AVCİYA bələdiyyə seçkiləri ilə bağlı ilkin rəyini açıqladı

 

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Azərbaycan Respublikasında 23 dekabr  2019-cü il tarixdə keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı ilkin rəyini açıqlayıb. AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı seçki prosesi dövrünə aid təşkilatın ilkin rəyini açıqlayıb.

İlkin rəydə qeyd edilir: 

- Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu ilin fevral ayından başlayaraq bələdiyyə seçkiləri ilə əlaqədar geniş fəaliyyət proqramı həyata keçirib. Assosiasiya bələdiyyə seçkilərinin  azad, ədalətli, demokratik keçirilməsinə yardım göstərilməsi, seçkilərin AR Seçki Məcəlləsinin tələblərinə, Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə və demokratik seçkilər sahəsində beynəlxalq standartlara uyğunluğunu qiymətləndirməsi məqsədilə seçkilərin uzunmüddətli müşahidəsini təşkil edib. Bununla əlaqədar 13 dekabr 2019-cu il tarixdə ictimaiyyətə Aralıq Hesabat (14 fevral-13 dekabr 2019) təqdim olunub. Hesabatda seçkiqabağı siyasi mühit, söz və mətbuat azadlığı, KİV-in monitorinqinin nəticələri, sərbəst toplaşmaq azadlığı, namizədlərin irəli sürülməsi, qeydə alınması, seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti, təbliğat və təşviqat kampaniyası və AVCİYA haqqında geniş məlumat öz əksini tapıb. Assosiasiya 03 oktyabr 2019-cu il tarixdə KİV nümayəndələrinin iştirakı ilə "Bələdiyyə seçkiləri: Yerli və beynəlxalq təcrübə” adlı  tədbir, 15 noyabr 2019-cu il tarixdə təsdiq edilmiş qrafikə uyğun olaraq regionlarda bələdiyyə seçkiləri ilə bağlı maarifçilik tədbirləri həyata keçirib. Yerli və beynəlxalq təşkilatların Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı müxtəlif dövrlərdə irəli sürdükləri təklif və tövsiyələri AVCİYA ekspertləri təhlil edərək Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı öz təkliflərini irəli sürmüşlər.

Assosiasiya belə hesab edir ki, seçki ərəfəsi mövcud olan ictimai-siyasi mühit ölkədə azad və şəfaf seçkilərin keçirilməsinə imkan vermişdir.

Seçki günü 5 dəfə (saat  10.00, 12.00, 15.00, 17.00, 19.00) məntəqələrdəki seçici fəallığının vəziyyəti, müşahidə olunan qanun pozuntuları və s. barədə məlumatlar AVCİYA Seçki Qərargahında toplanaraq ümumiləşdirilmişdir. Assosiasiyanın bələdiyyə seçkilərinin yekunları ilə bağlı ilkin rəyi aşağıdakı kimidir:

AVCİYA-nın bələdiyyə seçkilərindəki müşahidəsinin nəticələri onu deməyə əsas verir ki, müşahidə aparılmış  məntəqələrdə seçiçi fəalliğı 39,75 % təşkil etmişdir. Seçki günü ölkə üzrə bir neçə məntəqədə bəzi çatışmazlıqlar müşahidəçilərimiz tərəfindən qeydə alınmışdı. Məsələn, müşahidəçilərin bəzi məntəqlərdə qeydə alınmasının gecikdirilməsi, səsvermənin nəticələrinə dair protokolun surətinin müşahidəçilərə verilməsinin yubadılması, müşahidəçilər üçün yerlərin əlverişli seçilməməsi və s. Bu faktlala bağlı dərhal məntəqə sədrləri ilə əlaqə saxlanılmış, qeyd olunan nöqsanlar aradan qaldırılmışdır.Qeydə alınmış bu cür  az sayda çatışmazlıqlar seçkilərin ümumi nəticələrinə təsir etmək gücündə olmamışdır.

Beləliklə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası həyata keçirdiyi müşahidənin nəticələrinə əsaslanaraq Azərbaycan Respublikasında 23 dekabr 2019-cü il tarixdə keçirilmiş bələdiyyə seçkilərini baş tutmuş hesab edir. Assosiasiya belə hesab edir ki, seçkilər qanunvericiliyə, demokratik normalara uyğun, şəffaf  keçirilmişdir.

Mətbuat konfransında ilkin rəy açıqlandıqdan sonra M.Zülfüqarlı jurnalistlərin suallarını cavablandırdı.  

Musavat.com

20191224_110244.jpg (3.68 MB)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}