Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatının birgə fəaliyyəti perspektivlərə malikdir



 

Azərbaycan son illərdə beynəlxalq təşkilatlarla çoxşaxəli, səmərəli və faydalı əlaqələrini gücləndirib. Azərbaycan və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) arasında əməkdaşlıq da bu baxımdan diqqətəlayiqdir. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi zamanı bildirib ki, əslində, Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə, ölkəmizin statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır: “Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Əlbəttə ki, beynəlxalq təşkilatlarla işləyəndə və ya onlarla daha yaxın olmaq istəyəndə siz təşkilatın tərkibinə, üzv ölkələrinə nəzər salırsınız. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa, bizim coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Əlbəttə ki, Çin və Mərkəzi Asiya ölkələri ilə üzərində fəal iş apardığımız məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, biz praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilərik”.

Bu ikitərəfli əməkdaşlıq tərəflərin hər biri üçün faydalıdır. Bu da səbəbsiz deyil. İlk növbədə, rəsmi Bakı təşkilata üzv olan ölkələrin əksəriyyəti ilə dostluq və əməkdaşlıq əlaqələrinə malikdir. Eyni zamanda, ŞƏT ölkələrinin böyük iqtisadi potensialı da diqqəti çəkir. Ona görə də bu təşkilatla əməkdaşlıq Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi, o cümlədən iqtisadi inkşaf baxımından mühüm perspektivlər vəd edir.  ŞƏT ilə əməkdaşlıq Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə daşımların artmasına da təkan verəcək. Belədə, həm ŞƏT ölkələri, həm də Azərbaycan bu əməkdaşlıqdan yaxşı qazanc əldə edə biləcək. Azərbaycan-ŞƏT əməkdaşlığının təhlükəsizlik baxımından da əhəmiyyəti var. Çünki regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi ŞƏT-in əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. ŞƏT ilə əməkdaşlıq Azərbaycanın real mövqeyinin dünyaya obyektiv çatıdırlması baxımından da əhəmiyyətlidir. 

 

Aygün Abbasova

Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti