Türk Dövlətləri Təşkilatı Zirvə Görüşü: Birlik, strateji güc və inkişafın geosiyasi xəritəsi

7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü təkcə diplomatik toplantı deyil, Türk dünyasının gələcək siyasi və iqtisadi xəritəsini müəyyənləşdirən strateji hadisə kimi tarixə düşdü. Zirvənin ana xəttində Prezident İlham Əliyevin formalaşdırdığı ideoloji vizyon – Türk birliyinin artıq əməkdaşlıqdan geosiyasi mərkəz mərhələsinə keçidi dayanırdı.

Qlobal nizamın pozulduğu, güc balanslarının dəyişdiyi bir dövrdə Prezident Əliyev Türk Dövlətləri Təşkilatını yeni geosiyasi qütb kimi səciyyələndirdi. Onun baxışında türk birliyi artıq mədəni yaxınlıq deyil, daxili sabitlik, iqtisadi potensial, nəqliyyat arteriyaları və hərbi güc üzərində qurulan strateji ittifaqdır. Bu yanaşma türk dövlətlərini yalnız regionda deyil, beynəlxalq münasibətlər sistemində də hesablaşılacaq qüvvəyə çevirir.

Azərbaycan Prezidenti üçün sülh və təhlükəsizlik anlayışları sadəcə diplomatik termin deyil, inkişafın ilkin şərtidir. Zirvə görüşündəki çıxışı bir daha göstərdi ki, Azərbaycan sülhü qətiyyətlə müdafiə edən, lakin onu güc amilindən kənar təsəvvür etməyən bir dövlət kimi çıxış edir. İlham Əliyevin sülhü təhlükəsizliklə, təhlükəsizliyi isə hərbi-texniki tərəfdaşlıqla əlaqələndirməsi türk dövlətləri üçün vahid müdafiə fəlsəfəsinin əsasını qoyur.

Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı və 2026-cı ildə keçiriləcək birgə təlimlər barədə təşəbbüs bu yeni mərhələnin rəmzidir. Bu, sadəcə taktiki addım deyil – türk dövlətlərinin vahid təhlükəsizlik ekosisteminin formalaşması istiqamətində strateji təklifdir.

Zirvə görüşündəki səslənən fikirlər göstərdi ki, İlham Əliyevin baxışında hərbi güc yalnız müdafiə vasitəsi deyil, müstəqilliyin və ədalətli sülhün təminatıdır. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və sonrakı antiterror tədbirləri bu fəlsəfənin reallığa çevrildiyinin sübutudur. Bu, həm də Cənubi Qafqazda yeni ədalət modelinin – güc və hüququn harmoniyasına əsaslanan sabitliyin başlanğıcıdır.

Prezident Əliyevin çıxışında iqtisadi və kommunikasiya sahələri ilə bağlı baxış da dərin geosiyasi məna daşıyırdı. Azərbaycan bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə, türk dövlətləri arasında strateji körpü rolunu oynayır. Orta Dəhlizin 90 faiz artmış yükdaşımaları və tranzit müddətlərinin azalması bu vizionun real nəticəsidir. Zəngəzur dəhlizinin açılması isə bu inteqrasiyanın növbəti mərhələsini – Türk dünyasının fiziki və iqtisadi birliyini təmin edəcək.


Azərbaycanın enerji siyasəti də bu konsepsiyanın davamıdır. 14 ölkəyə təbii qaz ixrac edən və bərpaolunan enerji mənbələrinə böyük sərmayələr yönəldən ölkə, təkcə regionun deyil, Avrasiyanın enerji xəritəsində mühüm strateji oyunçudur. İlham Əliyevin “yaşıl enerji dəhlizi” ideyası türk dünyasının gələcəyini enerji təhlükəsizliyi və ekoloji məsuliyyət kontekstində birləşdirən yeni ideoloji xətt kimi dəyərləndirilə bilər.


İqtisadi əlaqələrdə qardaş ölkələrə yatırılan 20 milyard dollardan artıq sərmayə, Azərbaycan-Türkiyə-Özbəkistan-Qazaxıstan-Kırğızıstan fondlarının yaradılması artıq ideoloji həmrəyliyin iqtisadi reallaşma mərhələsinə keçdiyini göstərir. Bu, İlham Əliyevin uzunmüddətli strateji məqsədinin – Türk dünyasında iqtisadi müstəqillik və dayanıqlı inkişafın təmin olunması hədəfinin tərkib hissəsidir.


Zirvə görüşündə Prezidentin vurğuladığı 1926-cı il Bakı Türkoloji Qurultayının 100 illiyinin qeyd edilməsi təşəbbüsü isə ideoloji səviyyədə türk kimliyinin tarixi yaddaşını dirçəldən dərin simvolik addımdır. Bu, həm mədəni, həm siyasi mənada bir mesaj idi: türk birliyi yalnız ortaq maraqlar üzərində deyil, ortaq yaddaş və mənəvi irs üzərində yüksəlməlidir.


Zirvənin sonunda Qarabağ və Şərqi Zəngəzurun bərpasında qardaş ölkələrin dəstəyinə göstərilən təşəkkür, türk həmrəyliyinin təkcə sözlə deyil, əməldə möhkəmləndiyini sübut etdi. Füzuli, Ağdam və Cəbrayılda tikilən məktəblər, yollar, məscidlər bu birliyin canlı simvoluna çevrilib.


Qəbələdə keçirilən Zirvə görüşü İlham Əliyevin liderliyində Türk dünyasının strateji istiqamətini müəyyənləşdirən yeni mərhələ kimi tarixə düşdü. Bu mərhələdə Azərbaycan artıq təkcə regionun sabitlik dayağı deyil, həm də Türk birliyinin siyasi, iqtisadi və mənəvi mərkəzinə çevrilməkdədir.


Türk Dövlətləri Təşkilatı artıq tək bir ideya deyil – ortaq gücün, ortaq iradənin və ortaq gələcəyin institusional formasıdır. Qəbələdən başlayan bu yol türk xalqlarının birliyini yeni geosiyasi nəfəs, yeni inkişaf fəlsəfəsi və yeni tarixi məsuliyyətlə birləşdirir.


Fatma Xıdırlı,

Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai, siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti