Azərbaycanın iqtisadi şaxələnmə siyasətinə bir baxış

Azərbaycanın iqtisadi şaxələnmə siyasətinə bir baxış

 

I məqalə

Adəm İsmayılov

Hər bir ölkənin iqtisadi xarakterini onun yerləşdiyi məkan, təbii sərvətləri, qarşılıqlı münasibətlərdə olduğu xarici istehlak bazarının tələbləri və insan gücü müəyyənləşdirir. Bu özəllikləri düzgün qiymətləndirə bilən ölkələr iqtisadi tərəqqi yolunu tutur, hətta dünya dövlətləri arasında söz sahibi olurlar. Düzgün hazırlanmış və həyata keçirilən iqtisadi siyasətlər bəzən kiçik bir ölkəni dünyanın ən aparıcı gücünə də, böyük bir məmləkəti ən geridə qalmış ölkəyə də çevirə bilər. Məsələn, dünyanın ilk super gücü olan Hollandiyanın indiki ərazisi belə, cəmi 41.5 min kvadrat km-dir. Ərazisi 86.6 min kvadrat km. olan Azərbaycandan ən azı 2 dəfə balaca. Üstəlik, onun indiki ərazisinin 3/1-i vaxtilə dəniz altında idi. Həmin əraziləri hollandlar sahil boyunca bəndlər salaraq qurutmuş və öz torpaq sahələrinə qatmışlar. Məhz buna görə də Hollandiyada məşhur bir aforizm var: "Bütün dünyanı Allah, Hollandiyanı isə hollandlar yaratmışlar”.

İndiki ərazilərinin vaxtilə su altında qalan hissəsini çıxsaq, 17 əsrdə dünyanın super gücü olan Hollandiyanın sahəsi heç 30 min kvadrat km. də deyildi. Bununla belə, dünya dənizlərinə hökm edən bu ölkə Amerikadan (vaxtilə Nyu-York şəhərinin adının New Amsterdam olması təsadüfi deyil) tutmuş Asiyaya qədər bir çox sahilyanı ölkələri özünün müstəmləkəsinə çevirmişdi. Həmin müstəmləkələr arasında Şərqin ən nəhəng ölkələri sayılan Hindistan da var idi, hətta bu gün dünyanın ən qüdrətli iqtisadi güclərindən biri sayılan Yaponiya da. Bu böyük ərazilərə hökm edən Hollandiyanın həmin vaxt əhalisi 1 milyon civarında idi və böyük hərbi qüdrətə də malik deyildi.

Eyni sözləri bir başqa ada ölkəsi olan İngiltərə üçün də demək olar. 18-ci əsrdə super güc ünvanını Hollandiyadan alan İngiltərə öz təbirlərilə desək, üzərində günəşin batmadığı bir imperiya qura bilmişdilər.

Ərazilərinin kiçikliyi və əhalisinin azlığına baxmayaraq, modern dünyanın ilk ağaları olan bu iki Qərb dövləti, sözsüz ki, əldə etdiyi uğurları iqtisadi güclərinə borclu idilər. Bu məntiqdən çıxış edərsək, rahatlıqla deyə bilərik ki, hər bir ölkənin varlığı, suverenliyi dünyanı lərzəyə gətirən ordularından çox, apardığı iqtisadi siyasətdən və bu iqtisadi infrastrukturunun yaratdığı fürsətlərdən asılıdır. Bu fürsətlərini düzgün qiymətləndirməyən ölkələr zamanla başqalarının yeminə çevrilərək yox olurlar.

Azərbaycan da bu gün geniş ərazilərə malik olmayan dövlətlərdəndir. Dünyada mövcud olan 200-ə yaxın dövlət arasında ərazisinin böyüklüyünə görə 112-ci sırada yer alan ölkəmizin qarşısında da iqtisadi tərəqqi mərhələsini uğurla keçmək üçün ciddi fürsətlər dayanır. Bəs bu fürsətlər isə hansı potensiallarımızdan qaynaqlanır?

