Banklar ölkənin maliyyə sistemi üçün kabusa çevrilib

Banklar ölkənin maliyyə sistemi üçün kabusa çevrilib


Maliyyə Nazirliyi və Mərkəzi Bank isə bank böhranını aradan qaldırmaq gücündə deyil

Azərbaycanın bank sistemi ciddi böhran ərəfəsindədir və onun xilas edilməsi üçün bir neçə milyard manat lazımdır. Hətta bəzi ekspertlər Azərbaycan bank sisteminin xilas edilməsi üçün 30 milyard manata yaxın vəsait lazım olduğunu iddia edir. Ölkənin bank sistemi ilə bağlı dəqiq məlumatlar olmadığı üçün bu növ məlumatları nə təkzib etmək, nə də təsdiq etmək mümkündür. Ancaq bir məsələ tam aydındır ki, ölkənin bank sistemi ciddi böhran ərəfəsindədir. Hökumət Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılmasına bu günə kimi 10 milyard manata qədər vəsait sərf edib, ancaq məqsədinə tam nail ola bilməyib. Belə bir vəziyyətdə Mərkəzi Bankın özəl bankları xilas edəcəyi heç inandırıcı deyil. Aydın görünür ki, Mərkəzi Bank bankları xilas etmək haqqında deyil, manatın məzənnəsinin sabitliyinin qorunması haqqında düşünür. Mərkəzi Bank tərəfindən taleyin ümidinə buraxılmış banklar isə borclarının artması üzündən xaricdən ucuz kredit götürə bilmirlər. Mərkəzi Bank isə banklara yüksək faizlərlə kredit ayırdığı üçün onlara sərfəli deyil. Belə halda isə banklar iqtisadiyyatın inkişafına dəstək vermək kimi əsas funksiyasını yerinə yetirə bilmir.

Banklarla bağlı digər problem insanların banklara vaxtı keçmiş borcunun ciddi bir həddə 2 milyard manata çatmasıdır. Ötən il bu rəqəm 1,6 milyard manat olub və bir il ərzində azalma əvəzinə 400 milyon borc artımı olub. Ekspertlər Maliyyə Bazarlarına Nəzarət Palatası yaranmasının da problemin həllinə öz təsirini göstərmədiyini qeyd edirlər. Maliyyə Bazarlarına Nəzarət Palatası yaranmazdan əvvəl vaxtı keçmiş kreditlər 1,6 milyard manat idisə, artıq 2 milyarda çatıb ki, bu da Palatanın tam effektsiz olduğundan xəbər verir. Banklarda vaxtı keçmiş kreditlərin həcmi getdikcə artır və bu borcları silmək mümkünsüz hala gəlir. Bankların bu pulları məhkəmə vasitəsilə almaq cəhdi də effektsizdir. Çünki, Azərbaycanda hər dörd nəfərdən biri banklara borcludur.

Belə bir ağır vəziyyətdə Maliyyə Nazirliyinin də, Mərkəzi Bankın da nə düşündüyünü anlamaq olmur. Sanki, bu qurumlar ya yaranmış vəziyyətdən xəbərsizdirlər, ya da baş verəcəklərin qarşısını almaqda gücsüzdürlər. Onu nəzərə almaq lazımdır ki, gələn il həm Azərbaycanda, həm də ölkəmizin ciddi iqtisadi bağlarla bağlı olduğu Rusiyada ciddi iqtisadi böhran gözlənilməsi haqqında məlumatlar var. Doğrudur, prezident İlham Əliyev Qobustan rayonunda sakinlərlə görüşü zamanı gələn il Azərbaycanda sürətli iqtisadi inkişaf olacağını deyib. Prezidentin ölkədə iki ildir yaşanan iqtisadi tənəzzüldən sonra Azərbaycanın yenidən sürətli inkişaf mərhələsinə daxil olacağını anons etməsi çox yaxşı, nikbin məsələdir. Gələn il üçün dövlət büdcəsinin xərclər və gəlirlər hissəsində indikindən 4 milyard manatdan çox artım nəzərdə tutulması da müsbət məqamdır. Çünki, bu gələn il dövlət investisiya xərclərinin yenidən ciddi ölçüdə artacağı, nəticədə iqtisadiyyatda canlanma yaranacağı anlamına gəlir.

Gələn ilin dövlət büdcəsinin indikindən 4 milyard manat artıq formalaşması isə neftin qiymətinin ilin əvvəlinə nisbətən baha olması ilə bağlıdır.Hazırda Azərbaycan neftin bir bareli 60 dollar ərəfəsindədir və hökumət bazarda sabitlik davam edəcəyini, kəskin ucuzlaşma baş verməyəcəyini düşünür. Gələn ilin büdcəsində neftin qiymətinin 40 dollardan 45 dollara qaldırılması da bundan xəbər verir. Neftin büdcə qiymətinin 5 dollar baha götürülməsi gəlirlərdə artımı zəmanətləyir. Yəni göründüyü kimi hökumətin bütün iqtisadi siyasəti bahalı neftə bağlıdır. Ancaq onun bu ümidi özünü doğrultmaya da bilər. Bəzi ekspertlər hesab edir ki, gələn il neft

indikindən ucuz olacaq. Əlbətdə, belə olarsa hökumət büdcyə Neft Fondunadan əlavə vəsaitlər transfer edə bilər. Ancaq bu da əlavə problemlər yaradacaq.

Hələlik isə ölkənin bank sistemi düzxətlə böhrana doğru gedir. Mərkəzi Bank və Maliyyə Nazirliyi isə bu gedişin sonunu gözləyir. Onların bu sonluğu önləmək niyyətində olmaması isə belə təəssürat yaradır ki, hökumət tədricən sovet iqtisadi sisteminə keçir. Yəni, sovet dönəmində olduğu kimi banklar yalnız əmanət kassaları kimi fəaliyyət göstərir. Onların əsas təyinatından biri olan iqtisadiyyatın maliyyələşdirilməsi gündəmdən çıxarılır. Bütün malyyələşdirmələr dövlətin əlində cəmləşdirilir. Bu isə bir dəfə yaşanmış yanlışlıqların təkrar edilmsindən başqa bir şey deyil. Çünki, neftin ucuzlaşması halında dövlət bu funksiyanı yerinə yetirə bilməyəcək və əsl böhran o zaman baş verəcək. Gələn il prezident seçkiləri ilidir və istənilən iqtisadi problem siyasi atmosferə öz təsirini göstərəcək.

"Yeni Sözçü" qəzeti

 



Oxşar Xəbərlər

Xəbər lenti

Videolar