Azad Rəhimovun “səxavəti”

 

Gənclər və idman naziri Azad Rəhimovun bir müddət əvvəl verdiyi iki açıqlama cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Nazirin birinci açıqlaması "Formula-1” azarkeşlərini əyləndirmək üçün təşkil olunacaq konsertə beynəlxalq orbitdə sevilən dünya səviyyəli ulduzların gələcəyi ilə bağlı idi. Nazir KİV-ə verdiyi açıqlamasında da bildirmişdi ki, ötən il keçirilən "Formula 1" Azərbaycan Qran-Prisində həm təşkilatçılıq, həm də əyləncə elementləri yüksək səviyyədə idi. "Bu il fərqli olacaq.Bəzi dünya səviyyəli ulduzlarla danışıqlar aparılır, ancaq hələ müqavilə imzalanmayıb”. Xarici ulduzların qonararı barədə danışan nazir qeyd edib ki, rəqəmlər heç kəs üçün sirr deyil: "Bu sahədə mütəxəssis olanlar bilir ki, dünya ulduzları hansı məbləğ müqabilində çıxışlar edirlər. Bəziləri 3 min, bəziləri 30-50 min, bəziləri isə 300 min dollar və daha baha məbləğ qarşılığında gəlirlər. Məsələn, I Avropa Oyunlarının açılışında çıxış edən Ledi Qaqaya 1 milyon dollar qonarar ödənilmişdi”.

Gənclər və idman naziri Azad Rəhimovun cəmiyyəti çaşdıran ikinci açıqlaması isə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı idi. Nazirin sözlərinə görə, Azərbaycanın əsas məqsədi 57 ölkənin oyunlarda iştirakını təmin etməkdir. Bunun üçün İslam Həmrəyliyi Oyunlarına qatılmayan 7 ölkənin də tədbirdə iştirakının təmin edilməsinə çalışılır. Nazirin cəmiyyəti narahat edən fikiri isə maliyyə problemi səbəbindən İslam Həmrəyliyi Oyunlarına qatıla bilməyən dövlətlərə kömək etməyə çalışmalrı ilə bağlı idi.

Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarına qatılmaqda maddi çətilik çəkdiyi iddia edilən ölkələr isə Özbəkistan, Misir, Livan və Küveytdir. Məlumatlara görə, Özbəkistan bugünə qədər İslam Həmrəylik Oyunlarının heç birinə qatılmayıb və bundan sonra qatılması da şübhə altındadır. Ancaq ekspertlər hesab edir ki, Özbəkistanda İslam Kərimovun ölümündən sonra rəsmi Daşkəndin xarici siyasətində dəyişikliklər baş verməsi gözlənilir. Bu səbəbdən də Özbəkistanın Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına qatıla biləcəyi istisna edilmir. Xüsusilə də, bunun üçün pul xərcləmək lazım olmayacaqsa, rəsmi Daşkənd belə bir qərar verə bilər.

Misir, Küveyt və Livanın isə yoxsulluq səbəbindən Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına qatlmaması inandırıcı görünmür. Xüsusilə də, Misir və Küveytin öz idmançılarını maliyyələşirməyə vəsait tapmaması inandırııcı deyil.

Adam başına düşən Ümum Daxili məhsulunun həcminə görə dünyada 23-cü yerə, ümumi siyahısında isə 61-ci yerə sahib olan Kuveytin öz idmançılarını maliyyələşdirməyə imkanı olmaması da inandırıcı deyil. Əksinə, Küveyt Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına qatılan ölkələrin əksərindn varlıdır. Buna görə, belə ölkəyə güzəşt edilməsi qəbuledilməzdir.

İqtisadi təhlilçi Qubad İbadoğlu hesab edir ki, Azərbaycanın yükəsk orta gəlirli ölkə kimi yüksək gəlirli ölkənin (Küveyt nəzərdə tutulur) xərcini çəkməsi absurddur və burda "korrupsiya marağının ortaya çıxması” ehtimalı var. "Daha çox ölkə qatılanda, daha çox vəsait ayrılıb xərc olanda, hesabatlılıq, şəffaflıq, ictimai nəzarət yoxdursa və mətbuat bu prosedə iştirak etmirsə, bunu daha çox mənimsəmək də mümkündür”- Qubad İbadoğlu belə hesab edir.

Hətta bu korrupsiya olmadan da israfçılıq inkar edilməzdir və Azad Rəhimov büdcə pulları hesabına uğura nail olmaq istəyir. Halbuki, bu gün ölkə iqtisadiyyatı çox ciddi maliyyə sıxıntısı ilə üzləşib. Bu pulları məhz iqtisadiyyatın kreditləşdirilməsinə və ya sosial layihələrə ayırmaq olar. İdmana qoyulan sərmayə geri qayıtmadığı üçün indiki zamanda idman yarışlarına böyük vəsaitlər sərf etmək doğru deyil. Əksinə, bir çox hallarda zərərli prosesə çevrilir. Buna görə də iqtisadi problemləri olan ölkələr böyük idman yarışlarından imtina edirlər. Hətta, çox böyük ölkələr belə bəzən belə addım atırlar. Buna görə də indiki iqtisadi böhran zamanında Azərbaycanın iki böyük idman oyununa ev sahibliyi etməsi, üstəlik bu yarışda iştirak edə bilməyənlərin xərcini öz üzərinə götürməsi anlaşılan deyil. Bu sadəcə israfçılıqdır ki, iqtisadi böhranı daha da dərinləşdirəcək. Ölkənin iqtisadi vəziyyətinə görə heç bir məsuliyyət daşımayan Azad Rəhimovun büdcə vəsaitlərini idman yarışlarının təşkilinə sərf etməsi isə "hamam suyu ilə dost tutulmasını xatırladır. Görəsən, keçmiş biznesmen olan nazir Azad Rəhimov öz pullarını belə işlərə sərf edərdimi? Əgər nazir Azad Rəhimovun bununla bağlı deyiləcək sözü varsa, onu dinləməyə hazırıq.

Azad AYDIN,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}