Rusiyapərəst qüvvələrin Azərbaycandakı dayaqları sarsılır - KƏMALƏDDİN HEYDƏROV ƏLİNDƏ OLAN MEDİA İMPERİYASINI İTİRMƏK ÜZRƏDİR

Rusiyapərəst qüvvələrin Azərbaycandakı dayaqları sarsılır - KƏMALƏDDİN HEYDƏROV ƏLİNDƏ OLAN MEDİA İMPERİYASINI İTİRMƏK ÜZRƏDİR

 

Vüsalə Mahirqızının rəhbərlik etdiyi media qurumunun tamamilə bağlanması məsələsi yuxarı dairələrin əsas müzakirə predmetinə çevrilib

"APA Holding" ANS TV-nin taleyini yaşaya bilər

Son bir ay ərzində ölkədə kifayət qədər ciddi, hətta belə demək mümkündürsə sensasion xarakterli hadisələr baş verib. Misal kimi, Mingəçevir İstilik Elektrik Stansiyasında blokların birindəki qəzanı, Gəncədə yaşanan arzuolunmaz olayları, 26-29 iyul tarixində Bakıda keçirilən "Jara-2018" Beynəlxalq Musiqi Festivalına erməni əsilli müğənni Zara Mqoyanın gəlməsini, Tarif Şurasının qərarı ilə nəqliyyat sahəsində qiymətlərin artımını göstərmək olar. Geridə qoyduğumuz müddət ərzindən bu olayların hər biri haqda yetərincə danışılıb, lazımı qədər məlumat verilib və hadisələr müxtəlif aspektlərdən şərh olunub. Odur ki, təkrarçılığa yol verməmək naminə sadalanan məqamlara toxunmadan bugünlərdə baş verən digər hadisəyə diqqət ayırmaq istərdik.

Beləliklə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olan, onun maliyyə dəstəyi ilə mövcudluğunu qoruyan "APA Holding" avqust ayının 1-dən etibarən bağlanıb. Odur ki, hazırda adıçəkilən holdinqə daxil olan apa.az, lent.az, vesti.az və apasport.az saytlarının heç birinə giriş mümkün deyil. Qeyd edək ki, "APA Holding"in bağlanmasına səbəb kimi ölkə başçısı İlham Əliyevin çıxışının təhrif edilmiş formada yayılması göstərilir. Belə ki, məsələ ilə bağlı Prezident Administrasiyasından verilən informasiyada deyilir ki, avqustun 1-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ və Böyük Vətən müharibəsi veteranlarına, həmçinin Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin açarlarının təqdim edilməsi mərasimindən reportajda APA agentliyi prezident İlham Əliyevin Ermənistan-Azərbaycan münasibətləri haqqında sözlərini təhrif edib. Dövlət başçısı "Ermənistanı çökdürəcəyik" ifadəsini işlətməyib. Bəzi saytlarda da APA agentliyinin məlumatı olduğu kimi dərc edilib. Prezident Administrasiyasının reaksiyasından sonra əksər saytlar prezident adından yanlış məlumat verilən xəbəri silib. Onu da nəzərinizə çatdıraq ki, APA bu yanlışlığa görə ölkə başçısından üzr istəsə də, srağagün axşamdan etibarən "APA Holding"ə daxil olan saytların fəaliyyəti dayandırılıb.

Bu arada, mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə deyilir ki, Vüsalə Mahirqızının prezidenti olduğu, 3 oktyabr 2012-ci il tarixdə təsis edilən, eləcə də Azəri Press Agentliyi (Apa.az), "Lent.az" İnformasiya Agentliyi MMC, "Vesti.az" İnformasiya Agentliyi MMC, "APASport.az" İnformasiya Agentliyi MMC, "APA

ADVERTİSEMENT PR" MMC və "APA SERVİS" MMC-nin daxil olduğu "APA Holding" ANS TV-nin taleyini yaşaya bilər. Belə ki, redaksiyamıza verilən informasiyaya görə, adıçəkilən holdinqin himayədarı, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun cəhdlərinə rəğmən, APA-nın fəaliyyətini bərpa etmək mümkün olmayacaq. Odur ki, hazırda Vüsalə Mahirqızının rəhbərlik etdiyi media qurumunun tamamilə bağlanması məsələsi yuxarı dairələrin əsas müzakirə predmetinə çevrilib. Bu gün artıq çoxlarına, əsasən də mətbuat sahəsində çalışanlara bəllidir ki, "APA Holding" yaradığını gündən onun maliyyələşməsini fövqəladə hallar naziri Kəmaləddin Heydərov öz üzərinə götürüb və hər ay bu media şəbəkəsinə külli miqdarda vəsait ayrılıb. Lakin son hadisədən sonra sözügedən holdinqin bağlanması ilə yanaşı, Kəmaləddin Heydərovun nəzarətində olan digər media qurumların da onun əlindən alınacağına dair müxtəlif fikirlər səsləndirilir. Hələlik bunların nə dərəcədə doğru olduğunu demək bir qədər çətin olsa da, görünən odur ki, cərəyan edən proses fövqəladə hallar nazirinin ziyanına işləyir və əgər belə davam edərsə, o zaman o, əlində olan media imperiyasını itirə bilər.