İqtisadi dönüşüm (şaxələnmə) potensialı

Yuxarıda haqqında qısaca bəhs etdiyimiz ölkələr – Hollandiya və İngiltərə, həmçinin digər Qərb dövlətləri bugünkü iqtisadi güclərini bir sektordan digərinə keçmək xüsusiyyətlərinə borcludurlar. Hollandiya iqtisadi tərəqqi yoluna Allahın onlara bəxş etdiyi balıqçılıqla başladı. Hər yaz böyük dalğaların Hollandiyaya gətirdiyi balıq sürüləri toplanır, öz ehtiyacından artıq qalanların içi təmizlənərək digər Qərb dövlətlərinə ixrac edilirdi. Bunun yerinə isə xaricdən bir çox zəruri tələbat malları gətirilirdi. Bu ixrac-idxal münasibətləri istər-istəməz Hollandiyada yeni bir sektorun formalaşmasına təkan verdi. Söhbət gəmiçilikdən gedir. Gəmiçilik sahəsində böyük addımlar atan Hollandiya dənizlərdə əldə etdiyi bu üstünlüyünü daha sonra qlobal ticarətə çevirəcək və beynəlxalq yükdaşıma sahəsinə nəzarəti tam ələ keçirəcəkdi. Beləcə, getdikcə inkişaf edən bu 3 sahə Hollandiyanı finansal zənginə çevirəcək və digər sektor - bankçılıq ortaya çıxacaqdı. Tərəqqi dalınca tərəqqilər bu kiçik Avropa ölkəsini dünya gücünə çevirəcəkdi.

İngiltərə də super güc yoluna xaricə açılmaqla başladı. Əvvəl qənimət əldə etmək və yağmalamaq kimi kriminal üsulla başlayan bu inkişaf daha sonra sənayeləşmənin əsasını qoyacaq və İngiltərəni ən böyük dünya dövlətinə çevirəcəkdi.

Azərbaycan xalqına da Allah iqtisadi tərəqqi yolunda irəliləmək üçün böyük fürsətlər verib. Ölkəmizin neft və qaz ehtiyatları sanki bu hədəfi reallaşdırmaq üçün bizə bəxş edilmiş Tanrı hədiyyəsidir. Azərbaycan hökuməti həm enerji mənbələrini xaricə sataraq ölkənin iqtisadi infrastrukturunu, həm neft-kimya sənayesini, həm də digər qeyri-neft sektorlarının inkişafının əsası qoymağa çalışır. Mərhum Heydər Əliyevin imzaladığı "Əsrin Müqaviləsi” kontraktlarıyla əsası qoyulan iqtisadi tərəqqi yolumuzda ölkəmizə son 25 ildə on milyardlarla dollar vəsait daxil oldu. Beləcə, ölkənin bir çox iqtisadi tərəqqi layihələri həyata keçirildi, bu gün həmin layihələr daha da təkmilləşdirilir. Heydər Əliyev yolunun davamçısı olan Cənab İlham Əliyev də bu hədəflərini gizlətmir, zaman-zaman keçirdiyi rəsmi tədbirlərdə etimadını qazandığı xalq qarşısında gördüyü işlərlə əlaqədar hesabatlar verir, izlədiyi yol xəritəsinin detallarını açıqlayır. Onun hələ 2015-ci il 2 iyun tarixində keçirilən 22-ci Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2015 və 5-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2015 sərgilərinin açılış mərasimində etdiyi çıxış da daxili məsuliyyətdən doğan hesabatlılıq nümunəsidir. Cənab Prezident sözügedən çıxışında deyirdi:

"1994-cü ildə imzalanan "Əsrin kontraktı” XX əsrin kontraktı idi. Bu gün biz artıq XXI əsrin kontraktını icra edirik. Cənub Qaz Dəhlizi XXI əsrin kontraktıdır və məhz 1994-cü ildə imzalanmış kontrakt və ondan sonra əldə edilən uğurlar bugünki reallığı mümkün etmişdir”.

