Yeni dəyişikliklər gömrükdə nəyi dəyişəcək? –Deputat ümidlidir, sabiq sədr isə "sistem dəyişməlidir" deyir

Yeni dəyişikliklər gömrükdə nəyi dəyişəcək? –Deputat ümidlidir, sabiq sədr isə "sistem dəyişməlidir" deyir

 

Bundan sonra Azərbaycanda bir sıra idxal-ixrac əməliyyatlarına Dövlət Gömrük Komitəsi ilə birgə Vergilər Nazirliyi də nəzarət edəcək.

Bununla bağlı prezident İlham Əliyev aprelin 20-də sərəncam imzalayıb. Uzun illərdir müstəqil ekspertlər, mütəxəssislər iqtisadiyyatı inkişaf etdirmək, Gömrük Komitəsindəki problemləri aradan qaldırmaq üçün hökuməti bu iki qurumu birləşdirməyə çağırırdılar.

 

YENİ SƏRƏNCAMIN BAZARA TƏSİRİ…

 

İndi 12 ildən sonra bu Komitənin rəhbəri də dəyişdirilir, səlahiyyətlərinin bir qismi də Vergilər Nazirliyi ilə müştərək icra ediləcək. Bu sərəncam nəyi dəyişəcək? Ölkədə inhisar aləti, iqtisadiyyatın əsas əngəli sayılan bu komitədə baş verənlərin bazara, sadə vətəndaşın cibinə hansı təsiri ola bilər?

Millət vəkili Şəmsəddin Hacıyev düşünür ki, bu sərəncam Azərbaycan iqtisadiyyatının daha da inkişaf etdirilməsi üçün görülən işlərin davamıdır: "Azərbaycanda "Azad İqtisadi Zona” yaradılır. Qanun layihəsi də hazırlanıb, milli məclisdə 3-cü oxunuşa da çıxarılıb. Azərbaycana külli miqdarda tranzit yüklər gələcək. Həmin sərəncam bütün bu prosedurların sadələşdirilməsi və şəffaf təşkilinə də yardımçı olacaq. Əsas müsbət nəticəsi o olacaq ki, bu qurumlar arasında əlaqənin, koordinasiyanın olması, şəffaflığın artırılması, hər hansı neqativ hadisələrin baş vermə səbəbləri aradan qaldırılacaq. Bundan başqa operativlik artacaq”.

Bəs, bütün bunlara hansı yollarla nail olmaq mümkün olacaq?

Şəmsəddin Hacıyev bildirir ki, prezident öz sərəncamında bəzi nazirliklərə təkliflər hazırlayıb, göndərməyi tapşırıb. Onun sözlərinə görə həmin təkliflər hazırlanandan sonra bu haqda konkret fikir bildirmək, təkliflərin prezidentin qarşıya qoyduğu hədəflərə çatmağa kifayət edib, etməyəcəyindən danışmaq olar.

 

SƏRƏNCAMIN ƏSAS HƏDƏFLƏRİ…

 

Sözügedən sərəncamda məqsəd kimi də bunlar qeyd edilir:

"Maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli əlaqələndirilməsi…”

 

"SİSTEM DƏYİŞMƏLİDİR”

 

Bəs, Azərbaycanda indiki durumda bu məqsədlərə çatmaq nə qədər realdır?

1992-93-cü illərdə Dövlət Gömrük Komitəsinin sədri olmuş İbrahim Vəliyevbir sərəncamla Gömrük sistemindəki problemlərin həll olanacağına elə də ümidli deyil. Onun fikrincə, problemin həlli üçün sistemin özü dəyişməlidir. Gömrük işçilərinin münasibətindən tutmuş, rüşvət, süründürməçilik və digər neqativ hallar aradan qaldırılmalıdır: "Məsələn, deyək ki, kimsə maşınla Rusiyaya gilas vurur. Bu gilas 3 günə xarab olası məhsuldur. Gömrük Komitəsi şərait yaratmalıdır ki, vətəndaş məhsulu vaxtında apara bilsin. Bundan da ölkəyə gəlir gəlsin. Amma reallıqda necədir? Məhsullu günlərlə saxlayırlar gömrükdə. Həm nəqliyyatda yanacaq itkisi gedir, həm vaxt itir, həm də məhsul zay olur. Nəticədə də qazanacağımız halda itiririk. Bax, bu cür süründürməçilik halları aradan qaldırılmalıdır. Süründürməçiliyə, insanların narazılığına səbəb olan sistemin özündəki bu cür nöqsanlar aradan qaldırılmadır”.

 

NÖQSANLAR ARADAN QALXARSA…

 

İbrahim Vəliyev təkcə ölkədən məhsul ixracında deyil, Azərbaycana məhsul gətirilməsində də problemlərə diqqət çəkir. Bildirir ki, kimsə ölkəyə hər hansı məhsul gətirmək istəyir. Amma Gömrük Komitəsinin yazılmamış qaydalarına görə, inhisarda olan bu məhsul ölkəyə buraxılmır. Və nəticədə inhisarçı bazarda tək olur və məhsulu istədiyi qiymətə təklif edir.

Onun fikrincə, nə qədər ki, belə hallar qalacaq, Gömrük Komitəsinə kimin rəhbərlik etməsinin, verilən sərəncamların heç bir nəticəsi olmayacaq. Odur ki, İbrahim Vəliyev Gömrük Komitəsində hər şeydən öncə sistemdəki nöqsanların aradan qaldırılmasını zəruri hesab edir…

Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyev, adətən, ittihamları rədd edirdi. Komitənin Vergilər Nazirliyinə birləşdirilməsi ilə bağlı təkliflərə gəldikdə, Aydın Əliyev bu ilin yanvarında mətbuata müsahibəsində bu suala cavabdan yayınmış, bu məsələnin ölkə rəhbərliyinin səlahiyyətində olduğunu deməklə kifayətlənmişdi.

Müstəqil iqtisadçılar isə uzun illərdir hökuməti Gömrük komitəsində rüşvət, özbaşnalıq kimi halları aradan qaldırmağa, komitənin işində şəffaflığı təmin etməyə çağırırlar. Bu problem zaman-zaman rəsmilərin dilindən səslənsə də, hələlik komitədən şikayətlər kəsilmir. Hətta, bir neçə il əvvəl, Fərhad Əliyev İqtisadi İnkişaf naziri olarkən Azərbaycanda monopoliyalarda bu komitənin roluna dair mətbuat üçün xüsusi açıqlama yayılmışdı. Ondan bir qədər sonra isə Fərhad Əliyev cəzalandırılmışdı.

Azadlıq Radiosu



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}