"PREZİDENT ADMİNİSTRASİYASI BUNA DƏRHAL REAKSİYA VERMƏLİDİR"

"PREZİDENT ADMİNİSTRASİYASI BUNA DƏRHAL REAKSİYA VERMƏLİDİR"

 

Osman Gündüz: "Naxçıvanın dövlət qurumlarının saytlarında ictimai informasiyaların yerləşdirilməməsi qanun pozuntusudur"

Ötən sayımızda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət orqanlarının saytları, daha doğrusu onların fəaliyyətinə dair apardığımız araşdırmanın nəticələrini diqqətinizə çatdırdıq. Bu zaman məlum oldu ki, Vasif Talıbovun rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikasında demək olar ki, bütün dövlət qurumları lazımı informasiyanı operativ şəkildə elektron resurslar vasitəsilə vətəndaşlara təqdim edə bilmir.

Məsələn, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin saytı (www.alimeclis.az), Rabitə və Yeni Texnologiyalar Nazirliyinin saytı (rytn.nakhchivan.az), Dövlət Gömrük Komitəsinin saytı (dgk.nmr.az), Nazirlər Kabinetinin saytı (nazirlerkabineti.nakhchivan.az), Vergilər Nazirliyinin saytı (vergi.nakhchivan.az), Nəqliyyat Nazirliyinin saytı (neqliyyat.nakhchivan.az), Maliyyə Nazirliyinin saytı (maliyye.nakhchivan.az), Fövqəladə Hallar Nazirliyinin saytı (fh.nakhchivan.az), Dövlət Baş Sığorta Agentliyinin saytı (sigorta.nakhchivan.az), Naxçıvan Muxtar Respublikası Prokurorluğunun saytı (prokurorluq.nakhchivan.az) formal xarakter daşıyır, demək olar ki, heç bir fəaliyyət göstərmirlər. Həmçinin, o da bəlli oldu ki, muxtar respublikanın Elektron Hükumət portalının saytı (e-hokumet.nmr.az), İqtisadi İnkişaf Nazirliyinin saytı (iin.nakhchivan.az), Kənd Təsərrüfatı Nazirliyinin saytı (kt.nakhchivan.az), Mərkəzi Bankın saytı (mb.nakhchivan.az), Daxili İşlər Nazirliyinin 2 saytı (din.nakhchivan.az və din.nmr.az) isə ümumiyyətlə işləmir.

Təbii ki, bütün bunlar ölkə başçısının 2012-ci il 19 iyun tarixli "Azərbaycan Respublikası dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanının, prezidentin 14 mart 2018-ci il tarixli "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" Fərmanının, Nazirlər Kabinetinin 4 sentyabr 2012-ci il tarixli "Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər"in təsdiq edilməsi haqqında qərarının, o cümlədən "İnformasiya əldə edilməsi haqqında" Qanunun tələblərinin kobud surətdə pozulması deməkdir.

Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, bütün bu məsələlər 2005-ci ildə qəbul edilmiş "İnformasiya əldə edilməsi haqqında" qanunla tənzimlənir: "Həmin qanunda isə birmənalı şəkildə yazılıb ki, vətəndaşın istəyib, istəməməsindən asılı olmayaraq, bu və digər dövlət qurumunun fəaliyyətinə dair bir sıra informasiyalar açıqlanmalı, görülən işlərlə bağlı ətraflı məlumat verilməli və bunlar mütləq internet resursunda yerləşdirilməlidir. Məhz həmin qanunda qeyd olunan tələbləri pozan dövlət qurumlarının, onların vəzifəli şəxslərinin cəzalandırılması mexanizmi də öz əksini tapıb. Hətta biz təkliflər vermişdik ki, informasiyaların açıqlanmaması ilə bağlı tətbiq olunan cərimələri artırmaq lazımdır. Çünki indiki cərimələr elə də böyük deyil. Buna baxmayaraq, dövlət qurumunun birinci şəxsi istənilən halda informasiyanın açıqlanması üçün məsuliyyət daşıyır. Məsələn, qanuna əsasən bu və ya nazirlikdə xüsusi qurum yaradılmalı və həmin qurum qanunda nəzərdə tutulan informasiyanın saytda yerləşdirilməsi işi ilə məşğul olmalıdır. Bunun üçün müvafiq şərait yaradılmalı və hər gün məlumatlar yenilənməlidir".

Bakıda yerləşən mərkəzi icra hakimiyyəti orqanları, nazirliklərlə bağlı vəziyyətin son dövrlərdə müsbət istiqamətdə dəyişdiyini deyən Osman Gündüzün sözlərinə görə, bu gün paytaxtdakı dövlət qurumlarının saytlarında orta açıqlıq 65 faiz civarındadır: "Biz daim bu istiqamətdə monitorinq aparmışıq. Lakin son bir ildir ki, bununla bağlı monitorinq keçirməmişik. Ancaq həmin dövrə qədər inkişaf dinamikası aydın hiss olunurdu. Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarının saytları ilə bağlı vəziyyətə gəldikdə isə hələlik bu istiqamətdə hər hansı araşdırma aparmamışıq. Lakin əgər sizin apardığınız müşahidələr, monitorinqlər ictimai informasiyaların böyük əksəriyyətinin dövlət orqanlarının saytlarında yerləşdirilmədiyini göstərirsə, o zaman bu, konkret qanun pozuntusudur. Hesab edirəm ki, Prezident Administrasiyası, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili - ombudsman və digər aidiyyatı qurumlar dəhral buna reaksiya verməlidirlər. Çünki ortada konkret qanun var və həmin qanunun tələbləri pozulur. Odur ki, müvafiq qurumların birinci şəxsləri bu məsələyə ciddi münasibət sərgiləməlidirlər".

Azərbaycan İnternet Forumunun prezidentinin fikrincə, Naxçıvan Muxtar Respublikasının dövlət qurumlarının saytlarının olduqca bəsit, qeyri-peşəkarcasına hazırlanması, vətəndaşları və kütləvi informasiya vasitələri nümayəndələrini maraqlandıran məlumatların yerləşdirilməməsi muxtar respublikada internet resurslarının formalaşmasına qeyri-ciddi münasibət göstərildiyini deməyə əsas verir: "Qeyd edim ki, hökumət, aidiyyatı qurumlar tərəfindən internet resurslarına verilən tələblər var. Nazirlər Kabinetinin də bununla bağlı müvafiq qərarı mövcuddur. Deməli, burada qanunvericilik iki istiqamətdə pozulur. Belə ki, qanunvericiliklə internet resurslarına verilən tələblərə əməl olunmur. Halbuki bunlar, yəni dövlət qurumlarının saytları hansı brauzerlərlə və domenlərlə açılmalıdır, hətta domenlərin necə olması, hansı standartlara cavab verməsi belə, təsbit olunub. Eyni zamanda, açıqlanması məcburi olan informasiyalar da qeyd olunub. Məhz bu səbəbdən də hesab edirəm ki, artıq bu, bir neçə qanunvericiliyin tələblərinin pozulmasıdır".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}