Kəmaləddin Heydərova məxsus olduğu deyilən şirkət barədə inzibati iş başlanıb - TƏFƏRRÜAT


Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasının subyektlərindən olan "Şirvan İnşaat” MMC barəsində inzibati iş başlanıb.

Hurriyyet.az Qaynarinfo-ya istinadla xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsi ilə ittiham edilir. İş hazırda Ağdaş Rayon Məhkəməsinin hakimi Cavid Sultanovun icraatındadır.

İXM-in 430.4-cü maddəsində göstərilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

"Şirvan İnşaat” MMC 29 oktyabr 2004-cü ildə qeydiyyatdan keçib. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Ələkbərov Marif Arif oğludur.

Mediada Kəmaləddin Heydərovun biznes obyektləri barədə dərc edilən materiallarda "Şirvan İnşaat” MMC ona məxsus biznes subyekti kimi təqdim edilir. Bu məlumat indiyə qədər təkzib olunmayıb.




Oxşar Xəbərlər

Xəbər lenti