Gürcüstanda 40 günlük etirazlar nəticə verəcək? -Təhlil


Mixeil Kavelaşvili xalqın prezidenti olacaq, yoxsa “Gürcü arzusu”nun?..

2025-ci ilin 5 yanvar tarixində Tiflisdə və Gürcüstanın iri şəhərlərində hökumət əleyhinə etiraz aksiyaları davam etdirilib. Bəlli olduğu kimi, aksiya iştirakçıları yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Xatırladaq ki, Gürcüstanda davamlı etirazlar baş nazir İrakli Kobaxidzenin 2024-cü il noyabrın 28-də ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların başlanmasına baxılmasının 2028-ci ilə qədər dayandırılması qərarını elan etməsindən sonra başlayıb.

Aksiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə yüz nəfəri saxlayıb. Etirazın 38-ci günü etirazçılar Kutaisi şəhərinin mərkəzində, Batumidə Konstitusiya Məhkəməsinin qarşısına, Zuqdididə və paytxat Tiflisdə parlament binasının qarşısına toplaşıblar. KİV-lərin verdiyi məlumata görə, Gürcüstan parlamentinə bitişik Rustaveli prospekti hər gün nümayişçilər tərəfindən bağlanır. Minlərlə aksiyaçı yeni ili elə meydandaca qeyd edib. Prospektdə Gürcüstan bayrağının rənglərində bir neçə yüz metr uzunluğunda yeni il süfrəsi açılıb. Etirazçıların tələbi də dəyişməz olaraq qalır - yeni parlament seçkilərinin təyin edilməsi. 

Lakin etirazların arasıkəsilmədən davam etdiyinə baxmayaraq, hökumətin necə deyərlər “tükü də tərpənmir”. Görünür, bu səbəbdən də əksər ekspertlər yanvarda etirazçıların sayının azalacağını düşünürlər.

Beləliklə, dekabrın 29-da Mixeil Kavelaşvili and içərək, rəsmi olaraq Gürcüstan prezidenti kimi fəaliyyətə başladı. Və elə həmin gün - İnauqurasiya günü yeni prezident Kavelaşvili etiraz aksiyalarında maska taxmağı və lazerdən istifadəni qadağan edən qanunu imzaladı. 

Gürcüstan parlamentinin dekabrın 13-də təsdiq etdiyi “Yığıncaqlar və nümayişlər haqqında” qanuna edilən dəyişikliklərə əsasən, “üzü maska və ya digər vasitələrlə örtmək” qadağandır. Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşlarının gözünə və müşahidə kameralarına saldığı pirotexniki vasitələr və lazerlər də daxildir.

Mixeil Kavelaşvilinin andiçmə mərasimindən sonra sabiq prezident Salome Zurabişvili Orbeliani sarayını tərk etdi. O bildirdi ki, ölkəni xilas etmək üçün biznes nümayəndələri, dövlət rəsmiləri, etirazçı gənclər və rayon sakinləri ilə görüşlərini, həmçinin xaricə səfərlərini davam etdirəcək. 

Baş verənlərlə yanaşı, 2024-cü ilin noyabr-dekabr aylarında etiraz aksiyalarında iştirak etdiyi iddiası ilə 25 nəfər əcnəbi Gürcüstandan çıxarıldı. Eləcə də 2024-cü ildə Gürcüstan rəsmiləri, iş adamları və hakimlər Qərbin sanksiya siyahısına salındı. “Gürcü Arzusu”nun “xaç atası” Bidzina İvanişvili, baş nazir İrakli Kobaxidze, DİN rəhbəri Vaxtanq Qomelauri və başqaları Qərb ölkələrindən maliyyə və ölkəyə giriş sanksiyalarına məruz qalıblar. Almaniya, Fransa və Polşa gürcü diplomatları üçün vizasız rejimi “Avrointeqrasiyadan çıxması” səbəbindən ləğv edib. “Bununla bağlı, biz Aİ-nin Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız rejimin ləğvi ilə bağlı qərarını qüvvəyə mindirəcəyik”, - Fransa, Almaniya, Polşa xarici işlər nazirlərinin birgə bəyanatında deyilir. Bununla yanaşı, onlar həm Aİ səviyyəsində, həm də bu ölkələr daxilində Gürcüstan hakimiyyətinə qarşı başqa tədbirlər tətbiq etməyi düşünürlər. 

Amma Gürcüstanla bağlı Avropada fikir ayrılığı yaranıb. Avropa parlamentarisi Riçard Kols yanvarın 8-10-da ATƏT Parlament Assambleyasının prezidentinin nümayəndə heyəti ilə Gürcüstana səfər edəcəyini bildirərək, bunu “fəlakətli”, Piu Kaumu isə “zəif lider” adlandırıb.

Daha sonra planlaşdırılan səfəri Bundestaqın deputatı Maykl Rot tənqid edərək, bunu “ciddi səhv” adlandırıb və “Gürcüstan hökumətini və parlamentini legitimləşdirməməyə” çağırıb. Təbii ki, 2024-cü il parlament seçkilərinin nəticələrini tanımayan Gürcüstanın müxalifət partiyaları da kənarda qalmayıb. Kauma göndərdikləri məktubda onlar Gürcüstan yeni seçkilərə hazırlaşmağa başlayana qədər səfəri təxirə salmağa çağırıblar.

