AZAL-dan bayram “sürprizi” – Sözün bitdiyi məqam


Artıq 4 ilə yaxındır ki, Azərbaycanın quru sərhədləri bağlıdır. Koronavirus pandemiyası ilə əlaqədar quru sərhədlərin bağlandığı elan edilsə də, Azərbaycan hökuməti nədənsə sərhədləri açmağa həvəsli görünmür. Elə bu səbəbdən də sərnişinlər ölkə xaricinə hava yolundan istifadə etməklə səfər edirlər. Təyyarə biletlərinin qiyməti isə “ceyran belində”.

Məlumdur ki, 8-12 noyabr 2023-cü il tarixləri Azərbaycanda qeyri-iş günləridir. Həmin gün işləmyəcək bir çox Azərbaycan vətəndaşı xaricdə, əsasən də Türkiyədə istirahət etməyi düşünür. Sərnişinlərin alternativ çıxış imkanlarının olmamasını nəzərə almalı olan AZAL isə bu tarix üçün qiymətləri 3 dəfəyə qədər qaldırıb.

8 noyabr 2023-cü il tarixi üçün AZAL-da Bakı-İstanbul reysinə “Econom” sinif biletin qiyməti baqajsız 854 manatadək, baqaj ilə 954 manatadək yüksəlib və hər gün yüksəlməkdə davam edir. Halbuki, qeyri-iş günləri AZAL-dan Bakı-İstanbul reysi üzrə bir istiqamətə 253 və ya 314 manata bilet almaq mümkündür.

Qeyd edək ki, bir müddət öncə AZAL-ın rəhbəri Cahangir Əsgərov vəzifəsindən azad edilib. Yeni rəhbər təyin edilənədək səlahiyyətləri qurumun vitse-prezidenti Samir Rzayevə həvalə olunub.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, adıçəkilən qurumun fəaliyyəti barədə tənqidi statuslarından sonra Samir Rzayev onu qəbul edib. Onun sözlərinə görə, görüşdə bu günə kimi AZAL-ın ünvanına səsləndirdiyi tənqidlər və bununla bağlı formalaşan ictimai rəy barədə məlumat verib.

“Ətraflı və maraqlı müzakirələr apardıq. Ən vacib məsələ - qiymətlərin baha olması ilə bağlı tənqidləri də normal qarşıladı, bu yöndə ciddi işlər apardıqlarını dedi, bəzi aksiyaların, məsələn, Türkiyədə oxuyan tələbələrə güzəştli biletlər satılmasının artıq həll olunduğunu, bu yanaşmanın başqa ölkələrdə oxuyan tələbələrə də şamil olunması üçün işlər görüldüyünü dedi. Qiymətlərin aşağı düşməsi üçün xərclərin azaldılması proqramı olduğunu söylədi, artıq keçən illə müqaisədə xərclərin 15 faiz aşağı salınmasına nail olduqlarını, bunun da qiymətlərə təsir etdiyini dedi. Yaxın zamanlarda yeni qiymət endirimlərinin olacağını da söylədi”, - deyə Cəfərli bildirib.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, jurnalist Fərid Şahbazlı AYNA-ya açıqlamasında deyib ki, AZAL-da inhisarçılıq hökm sürür və rəhbər dəyişikliyi də bu problemi aradan qaldırmadı: “Təsəvvür edin ki, aylar öncə vacib tədbirdə iştirak etmək üçün 29 dekabr tarixinə Minsk şəhərinə bilet almışıq. Tam təsadüfən öyrənirik ki, həmin günə reys ləğv edilib. Bu haqda bizə heç bir məlumat verilməyib. Xəbəri eşitdikdən sonra özümüz AZAL-ın e-maillərinə və “Whatsap” nömrələrinə yazdıq. Cavabın birində şirkət biletin digər tarixlərə dəyişdirilə və geri qaytarıla biləcəyini yazır. Digər cavabda isə Azərbaycan dilinin normalarına ciddi hörmətsizlik etməklə, biletin nə qaytarıla, nə də dəyişdirə biləcəyi qeyd olunur”.

“Bu, nə soyğunçuluqdur?! Bu, vətəndaşlara hörmətsizlikdir! Heç bir izahat verilmir. Quru sərhədlər bağlıdır. Ölkəni tərk etməyin və geri qayıtmağın yeganə yolu hava yoludur. Burada da inhisarçılıq və özbaşınalıq ən yüksək həddədir”, - deyə həmsöhbətimiz söyləyib.

Jurnalist AZAL-da ciddi islahatlar aparılmasını vacib sayır: “Cahangir Əsgərov vəzifədən azad edildikdən sonra böyük ümidlər yaranıb ki, qurumda islahatlar aparılacaq. Yeni rəhbər də ictimaiyyətə açıq olacağını bəyan edir. Qeyd edir ki, AZAL-da İctimai Şura yaradılacaq. Haqlı sual yaranır: ictimaiyyətin ən çox narazılıq etdiyi qurumda niyə bu günə qədər İctimai Şura yaradılmayıb? AZAL ictimaiyyətdən nəyi və nə üçün gizlətməyə çalışır?”.

“Dünyada aviasiya şirkətləri arasında gərgin rəqabət mövcuddur və hava yolları şirkətləri qiymətləri aşağı salır. AZAL isə bir ucdan artırır. Hesab edirəm ki, bu problemi aradan qaldırmaq və AZAL-ın fəaliyyətinə, əsassız qiymət artımlarına nəzarət etmək üçün aiddiyyəti qurumlar təcili hərəkətə keçməlidir”, - deyə Şahbazlı vurğulayıb.

DİA.AZ bildirir ki, mövzu barədə AYNA-ya danışan “Ege Travel” şirkətinin direktoru, turizm eksperti Mikayıl Mirzəzadə AZAL-da islahatlar aprılacağına ümid etmir: “Çox təəssüf ki, bir çox hallarda idarəetmədə yeniliklər olsa da, korrupsiyaya bulaşmış məmurlar daha gənc və müasir kadrlarla əvəz olunsalar da, ciddi dəyişikliklərin şahidi olmuruq. Misal üçün, gömrük sistemində hansı dəyişikliklər baş verdi ki? Yaxud Elm və Təhsil Nazirliyində, Dövlət Turizm Agentliyində hansı köklü islahatlar aparıldı ki? Siyahını uzatmaq da olar”.“AZAL öz qüsurlu fəaliyyəti ilə bütövlükdə ölkəmizi nüfuzdan salır. Azərbaycana gələn turistlərin sayında azalma baş verir. Hansı ki, postpandemiya dövründə bütün dünya turis axını üçün milyardlar xərcləyir. Rusiyada, Türkiyədə olan soydaşlarımız biletlərin baha olması səbəbindən Azərbaycana qayıda bilmirlər. Bu biabırçılığa son qoymaq lazımdır”, - deyə mütəxəssis bildirib.

Mirzəzadə əlavə edib ki, xaricdə xeyli sayda azərbaycanlı yaşayır: “Soydaşlarımızın ölkəyə gəlib-getməsi yalnız vətəndaşların sərbəst hərəkət etmək azadlığına dair məsələ deyil. Bu, həm də xaricdəki diasporumuzun özünü qoruması, assimiliyasiyaya uğramaması baxımından zəruri və kövrək addmlardan biridir. Öz vətənlərindən tamamilə bağlantıları kəsilən bu insanlar daha asanlıqla özgələşər və itirən yenə dövlətimiz olar”.



Oxşar Xəbərlər

Xəbər lenti