"Rusiyadakı mövcud durum Sovet İttifaqının son illərindəki vəziyyəti xatırladır" - XAQANİ CƏFƏRLİ


"Cəmiyyətdəki depresiya, gələcəyə ümidin olmaması Rusiyanın çöküşünü qaçılmaz edən əsas şərtdir"

"Moskoviyada (Qərb mənbələrində rus dövlətinin siyasi və coğrafi adı - V.B.) spirtli içkilər istisna olmaqla, bütün istehlak mallarının satışında azalma qeydə alınıb. Ərzaq məhsullarının və qeyri-ərzaq mallarının satışında önəmli azalma qeydə alındığı halda spirtli içkilərin satışının həcmi 11,2 faiz artıb. Rusların müharibədən öncə ilə müqayisədə aşağı qiymətli spitli içkilərdən daha çox istifadə etdikləri də məlum olub". Sozcu.info xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloq bildirib ki, bir milyona yaxın insanın hərbi xidmətə səfərbər edildiyi və bir milyondan artıq insanın ölkədən qaçdığını nəzərə aldıqda Rusiyada spirtli içkilərdən istifadənin miqyasının kəskin artdığı aydın olur: "İstehlak mallarının satışının azaldığı bir zamanda spitli içkilərin satışının artması cəmiyyətdəki depressiyadan, ümidsizlikdən xəbər verir. Son zamanlar sadə ruslarla yanaşı, terrorçu rejim rəhbərlərinin də içkiyə qurşanmaları haqqında məlumatlar yayılır. Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev və Sberbankın prezidenti German Grefin tamamilə içki aludəçisi olduqları məlumdur. Bu durum Sovet İttifaqının son illərindəki, xüsusilə 1991-ci ildəki vəziyyəti xatırladır. Sovet İttifaqının son illərində də bütün istehlak mallarının satışı azaldığı halda, spirtli içkilərin satışı artmışdı. İçki mağazalarının önündə uzun növbələr yaranardı. Cəmiyyətdəki depresiya, gələcəyə ümidin olmaması dövlətin çöküşünü qaçılmaz edən əsas şərtdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az




Oxşar Xəbərlər

Xəbər lenti