəmiyyətinin ictimai quruluşunu dramatik şəkildə dəyişdirdi, paralel olaraq dövlətin idarəçiliyində zəruri dünyəviləşmə müdaxilələri vəhhabi üləmanın müxalifətinə baxmayaraq, reallaşdırıldı.
Bu müddətdə hənbəli fiqhinin "məsləhət" prinsipindən istifadə olundu. Quran və hədis mətnlərinə möhkəm və hərfi bağlılığıyla tanınan sələfi üləma dini mətnlərdən kənar mövzularda olduqca mütəhərrik üsul təqib etdi.
İbn Teymiyyənin məşhur "şəri siyasət" doktrinası alimlər və əmirləri qanuni iqtidarın ən üst səviyyəsində iki ərkan halında qəbul edir. Bu çərçivədə alimlər dövlət rəhbərlərinin itaətindədir.
Üləma tarazlığı güdmək məcburiyyətindədir
Kənardan terror imicinə sahib olan vəhhabilik içəridə sabitlik ünsürüdür. Səudiyyə rejiminin din ilə bu şəkildəki əlaqəsi onu siyasi üstünlük halına gətirir. Üstəlik, Səudiyyənin kral ailəsi ilə Aluş-Şeyx (Şeyx Ailəsi) deyilən İbn Əbdülvəhhab soyu arasındakı hələ də davam etdirilən qohumluq var. Buna görə də din-dövlət münasibətləri sağlam bir zəmindədir.
Üçüncü ünsür kimi qəbilələr bu ittifaqa əlavə olunaraq rejim gücləndirilir.
Beləliklə, üç ünsürdən yalnız biri olan üləma, nə qədər etibarlı bir mövqedə olursa-olsun, addımlarını real siyasətə uyğun atmaq, qərarlarını buna uyğunlaşdırmaq, yəni tarazlığı qorumaq məcburiyyətindədir.
Kral Əbdüləzizin ən böyük oğlu kimi 1953-1964 illəri arasında ölkəni idarə edən kral Səudun taxtdan kənarlaşdırılması mövzumuza uyğun bir nümunə meydana gətirər. Səudun bəzi fərmanları üləmanın fətvaları ilə rəsmiləşdirilmişdi. Lakin Səudun taxtdan salınması da fətva ilə oldu.
Səudun həddindən artıq bədxərc davranışları və pis rəhbərliyi kral ailəsində ümumi qənaət yaratmışdı. Alimlər bu işdə rol oynamadılar. Onlar yalnız iş sona çatdıqda, ailə məclisinə dəvət edildilər və fətva ilə dünyəvi qərarı qanuni hala gətirdilər. Kral Səud Avropa səfərindən bir daha ölkəsinə dönmədi, Afinada sürgün həyatı yaşadı.
Zidd səslərə dözüm yox
1979-cu ilin sonundakı mənfur Kəbə basqınının lideri Cüheyman əl-Uteybə, əslində İbn Baz və Elbani kimi Səudiyyə sələfi alimlərin qurduğu təşkilatın üzvləri idi. Lakin basqın hadisəsi əsnasında və sonra bu qrupu lənətləyənlər də eyni alimlər idi. Müsəlman olmayan fransız əsgərlərin də iştirak etdiyi qanlı xilasetmə əməliyyatının fətvası da onlardan alındı. Edam qərarı da.
1990-cı illərdən sonra isə dövlətin 1-ci Körfəz müharibəsində ABŞ tərəfdarı mövqeyinə görə vəhhabi üləma bir seqmenti tərəfindən tənqid edildi. Salman əl-Ovda, Səfər əl-Havali kimi tanınmış şəxslər bu rəftarlarına görə şiddətlə cəzalandırıldı. Təkcə kənarlaşdırılmadılar, illərcə həbsdə qaldılar.
Vəhhabi nizamı öz içindəki zidd səslərə heç vaxt dözüm göstərmədi. İbn Baz kimi, Şeyx Fəvza kimi nüfuzlu alimlər bu cür çıxışları fitnə və bidət kimi qiymətləndirib məhkum etdilər.
Dini nüfuzun təsdiqi simvolikdir
Yeni vəliəhd Məhəmməd bin Salmanın əks olunduğu ilk fotoşəkil bu baxımdan xeyli əhəmiyyətlidir. Əslində, saray çevrilişi ilə bu məqama yüksəldilən şahzadə Məhəmməd vəhhabi nizamın da təsdiqini aldı. Aydındır ki, həmin razılıq əslində, simvolikdir.
Ailə içindən ona qarşı zərbə olmadığı müddətcə vəhhabi nizamın dəstəyi əbədidir.
Məhəmməd bin Salmanın liberal siyasət izləyəcəyi, vəhhabiliyin gücünü tədricən zəiflədəcəyi iddiasının nə dərəcə reallaşacağını önümüzdəki günlər göstərəcək. Belə bir yeniliyə üləmanın təpkisinin necə olacağı ayrı bir sualdır.
Kral Feysal bin Əbdüləziz kimi Məhəmməd bin Səlmanın da bənzər addımları atmasının qarşısında vəhhabi nizam baxımından bir mane yoxdur. Məsələn, dini olmaqdan çox örf təməlinə söykənməklə birlikdə, dövrün alimlərinin tələbi ilə kral Səud bin Əbdüləziz zamanında çıxarılan qadınlara avtomobildən istifadə etmə qadağasının ləğv edilməsi gözlənilir. Bu mənasız qadağan, yenə "məsləhət" qaydasında alimlərin verəcəyi fətvayla qüvvədən salına bilər.
Xeyli simvolik olan bu qərarla səudiyyəlilər liberal dünyaya onlarla birlikdə olduqlarına dair mənalı bir mesaj çatdırmış olarlar.
Mehmet Əli Böyükkara
"Anadolu News Agency"