Putin “Time” jurnalının fotoqrafına “Yenidən SSRİ-yə” mahnısını sevdiyini deyib – Platonun tutduğu eyham

 

"Mən öz "müştəri”mi hədəfə aldıqdan sonra, artıq onun kimliyi mənim üçün maraqsız olur. İstər prezident olsun, istər dünyanın ən tanınmış modeli, istərsə də Hollivud ulduzu. Çünki mənim bütün diqqətim onun üz cizgilərinə yönəlir, mən mənə lazım olan cizgiləri axtarıram. Gərginlikdən, obyektiv sindromundan yaranan cizgiləri yox, təbii cizgiləri. Amma bu həmişə alınmır. Belə hallarda "hədəf”imlə ünsiyyat yaratmaq məcburiyyəti yaranır...”

Bu fikirlər dünyanın ən tanınmış fotoqraflarından biri olan Platon Antoniunun qeydlərindəndir. 51 yaşlı britaniyalı fotoqraf bu günə qədər dünyanın bir çox məşhurları ilə təkbətək qalıb. Onun obyektivi qarşısından Donald Tramp, Vladimir Putin, Bill Klinton, Müəmmar Qəzzafi, Robert Muqabe və bir çox tanınmış siyasətçilər keçib.

Platonun foto yaradıcılığındakı əsas karyerası Amerika Birləşmiş Ştatlarından başlanıb. O, Con Kennedinin oğlunun təsis etdiyi jurnalda çalışarkən bu mətbu orqan vasitəsilə öz peşəkarlığını nümayiş etdirib, ən mötəbər siyasi tədbirlərdə özünü realizə etməyi bacarıb.

2007-ci ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putin "Time” jurnalı tərəfindən ilin adamı elan olunanda, prezidentin jurnalın üz qabığına veriləcək fotosunun çəkilməsi də, məhz Platona həvalə edilib.

Niyə məhz Platon? Fotoqraf bu suala belə cavablandırıb:

- Bunun bir neçə səbəbi var. Birincisi, mən ən mürəkkəb şəraitlərdə işləməyi bacarıram, hətta gərginlik, vaxt məhdudiyyəti olanda da. İkinci səbəb yəqin ki, mənim bəzi hallarda reqlamenti pozmağımdır. Ətrafda nə qədər adam olmasına, onların məni tələsdirməsinə baxmayaraq, mən çəkiliş gedən yerdə özümdən və hədəfimdən başqa heç kimi hiss etmirəm. Üçüncü əsas səbəb isə, lentə alacağım adamın gərginliyini, obyektiv qarşısında süni yaratdığı cizgiləri aradan qaldıra bilirəm. Bunun üçün mütləq zaman lazım olur və sözsüz ki, hər dəfə dəqiqələri qızılla ölçülən məşhurların zamanını almaq mənim üçün problemə çevrilir. Amma bir çox hallarda buna nail oluram. Putinlə görüşdə olduğu kimi...

Platon özünün ən gərgin işini Putinlə çəkilişini sayır. Ona bu çəkiliş həvalə olunanda hansı yükün altına girdiyini yaxşı anlayıb. Ən yüksək qonorarın vəd edilməsinə baxmayaraq, o, bu şəkilişdən imtina etmək fikrinə də düşüb. Amma son anda "Time” ilə müqaviləyə imza atıb.

Beləliklə, Platon jurnalın rəhbərliyi ilə Moskvaya yollanıb. Ezamiyyət planında Putinlə müsahibə və fotoçəkiliş nəzərdə tutulub. Sonralar Platon bu səfərlə bağlı mətbuata geniş açıqlama verib:

