Kəmaləddin Heydərovun kadrlarının “budanması” başlanıb

Fövəladə hallar nazirliyində bəzi məmurların başı üzərində qara buludlar dolaşır

 

Bir zamanlar ölkənin faktiki olaraq ən güclü fiquru olan, Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun dövlət idarəçiliyində rolunun azaldılması yəni nazirlikdə "budama” əməliyyatı təxminən ötən il başlasa da, bu  prosesin həlledici mərhələsinə bu il növbədənkənar prezident seçkilərindən sonra qədəm qoyuldu. Kəmaləddin Heydərovun kadrlarından sayılan Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev vəzifələrindən çıxarıldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə Kəmaləddin Heydərova bağlı olmayan, hətta ona əks qruplaşmanın təmsilçilərinin gətirilməsi,ona yaxın kadırların "budanmasına” əyani sübutdur.  Dövlət Gömrük Komitəsinin sədri postuna isə bir zamanlar Kəmaləddin Heydərovun sağ əli hesab olunan Səfər Mehdiyev gətirilsə də, yeni sədrin təyinatları göstərdi ki, gömrük orqanı da, fövqəladə hallar nazirinin nəzarətindən çıxarılır.

Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyevin ilk kadr təyinatları biri Hava Nəqliyyatında Baş Gömrük idarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyevin vəzifəsindən azad edilib, sərəncama götürlməsi ilə başladı. Geniş ictimaiyyət bilməsə də, gömrük işçiləri yaxşı bilirlər ki,Hava Nəqliyyatında Baş Gömrük idarəsinin sabiq rəisi Sadiq Abduyev Kəmaləddin Heydərovun ən yaxın kadrlarından biri idi və o fövqəladə hallar nazirinin  həyat yoldaşının əmisi oğlu və ya əmizadəsidir. Bu şəxs gömrük orqanlarına qəbul edilənə qədər heç bir digər  dövlət orqanlarında işləməyib. Hətta gömrük xidməti general-mayoru rütbəsinə çatan Sadiq Abduyev bir vaxtlar  taksi sürücüsü  işlədiyini də deyənlər var. Bunun nə dərəcədə həqiqətə uyğun  olub-olmamasının bir önəmi var ki, Sadiq Abduyevin fövqəladə hallar naziri Kəmaləddin Heydərova ən yaxın kadrlardan olub. Abduyevin indi vəzifədən azad edilməsi, sərəncama verilməsi və haqqında hüquqi araşdırmalar aparılması çox ciddi nüanslardan  xəbər verir.

Kəmaləddin Heydərovun gömrük orqanlarındakı digər yaxın kadrları olan Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti generalı Vüsal Novruzov, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev, habelə  Enerji Gömrük İdarəsinin rəisi Vidadi İbrahimov da  tutduqları vəzifələrindən azad edildilər. Məlumdur ki, Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti generalı Vüsal Novruzov Kəmaləddin Heydərovun həmkəndlisi və  onun inandığı, etibar etdiyi  azsaylı şəxslərdən biridir. İddialara görə general Vüsal Novruzov Heydərovlar ailəsinin biznes imperiyasının mühasibatlığına da məsul olub. Bunun  nə qədər həqiqət olduğunu söyləmək çətindir. Ancaq bu məqam bəzilərinə general Vüsal Novruzovun Kəmaləddin Heydərova yaxın kadr olduğu haqqında düşünməyə əsas verir.

 Enerji Gömrük İdarəsinin rəisi Vidadi İbrahimov Ağdaş rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovun oğludur. Tofiq İbrahimov da Kəmaləddin Heydərovun həyat yoldaşının doğmaca dayısıdır. Bu qohumluğun həqiqətə nə dərəcədə uyğun olması ilə bağlı hələlik dəqiq məlumata malik deyilik. Ancaq Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun Kəmalədin Heydərova bağlı kadrlardan biri olması  mətbuat və media şəbəkəsində dəfələrlə yazılıb.

Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayev bu vəzifəyə təyin ediləndə Yeni Sözçü” qəzetində "Dövlət Gömrük Komitəsində müəmmalı olaylar baş verir” sərlövhəli məqalədə geniş bəhs etmişdik(http://sozcu.info/analiz/852-dovlet-gomruk-komitesinde-muammali-olaylar-bash-verir.html). Həmin məqalədə qeyd edilirdi ki, "DGK-nin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general -mayor Güloğlan Muradlı Komitə sədri Aydın Əliyevin əmri ilə vəzifəsindən kənarlaşdırılaraq rəis olduğu idarənin rəis müavini vəzifəsinə təyin edilib.Eyni idarədə  rəislikdən rəis müavinliyinə keçirilən G.Muradlınının yerinə isə  əvvəllər Balakən Gömrük İdarəsinə rəisi vəzifəsində çalışan  Baba Salayev gətirilib. Çox maraqlıdır ki, Baba Salayev əvvəllər Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməliyyat idarəsinin rəis müavini işləyib. Dövlət Gömrük Komitəsi baş verən kadr dəyişikliklərini adi prosedur qayda, adi yerdəyişmə kimi qiymətləndirilsə də, burada qeyri-adilik ilk baxışdan nəzər-diqqəti cəlb edir. Belə ki, uzun illər Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi işləyən və general -mayor rütbəsinə qədər yüksələn Güloğlan Muradlının vəzifəsi  heç bir səbəb göstərilmədən aşağı pilləyə keçirilir. Əgər Güloğlan Muradlının nöqsanı varsa, bu əmrdə  niyə qeyd edilmir? Yox, əgər onun faəliyyətində nöqsan olmayıbsa, o zaman niyə baş idarə rəisiliyindən rəis müavinliyinə keçirilib. Burada qeyri-adilik və heç şübhəsiz ki, bu məsələnin arxasında çox incə məqamlar var. DGK-dəki mənbəmiz bildirir ki, "gömrük orqanlarında təxminən 24 il qüsursuz xidmət etmiş azsaylı kadrlardan olan Güloğlan Muradlı gömrükdə korrupsiyaya bulaşmamış nadir rəhbər şəxslərdən biri kimi tanınıb”.

Baba Salayevin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilməsi isə  bu şəxsin deputat Hacı Salayevin qardaşı olması, deputatın da Kəmaləddin Heydərovun  çox yaxın olması ilə izah edilirdi. Indi Baba Salayevin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisliyindən də eyni səbəblə kənarlaşdırıldığı şübhə doğurmur. Bütün bunlar isə Kəmaləddin Heydərovun dövlət orqanlarında təmsil olunan kadrlarının "budanma” əməliyyatına əyani sübutdur. Gömrük orqanlarından kənarlaşdırılan məmurlarla bağlı aparılan hüquqi təhqiqatların nəticələrini və ümumiyyətlə Dövlət Gömrük Komitəsində baş verən prosesləri izləməkdə davam edəcəyik. Adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Azad Aydın,

"Yeni Sözçü"qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti