Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Kənd Təsərrüfatı Nazirliyinin start verdiyi yeni layihələrdən biri də aqroekoturizmlə bağlıdır. Nazir İnam Kərimovun rəhbərliyi ilə bu ayın əvvəllərində keçirilən təqdimat konfransında həyata keçiriləcəyi rəsmən açıqlanan layihənin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafına yeni nəfəs gətirəcəyi gözlənilir. Bunu layihə müəlliflərinin təqdimat mərasimində səsləndirdikləri fikirlər də təsdiqləyir. Kənd Təsərrüfatı naziri İnam Kərimovun iyunun 4-də keçirilən konfransdakı çıxışı zamanı bildirdiyinə görə, "Şəhərdən Kəndə” adlanan bu aqrar sahənin inkişafı vasitəsilə kənd turizminin formalaşmasına xidmət edəcək: "Aqroekoturizmin inkişafı iqtisadi-sosial sahələrin inkişafına təkan verməklə yanaşı, ölkələr arası mədəniyyətlərin inteqrasiyasına da töhvə verəcək”.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də konfransdakı çıxışında təqdim olunan layihənin kənd turizminin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu gizləyməyib. Onun fikrincə, layihənin icrası zamanı xüsusi diqqət yetirilməli məqam şəhərdən kəndə gələn insanların maraqlarını təmin etmək, baş verə biləcək neqativ antropogen təsirlərin minimuma endirilməsi olmalıdır.
Layihəni dəstəkləyən qurumlardan biri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev də təşəbbüsün uğurla nəticələnəcəyinə inanır. Konfransdakı çıxışı zamanı bu ümidini açıq şəkildə dilə gətirən F.Nağıyevin fikrincə, aqroekoturizmin inkişafı üçün Azərbaycanın zəngin potensialı var: "Təbiətimiz gözəl, regionlarımız özünəməxsus, insanlarımız qonaqpərvərdir. Bizim əsas vəzifəmiz bu potensialı səmərəli istifadə etmək, təbliğat aparmaq, uğurlu təqdimat həyata keçirməkdir”.
Bəs Azərbaycan hökumətinin hazırladığı aqroekoturizm layihəsinin sosial həyatımıza nə kimi faydaları ola bilər? Ümumiyyətlə, aqroekoturizm nədir və hansı məqsədlərlə həyata keçirilir?
Turizm sektorunun bu yeni sahəsi adından da göründüyü kimi, özündə bir neçə mədəni sahəni ehtiva edir. Bu sektor ilk növbədə alternativ turizm sahəsidir. İndiyə qədərki klassik turizmdən fərqli olaraq, aqroekoturizm sektoru öz müştərilərinə beton binalardan, insan əliylə inşa edilmiş daş tikililərdən fərqli məkanlarda dincəlmək imkanı təqdim edir. Allahın insan oğluna və bütün canlılara bəxş etdiyi gözəl təbiətin qoynunda daha rahat dincəlmək fürsəti yaxalayan turistlər həm ölkəmizin canlı və bitki aləmi ilə tanış ola, həm də şəhər həyatının cansıxıcı yeknəsəkliyindən, stresslərindən uzaqlaşa biləcəklər. Turizmin bu növü həm də ona görə sərfəlidir ki, mövsümi xarakter daşımır, ilin istənilən anında həyata keçirilir. Kənddə yazın da, yayın da, payızın da, qışın da başqa ləzzəti var və bu ləzzət turistlər üçün əsl adrenalin mənbəyinə çevrilə bilər.