Aİ-nin sanknsiyalarından başqa, ABŞ da Gürcüstana qarşı yeni sanksiyalar hazırlayır. Vaşqinton “demokratiyanı sarsıdan” gürcü siyasətçilərinə qarşı sanksiyaların tətbiqinə imkan verən “MEGOBARI Aktı”nı yenidən qeydiyyata almağı planlaşdırır, həmçinin Gürcüstanda parlament seçkilərinin nəticələrinin tanınmaması təşəbbüsünü irəli sürür. Tennessi ştatından demokrat Stiven Koen və Cənubi Karolinadan respublikaçı Co Vilson bildiriblər ki, qanun layihələri yeni Konqresə ilk günündə təqdim olunacaq. 

Gürcü hakimiyyəti isə bunu ABŞ-ın Gürcüstanda təxribat hazırlaması kimi qəbul edir. Bu kontekstdə Vaşinqtonun Avropa Siyasətinin Təhlili Mərkəzinin aparıcı hərbi eksperti Ben Hodcesin (2014-2017-ci illərdə ABŞ silahlı qüvvələrinin Avropadakı keçmiş baş komandanı) “Amerikanın Səsi”nə verdiyi müsahibəsini gözdən keçrmək olar. 

“Gürcüstan prezidentinə (Salome Zurabişviliyə) nə qədər heyran olduğumu deməliyəm. O, Gürcüstanın qeyri-legitim hökumətinə qarşı mübarizədə cəsarət, güc və qətiyyət nümunəsidir. Təbii ki, mən də narahatam ki, nə vaxtsa kimsə ona zərər verər... Əgər ona nəsə olsa, cavab verilməlidir. Təəssüf ki, hazırda bütün ölkələrdə çox şey baş verir”, deyə Hodces bildirib.

Qeyd etdiyimiz kimi, sabiq prezident Salome Zurabişvili Gürcüstanın qanuni yolla seçilmiş rəhbərliyi üçün heç bir təhlükə yaratmır. O, Orbeliani sarayını tərk etdi və getdikcə daha çox insan mitinqləri davam etdirməyə çağırır. 

Bəs insanların sarsılmayan əzmlə 2024-cü ilin noyabrından bəri davam edən etiraz aksiyaları onların seçici iradəsini əks etdirməyən “Gürcü arzusu”nun hakimiyyəti itirməsinə niyə təkan verə bilmir? Əgər məsələ sadəcə xalqın iradəsindədirsə, niyə gürcü cəmiyyətinin demokratiya iradəsi Bidzinanın partiyasına güc gələ bilmir? Hərçənd, aksiyaların gedişində bir sıra dövlət rəsmiləri vəzifələrindən könüllü istefa verdilər...

Görünür, ümidini Trampın gəlişinə bağlamış Rusiya hakimiyyəti kimi, Gürcüstan hakimiyyəti də ABŞ-ın yeni prezidentinin andiçmə mərasimindən sonra Vaşinqtonla münasibətlərin yenidən qurulacağını gözləyir. Bu barədə “Xalqın Gücü” partiyasından olan parlament üzvü Quram Maçaraşvili də bildirib. O deyib ki, Gürcüstan yeni prezident Donald Trampın andiçmə mərasimindən sonra yaxın həftələrdə ABŞ-la münasibətlərə yenidən baxılmasını gözləyir.

“Biz dəfələrlə demişik ki, biz Amerika və Avropa İttifaqı ilə tərəfdaşlığı bərpa etməyə hazırıq. Önümüzdəki günlərdə və həftələrdə mütləq münasibətlərin yenidən başlayacağına əminik", deyə Quram Maçaraşvili ifadə edib. 

Odur ki, indi Gürücstanda “sıfırlama siyasəti” bu anlama gəlir:

- Gürcüstanın bütün səviyyələrdə “qanuni seçilmiş” hakimiyyət orqanlarının tanınması;

- Gürcüstan rəhbərliyinin “suveren” qərarlarına hörmət;

- Müxalifət qüvvələrini dəstəkləməkdən imtina.

Amma Tramp gözlənilən yumşalmaya gedəcəkmi? Başı Ukraynada müharibəyə qarışan Vaşqinton gürcü toplumunun Qərbə inteqrasiyasına dəstək ortaya qoyacaqmı? Yoxsa “Gürcü arzusu”nun müxalifətə və 40 günə yaxınlaşan etiraz aksiyalarına saymazyana münasibətini gözməməzliyə vuracaq? Məsələn, hansısa mənfəət və maraq uzlaşması burada aparıcı rol oynayacaqmı? Axı Tramp özü də Bidzina İvanişvili kimi iş adamıdır. İş adamları üçün isə əsas prioritet maddi maraqlardır, digər dəyərlər isə adətən arxa plana keçir. 

Hər halda bunun bir daha belə olub-olmayacağını Trampın prezident kimi rəsmi fəaliyyətə başlamasından sonra ilk öncə Rusiya-Ukrayna məsələsinə baxışından görmək mümkün olacaq.

Ülviyyə ŞÜKÜROVA



Oxşar Xəbərlər

Xəbər lenti