Bu etiraf da 1994-cü ildən etibarən Azərbaycan hakimiyyətinin neft strategiyasının əsas cizgilərini ortaya qoyur. Məlum olur ki, əsası Heydər Əliyev tərəfindən qoyulan bu strategiya əldə edilən neft pullarının qeyri-neft sektoruna yönəldilməsini qarşıya qoyub. Öz gücümüzlə milli iqtisadiyyatımızı yaratmaq və inkişaf etdirmək proqramında qarşımızda dayanan mühüm vəzifələrdən biri neft kapitalının qeyri-neft sektoruna yönəldilməsidir və bu proqram hazırda böyük uğurla həyata keçirilir. Cənab Prezidentin bir neçə gün bundan əvvəl – 9 oktrabr 2018-ci il tarixində Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dilə gətirdiyi sözlər də bunu təsdiqləyir. Cənab Prezident həmin çıxışında deyirdi:

"Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulmuşdur.Sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu, iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcəkdir”.

Həmin çıxışında valyuta ehtiyatlarımızın artaraq 45 milyard dollara çatdığını bildirən Pezident vurğulamışdır ki, ilin əvvəlindən bəri Azərbaycan əlavə 3 milyard dollar yığıb: "Bu, bir daha onu göstərir ki, biz öz vəsaitimizə böyük qənaətlə yanaşırıq. Həm ölkə qarşısında duran vacib məsələləri həll edirik, investisiya layihələrini, infrastruktur layihələrini icra edirik, sosial məsələlərin həllini təmin edirik, eyni zamanda, ehtiyatlarımızı da artırırıq və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Bu, bizim bundan sonra da uğurlu inkişafımız üçün çox önəmli amildir”.

Azərbaycan iqtisadiyyatının şaxələnməsi layihəsində əsasən bir neçə sektorun inkişafı nəzərdə tutulur

1. Neft-kimya müəssisələrinin yaradılması

Bu məqsədlə ötən ilin sonlarında Sumqayıtda Kimya Sənaye Parkının açılması və istifadəyə verilməsi Cənab İlham Əliyevin iqtisadi şaxələnmə yolunda atdığı ən mühüm addımlardandır. 15 dekabr 2017-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkında istifadəyə verilən "Aqrokimya Azərbaycan” MMC-nin pestisidlər zavodu 18.3 hektar sahədə yerləşir və istehsal sahəsi 21.4 min kvadrat metr təşkil edir. 1-ci mərhələdə ümumi layihə dəyəri 32 milyon manat, illik istehsal gücü 20 min ton, il ərzində istehsal olunan məhsulların dəyəri isə 42 milyon manat olacaqdır. Zavodda 145 çeşiddə pestisid istehsal ediləcəkdir ki, bunun da 51 növü insektisid, 58 növü funqusid, 27 növü herbisid və 9 növü isə digər aqrokimyəvi məhsullar olacaqdır. İstehsal olunacaq pestisidlərin keyfiyyət göstəriciləri zavodun daxilində qurulmuş və beynəlxalq aləmdə hazırda istifadə olunan ən yüksək səviyyəli dəqiq cihazlarla təchiz edilmiş laboratoriyada müəyən ediləcəkdir.

Ümumiyyətlə isə Kimya Sənaye Parkının ərazisi 505,64 hektar sahəni və nəhəng infrastruktur şəbəkəni əhatə edəcək. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılmış bu müəssisələr kompleksində Peşə Təhsil Mərkəzindən tutmuş laboratoriya, emalatxana, sağlamlıq mərkəzi, yataqxana kompleksi, həmçinin rezidentlər və işçilərə xidmət edəcək digər obyektlərə qədər bir çox sektorlar fəaliyyət göstərəcək.

2. Tekstil

Azərbaycan kənd təsərrüfatı ənənəsinə sahib ölkələrdən olduğundan bizdə inkişaf etdirilən sektorlardan biri də tekstildir. 2016-cı il sentyabrın 21-də təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması qərara alınıb.