Aqroekoturizmin kənd təsərrüfatı sektorunun inkişafındakı rolu da şəksizdir. Zatən bu sektorun formalaşdırılmasının əsas qayesi elə kənd təsərrüfatında çalışanların maddi rifah halını yüksəltməkdir. Sirr deyil ki, elmi-texniki tərəqqi sayəsində kənd təsərrüfatı məhsullarının istehsalında məhsuldarlığın artması istər-istəməz qiymətlərin aşağı düşməsi ilə nəticələnmiş, aqrar sektorun gəlir səviyyəsini azaltmış və kənddən şəhərlərə axını sürətləndirmişdir. Müasir çağımızda dünyanın, demək olar ki, bütün ölkələrinin ən böyük problemiminə çevrilən nizamsız urbanizasiya prosesi bizim ölkəmizdən də yan keçməmişdir. Xüsusilə 1994-cü ildə bağlanan "Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatına yeni dinamika gətirsə də, bu inkişaf neft və sənaye sektoruna daha çox təsir göstərmişdir. Cənab Prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi, qeyri-neft sektorunun inkişafının günün əsas tələbinə çevrildiyi, neft erasının bitdiyi indiki vaxtda, ölkə iqtisadiyyatının qarşısında dayanan əsas məsələlərdən biri də insanlarımızın yenidən kəndə qayıdışını təşviq etmək olmalıdır. Bunun üçün isə kəndlərdə əlavə gəlir mənbələri yaradılmalı, aqrar təsərrüfatla məşğul olanların daha çox qazanmaq imkanı təmin edilməlidir. Dünya təcrübəsi isə sübut edir ki, aqroekoturizm bu sahədə ən başarılı siyasətlərdən biridir. Təsadüfi deyil ki, Avropanın ən aparıcı dövlətləri, ABŞ, Avstraliya, Yaponiya, Cənubi Koreya kimi inkişaf etmiş ölkələr məhz bu səbəbdən kənd turizminə böyük əhəmiyyət verirlər: kənd təsərrüfatı ilə məşğul olan insanlar turizmin bu sektorundan da əlavə gəlir əldə edir və yurd-yuvalarına bağlanırlar .
Adından göründüyü kimi, aqroekoturizmin birbaşa bağlı olduğu əsas sahələrindən biri də ekologiyadır. Aqrar sektorda elmi-texniki tərəqqinin gətirdiyi məhsuldarlıq amansız rəqabət mühiti yaratdığından fermerlər istər-istəməz daha çox gəlir gətirən bitki növlərinə yönəlirlər. Bir çox hallarda, xaricdən gətirilən toxumlar yerli bitki növlərini tarlalardan tamamilə sıxışdırıb çıxırır, hər il xeyli sayda bitkilərin kökü kəsilir. Halbuki, hər bir təbiətin öz yerli məhsulları istər sağlamlıq, istərsə də damaq dadı baxımından daha kefiyyətli olur. Yerli toxumların məhsuldarlıq baxımından genləri dəyişdirilmiş xarici məhsullara uduzması bitkiçilik sahəsində tədricən gözəgörünməz ekoloji fəlakətlərə yol açır. İngiltərənin Kraliyyət Botanika Bağçası ilə İsveçin Stokholm Universitetinin bir müddət əvvəl apardığı tədqiqatlara görə, son 250 ildə 600-ə qədər bitki növünün nəsli kəsilib. Alimlər bunun gözləniləndən 500 dəfə çox olduğunu vurğulayırlar. Sözsüz ki, bu fəlakətin qarşısını almaq üçün yerli bitkiçilik ənənələri qorunmalı, ekoloji baxımdan daha sağlam qida məhsulları istehsal olunmalıdır. İstənilən mədəniyyətin əkinçiliklə başladığını nəzərə alsaq, bu həm də milli-mənəvi dəyərlərimizin təməllərinin qorunması deməkdir.
Söz milli mədəniyyətdən düşmüşkən, böyük şəhərlər komsopolit dəyərlərin hegemon olduğu məkanlar deməkdir. Kosmopolitizm içərisində hər bir xalqın kiçicik xidmətləri olsa da, milli mədəniyyətlər, adət-ənənələr bu gün kəndlərdə daha çox özünü qoruya bilir. İstər folklor kimi şifahi xalq ədəbiyyatı, istər xalçaçılıq, toxuculuq kimi maddi mədəniyyət nümunələri, istərsə də regional mətbəx kültürləri kəndlərimizdə hələ də öz yaradıcı ömürlərini yaşayırlar. Kənd turizmi, bu baxımdan, Azərbaycan xalqının mədəni dünyasının həm inkişafına töhfə verəcək, həm də onu qonaqlara daha mükəmməl təqdim etmək fürsəti yaradacaq.
Görünüdüyü kimi, aqroekoturizm Azərbaycanın sosial-iqtisadi həyatında bir çox sahələrinin inkişafının əsas təminatçısına çevrilmək gücündə olan sahədir. Bu sahənin inkişafı təkcə bir nazirliyin yox, həm də bütün hökumətin ən strateji hədəfinə çevrilməlidir.