"Biz Moskvaya yollandıq. Səfərə qədər Putinlə bağlı araşdırmalar apardım. Siyasi fəaliyyəti, şəxsi həyatı, zövqü, maraq göstərdiyi sahələr, hobbiləri və s. haqqında xeyli bilgilər əldə etdim. Moskvada mehmanxanada qalırdıq. Artıq altı gün idi ki, mehmanxanada boş-bekar günümüzü keçirirdik. Nəhayət altıncı günün axşamı arxamızca "BMV” markalı avtomobil gəldi. Saat yarım yol getdikdən sonra qalın bir meşəyə girdik. Qar dizdən idi. Maşın hasarlarının hündürlüyü təxminən beş metr olan böyük bir tikilinin qarşında saxladı. Bu prezidentin bağ evi idi. Giriş darvazasının qarşısında bizə maşından düşməyi xahiş etdilər. Hava çox soyuq idi. Təxminən iki saata yaxın mənim aparatlarımı və çəkiliş üçün lazım olan digər çihazları yoxladılar və mən bu iki saat ərzində çöldə soyuq havada qaldım. Sonra məni böyük bir otağa apardılar. Təxmini yəqin etdim ki, bu, prezidentin bağ evindəki iş kabinetinin qəbul otağıdır. Səkkiz saatdan artıq mən bu qəbul otağında gözləməli oldum. Prezidentin mühafizəçiləri məni qəhvəyə, çaya, şirniyyata qonaq etdilər. Nəhayət, vaxt yetişdi. Mənə dedilər ki, içəri keçib hazırlığımı görüm. İçəri keçdim, ştativləri quraşdırdım, işıqlandırma sistemini qurdum, prezidentin oturacağı yerin arxa hissəsinin fonunu yaratdım. Müsahibə başlandı, mən isə çəkiliş aparırdım. Amma bu cür çəkilişlər yalnız reportaj janrı üçün gərəkli ola bilərdi. Mən Putinin portretini yaratmalı idim. Müsahibə zamanı isə bu heç cür alınmırdı. Nəhayət, söhbət sona çatdı. "Time” jurnalının baş direktoru prezidentə müraciət edti:

- Cənab Putin, müsahibəyə görə təşəkkür edirəm. Amma sizdən bir xahişim də olacaq. Ənənəyə uyğun olaraq ilin adamının jurnalın üz qabığında fotosu verilir. Bu məqsədlə biz özümüzlə bu görüşə olduqca peşəkar bir fotoqraf gətirmişik. Onun adı Platondur.

Putin mənim adımı eşidəndə qıyqacı baxışlarla məni süzdü. Mən onun baxışlarındakı marağı hiss edəndə ürəyimdə fikirləşdim ki, çəkilişi istədiyim kimi edə biləcəyəm. O, həm də mənə bir az da mərhəmətli baxışlarla baxdı. Yəqin ki, yorğunluğumu və bir az da yazıqlaşdığımı duymuşdu.

Kabinetdən hamını çölə çıxartdılar, hətta tərcüməçiləri də. Amma təxminən 20 nəfərə yaxın mühafizəçi içəridə qaldı. Mənə 7-10 dəqiqə vaxt verilmişdi və xəbərdarlıq olunmuşdu ki, prezidentə toxunmaq olmaz, yalnız əgər o istəsə əllə görüşmək olar. Tərcüməçilər çıxdıqdan sonra ondan ingilis dilini bilməsini soruşdum. O da mənə ingilis dilində vavab verdi ki, mükəmməl. Mən dərhal ikinci sualımı verdim:

- Cənab Putin, siz "Bitlz”ı sevirsiniz? Bilirsiniz, bu sualı nəyə görə verdim, mən sizin Pol Makkartni ilə çox maraqlı fotonuzu görmüşəm.

Putinə bu söhbət maraqlı gəldi. O, tamailə sərbəst şəkildə dialoqa girmişdi mənimlə. Üzündə heç bir gərginlik yox idi və bu mənim çəkilişim üçün vacib şərt sayılırdı. Prezident Pol Makkartni ilə görüşünü xatırladı. Bu məqamda mən növbəti sualımı verdim:

- Siz onun daha çox hansı ifasını sevirsiniz?

O, sualı cavabsız qoymadı:

- "Back In The USSR” ("Yenidən SSRİ-yə”)

Prezident daha sonra bu sualıma cavabına əlavə də etdi:

- Daha çox isə "Yesterday” ("Dünən”) mahnısını sevirəm.

Onun nəyə işarə etdiyini anlayırdım. Putin nəhəng SSRİ-ni mənə xatırlatmaq istəyirdi. Bu kiçik dialoqun sonunda o, məni sərt baxışlarla süzdü. Mən onun fotosunu yaratdım. Sonralar başqa adamlardan eşitdim ki, prezident əsərimi bəyənib...”



Oxşar Xəbərlər

Xəbər lenti