3. Turizm

Azərbaycan gözəl təbiəti, 9 iqlim qurşağı ilə dünyanın nadir ölkələri arasında yer tutur. Bu təbii potensialımız bizə turizm sektorunun inkişafı fürsəti verir. Mərhum Heydər Əliyev də ölkəmizin bu potensialını vaxtında təsbit etmiş və turizmin inkişafı üçün müvafiq qanunların qəbul olunmasında mühüm rol oynamışdır. 1999-cu ildə onun müvafiq Fərmanı əsasında qəbul edilmiş "Turizm haqqında” Qanun və 2002-ci ildə həyata vəsiqə almış "2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı” sonrakı dövrlərdə bu sektorun inkişafına təkan verdi. Hazırda Cənab İlham Əliyevin diqqətində olan bu sahə daha da inkişaf etdirilir. Təsadüfi deyil ki, Cənab Prezidentin təşəbbüsü ilə 2011-ci il "Turizm ili” elan olunmuş və bir sıra vacib proyektlər həyata keçirilmişdir. Yenə İlham Əliyevin təşəbbüsü ilə 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanmışdır. Azərbaycan Turizm Assosiasiyası, Konqreslər Bürosu, Sağlamlıq və Termal Turizm Assosiasiyası, Yaşıl Kənd Turizm Assosiasiyası və digər qurumları ölkəmizdə turizmin inkişafında mühüm rol oynayır.

 4. Yeni İpək yolu

Şərq və Qərb arasında yerləşən Azərbaycan tarix boyu nəqliyyat qovşağı olub. Qədim dövrlərdən orta əsrlərin sonuna qədər İpək yolunun əsas güzargahına çevrilən ölkəmizin bu xarakteri də geo-iqtisadi mövqeyindən irəli gəlir. Səlib yürüşlərində Qərb dünyasının məğlubiyyətindən sonra getdikcə zəifləyən və gəmiçilik sektorunun inkişafından sonra tamamilə dayanan "İpək yolu” xəttinin hazırda yenidən inkişaf etdirilməsi perspektivi doğmuşdur. Çünki dünyanın ən böyük iqtisadi gücünə çevrilən Çinlə ticari əlaqələr istər-istəməz nəqliyyat xətlərinin bərpası perspektivini gündəmə gətirmişdir.

Bu perspektivi vaxtında görən Azərbaycan hakimiyyəti də yeni "İpək yolu” layihələrində özünəməxsus rol oynamağa çalışmışdır. Görülən işlər sayəsində Asiya və Avropa qitələri arasında körpü rolunu oynayan ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində də mühüm yer tutur. Azərbaycan mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırmaq, bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək məqsədilə böyük sərmayələr qoyur, ölkə daxilində və regionda iri miqyaslı infrastruktur layihələrini həyata keçirir. Buna misal kimi, Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələrini göstərmək olar.

5. Kosmik güc

Müasir güclü ölkələri kosmik araşdırmalardan ayrı təsəvvür etmək olmaz. Kosmik tədqiqatlar təkcə elmi çalışmalarla məhdudlaşmır, həm də ölkələrin hərbi və iqtisadi gücünə güc qatırlar. İnformasiya texnologiyalarının inkişafından tutmuş hərbi-strateji üstünlük qazanmağa qədər bir çox nailiyyətlər məhz kosmik investisiyalarla mümkündür. Qarşısında böyümə hədəfi qoyan Azərbaycan da bu yarışda özünəməxsus yer tutmağa çalışır. Təsadüfi deyil ki, bu il 3-cü peykimiz kosmosa göndərildi və bu peyk bizə 25 il xidmət göstərəcək.

6. Aqrar sektor

Sözsüz ki, Azərbaycanın ən böyük iqtisadi potensialı kənd təsərrüfatı sahəsi ilə bağlıdır. Kənd təsərrüfatı sahəsində görülən işlər və qarşıda dayanan hədəflər ayrıca bir məqalənin mövzusudur. Əslində bizim də əsas məqsədimiz Azərbaycan iqtisadiyyatında aqrar sahənin rolu barədə mülahizələr yürütmək olduğundan bundan sonrakı yazılarımızda bu mövzunu ələ almağa çalışacağıq.

Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}