8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Millət vəkili Etibar Əliyev təhsil sahəsində yol verilən yanlışlıqlar və bu sahəyə ayrılan vəsaitlərin mənimsənilməsindən gileylənib.Deputatın fikrincə, Dünya Bankının ayırdığı külli miqdarda kredit vəsaiti istiqaməti üzrə xərclənmir, dərsliklərin yazılmasında monopoliya var, təsadüfi adamlar məktəblərə direktor təyin olunur, ali məktəblər naşı idarəçiliyin qurbanına çevrilib:“Vaxtilə neqativ hallardan danışanda məhəl qoyan olmadı, lakin acı nəticələri sonradan gördük. Dünya Bankının krediti və Proqramlara ayrılan vəsaitlərin mənimsənilməsi hesabına milyonçu olanları hamı tanıyır. Bu vəsaitin hesabına yazılan kurikulum sənədi proqram, məzmun və dərsliklərdə dolaşıqlıq yaratdı. Bu sənədi ölkənin elm və təhsil adamları yox, Hollandiyanın hansısa CİTO qrupu bizə sırıdı. Acı fəsadları göz önündədir. Dərsliklər elə urvatsız səviyyədə yazıldı ki, müəllim, şagird və valideyn labirintə düşdü. İndi də bu proses davam edir. Günləri yola veririk, tənqid edənlərdən düşmən obrazı yaradılır".
Hurriyyet.az-ın məlumatına görə, təhsil eksperti Elçin Əfəndinin “Şərq”ə açıqlamasına görə, təhsilin maliyyələşdirilməsi əksər dünya dövlətlərinin sosial siyasətinin prioritetlərindən hesab olunur. Təhsilin inkişafı üçün ayrılan vəsait düzgün xərclənsə, hansısa nailiyyətə nail olmağın mümkünlüyünü düşünən ekspert deyib ki, təhsil sahəsinə kifayət qədər pul ayrılır, nəticəsi isə olmur:“Millət vəkilinin qeyd etdiyi məqamlarla razıyam. Bu sahəyə ayrılan maliyyə müvafiq şəxslər tərəfindən mənimsənilir və tamam fərqli istiqamətlər üzrə xərclənir. Aradan 12-13 il keçməsinə baxmayaraq ölkənin ali təhsil müəssisələrində Bolonya sisteminin tətbiqi arzuolunan səviyyədə deyil. Orta məktəblərdə tətbiq olunan kurikulum sistemi ilə bağlı vəziyyət də eyni cürdür. Biz hələ kurikulumdan əvvəlki təhsil sistemindən də çıxa bilməmişik, bu da təhsildə xaotik bir vəziyyət yaradır. Orta və ali təhsil müəssisələrində də bu sahədə çatışmayan cəhətlər çoxdur.Təsirli proqramların istifadə olunmasını təmin etmək üçün müəyyən komissiyalar yenilikləri öyrənməli və tətbiqi üzərində çalışmalıdır.Tədris proqramları ağır olduğuna görə, həm təhsil alanlar, həm də təhsil verənlər bu proqramların mənimsənilməsində əziyyət çəkir. Çünki vaxtında bu təhsil proqramlarının tətbiqi səriştəsiz və sistemdən xəbərsiz insanlara həvalə olundu. Yeni proqramlarla bağlı yetərli bilik və bacarıqlara sahib olmayan pedaqoji heyətin kortəbii idarəçiliyinə münbit şərait yaradıldı.Ali təhsil müəssisələrinə dövlət tərəfindən ayrılan vəsaitlər düzgün istifadə olunmur. Ayrılan vəsait bir çox hallarda universiteti idarə edənlərin şəxsi məqsədlərinə, şəxsi bizneslərinə sərf olunur”.