Təbii ki, "Hürriyyət" qəzeti olaraq biz ölkədə hər hansı mətbuat orqanının bağlanmasının, fəaliyyətini dayandırmasının tərəfdarı deyilik və əsla bu cür hallara sevinə bilmərik. "APA Holding"ə gəlincə, etiraf etmək lazımdır ki, məhz Vüsalə Mahirqızının gərgin əməyi, yüksək idarəçilik qabiliyyəti sayəsində adıçəkilən media orqanı qısa müddət ərzində ölkənin ən tanınmış informasiya agentliklərindən birinə çevrilib və ərtafına kifayət qədər təcrübəli, peşəkar jurnalistləri cəlb etməyi bacarıb. Məhz elə bu səbəbdən də "Hürriyyət" qəzeti olaraq biz "APA Holding"in bağlanmasına təəssüflənməyə bilmərik. Axı bu zaman onlarla, bəlkədə daha çox həmkarımız işindən olacaq, ailələri dolanışıqsız qalacaq. Bax, məhz bu amili nəzərə aldığımız üçün "APA Holding"in fəaliyyətini dayandırmasını arzulamırıq. Lakin bir qədər öncə qeyd etdiyimiz kimi, bu gün cərəyan edən proseslər adıçəkilən media qurumunun hamisi olan fövqəladə hallar nazirinin əleyhinə işlədiyindən holdinqin tamamilə bağlanması, ən yaxşı halda isə onun Kəmaləddin Heydərovun əlindən alınacağı qaçılmaz görünür. Bütün bunlar isə öz növbəsində, onu deməyə əsas verir ki, hazırda hakimiyyət daxilində fövqəladə hallar nazirinə olan güvən xeyli sarsılıb və elə bu səbəbdən də mərhələli şəkildə onun mövqeyinin zəiflədilməsi, ən sonda isə tutduğu postdan kənarlaşdırılması prosesinə start verilib. Xatırlayırsınızsa, "Hürriyyət" qəzeti olaraq biz hələ bu ilin aprel ayında, daha dəqiq desək, növbədənkənar prezident seçkilərindən bir neçə gün sonra bunun baş verəcəyini, yəni Rusiyanın Azərbaycandakı ciddi dayaqlarından biri, ölkəmizdəki Rusiyapərəst qüvvələrin ən təsirli simalarından biri kimi xarakterizə olunan Kəmaləddin Heydərovun ən əlverişli məqamda hökumətin tərkibindən uzaqlaşdırılacağını bildirmişdik. Budur, artıq dediklərimiz öz təsdiqini tapmaq üzrədir. Söz yox ki, əgər Kəmaləddin Heydərov fövqəladə hallar naziri vəzifəsindən azad edilərsə, o zaman bu, birbaşa hakimiyyətdəki Rusiyameylli qüvvələrin Azərbaycana yönəlik planlarının alt-üst olunması anlamına gələ bilər. Ona görə ki, bu gün hakimiyyət daxilində "əvəzedilməz şəxs" statusunu itirən Kəmaləddin Heydərov və onun tapşırığı ilə hərəkət edənlər Azərbaycanda Kremlin maraqlarının təmin olunması, ölkəmizin qonşu və qardaş Türkiyə ilə deyil, məhz Rusiya ilə yaxınlaşması üçün əllərində olan bütün təsir rıçaqlarından gen-bol istifadə edib. Elə buna görə də Kəmaləddin Heydərovun yola salınması Azərbaycanda kök salmağa və əhatə dairəsini daha da genişləndirməyə səy göstərən Rusiyameyilli qüvvələrin mövqeyinin ciddi şəkildə zəifləməsinə gətirib çıxara bilər. Görünən odur ki, Vüsalə Mahirqızı başda olmaqla, kifayət qədər peşəkar jurnalistin bir araya gəldiyi "APA Holding" məhz Kəmaləddin Heydərovun güdazına getmək üzrədir.

Xülasə, bütün bunların fonunda belə qənaətə gəlmək olar ki, Kəmaləddin Heydərovun hazırda tutduğu postdan kənarlaşdırılmasından sonra Rusiyapərəst qüvvələrin Azərbaycandakı dayaqları ciddi şəkildə sarsılacaq. Çünki Kreml bu gün siyasi, iqtisadi və hərbi maraqları olduğu digər bölgələrlə yanaşı, Cənubi Qafqaz uğrunda da Ağ Evlə savaş halındadır. Düzdür, hələlik bu savaş sırf siyasi masa üzərində davam etsə də, gələcəkdə proseslərin nə ilə nəticələnəcəyini, yəni yetərincə gərgin olan münasibətlərin hərbi müstəviyə keçməyəcəyini dəqiq söyləmək, buna zəmanət vermək bir qədər çətindir. Diqqət yerirsəniz görərsiniz ki, həm yerli, həm də əcnəbi politoloqlar bununla bağlı 100 faizlik proqnoz verməkdə çətinlik çəkir. Lakin buna baxmayaraq, fakt faktlığında qalır ki, ABŞ keçmiş sovet dövlətlərini Rusiyanın təsir dairəsindən çıxarmaq üçün son dövrlər daha təsirli addımlar atmağa, daha real və cəlbedici təkliflərlə çıxış etməyə, məqsədini həyata keçirmək naminə planlı şəkildə hərəkət etməyə üstünlük verir. Təbii ki, rəsmi Bakı hələlik xarici siyasətində balanslaşdırmadan imtina edən deyil. Lakin bu, heç də o demək deyil ki, ölkə vətəndaşlarının böyük əksəriyyətinin arzuladığı məqam, yəni Azərbaycanın Rusiyadan uzaqlaşıb qonşu və qardaş Türkiyə ilə daha sıx əməkdaşlıq edərək Qərbə meyillənməsi heç bir zaman baş verməyəcək. Ümid edirik ki, müəyyən məhlədən, daha dəqiq desək, Kəmaləddin Heydərov kimi Rusiyapərəst qüvvələrin hakim komandadan uzaqlaşdırılmasından sonra bu məsələ də öz həllini tapacaq.



Oxşar Xəbərlər

Xəbər lenti