8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Aprelin 18-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir qrup şəxsin dələduzluqla məşğul olaraq, vətəndaşlara külli miqdarda zərər vurmaları ilə bağlı açıqlama yaydı.
Hurriyyet.az-ın məlumatına əsasən, həmin açıqlamada İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən və vətəndaşlardan daxil olmuş məlumatlar üzrə aparılmış araşdırma əsasında “Recent Group” və “Area Alfa Group” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin rəhbər vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıldığı bildirilirdi.
“İstintaqla qeyd edilən hüquqi şəxslərin direktorları Sevinc Aslanova və Kamil Curayevin Almaniya, Niderland, Slovakiya və başqa ölkələrə iş vizası və dəvəti alınması, eləcə də digər növ məşğulluq məsələlərinin həllinə dair yalan vədlər verməklə 2023-2024-cü illər ərzində ayrı-ayrı vətəndaşlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini onların etibarından sui-istifadə edərək almalarına dair əsaslı şübhələr müəyyən edilib.
Hazırda qeyd olunan bütün faktlar üzrə zərərçəkmiş şəxslərin dairəsi və vurulmuş ziyanın məbləğinin tam müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir”, - deyə vurğulanırdı.
Qeyd edək ki, məlum şəbəkənin külli miqdarda zərər vurduğu şəxslərdən biri də Bakı şəhər sakini Məmmədova Ləman Zaur qızıdır. L.Məmmədova və müəyyən səbəblərdən adlarının saytımızda çəkilməsini istəməyən digər vətəndaşlar tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər bildirirlər ki, “Area Alfa Group”un rəhbər şəxslərindən olan Sevinc Aslanova onları aldadaraq aldığı pulları aylardır geri qaytarmır:
“Yazaraq bildirir ki, “Area Alfa Group”un rəhbərliyi xarici ölkələrdə işlə təmin etmək adı altında biz vətəndaşların pulunu mənimsəmişdir. Pulumuzu almaq üçün Sevinc Aslanovaya müraciət etdik. O, bizə, “polisə getsəniz, məndən heç bir qəpik də ala bilməyəcəksiniz”, - deyir””.
Ləman Məmmədova yazır ki, xaricə getmək və orada işlə təmin olunmaq üçün anası ilə birgə bu şirkətə müraciət ediblər: “İlk tanıdığımız şəxs elə Sevinc Aslanova oldu. O, bizə Avropa ölkələrindən birində işlə təmin olunmağımızla bağlı vədlər verdi. Bu məqsədlə ona 2500 manat pul ödədik. Üstəlik, sənədlərin tərcümə olunması üçün hərəyə 90 manat olmaqla, 180 manat da əlavə ödəniş etdik. Bir müddət sonra onun bizi aldatdığı aydın oldu. Bu səbəbdən, pulumuzu geri tələb etdik. Nəticədə, hissə-hissə olmaqla 1250 manat ala bildik, qalan pulumuzu isə aylardır qaytarmır.
Sevinc Aslanova yazdığımız və onun bizə göndərdiyi bütün mesajlar, səslər telefonumuzda durur.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məlum açıqlamasından sonra, pulumuzun qalan hissəsini də almaq üçün “Area Alfa Group”un ofisinə getdik. Bu zaman barəsində cinayə işi açılan Sevinc Aslanovanın ofisdə olduğunu gördük və ona yaxınlaşıb, pulumuzun qalan hissəsini ödəməsini tələb etdik. O, son 10 ayda olduğu kimi, “bu gün, sabah” deyərək, yenə də müxtəlif bəhanələrlə pulumuzu qaytarmaqdan imtina etdi. Görünür, bu qadın kiməsə arxayın olduğundan, vətəndaşların pulunu qaytarmaq istəmir”.
Qeyd edək ki, məsələ ilə bağlı bir neçə gün əvvəl “Area Alfa Group”un rəhbəri Sevinc Aslanovaya zəng vurduq. O, əvvəl zənglərimizə cavab verməsə də, sonradan özü bizimlə əlaqə saxladı. Barəsində redaksiyamıza şikayət məktubu daxil olduğunu bildirdikdə, “rəhbərlik etdiyim şirkətin daxili problemləri var idi, amma artıq aradan qalxıb. Heç kim narahat olmasın, bütün müraciət edən vətəndaşların pulu qaytarılır. Ləman xanımın da pulu aprelin 23-24-də hesaba qaytarılacaqdır”, - deyə cavab verdi. Aprelin 24-də axşam saatlarında məlum oldu ki, S.Aslanova vətəndaşın pulunu qaytarmayıb. Bu səbəbdən, yenidən onunla əlaqəsa saxlamaq istədik. Lakin bu zaman Sevinc Aslanovanın bizim telefon nömrəmizi bloka saldığı məlum oldu.
Jalə FAMİLQIZI
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.