Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Qərb xüsusi xidmət orqanlarının Müstəqil Dövlətlər Birliyi ölkələrində ictimai proseslərə təsir göstərmək məqsədilə rəqəmsal şəbəkələr formalaşdırdığını bildirib.

O, bu barədə MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının iclasında çıxışı zamanı danışıb.

Bortnikovun sözlərinə görə, Qərb strukturları MDB ölkələrində rəngli inqilabları təşviq etmək məqsədilə rəqəmsal laboratoriyalar şəbəkəsi yaradır. FTX rəhbəri qeyd edib ki, bu fəaliyyətlər hər bir ölkənin daxili xüsusiyyətləri nəzərə alınmaqla, vətəndaşların davranışına və ictimai əhvali-ruhiyyəyə manipulyativ təsir mexanizmlərinin yerləşdirilməsinə yönəlib.

O bildirib ki, həmin rəqəmsal laboratoriyaların əsas vəzifələrindən biri süni intellekt vasitəsilə əhalinin tipik davranış modellərinin toplanması və təhlilidir. Bortnikovun sözlərinə görə, bu sistemlər cəmiyyətdə gərginlik nöqtələrini müəyyənləşdirir, hökumətlərin addımları da daxil olmaqla müxtəlif xarici amillərə ictimai reaksiyaları modelləşdirir.

FTX direktoru xüsusilə Böyük Britaniya və Avropa mərkəzli strukturların fəaliyyətinə diqqət çəkib. Onun iddiasına görə, bu qurumlar MDB ölkələrində maliyyə, ticarət və nəqliyyat sistemlərinin rəqəmsallaşdırılması layihələri adı altında oxşar fəaliyyətlər həyata keçirə bilər.

Bortnikov həmçinin bildirib ki, London xüsusi xidmət orqanları ilə əlaqəli qeyri-hökumət təşkilatlarından istifadə edir. Onun sözlərinə görə, bu təşkilatlar MDB xalqları üçün ortaq olan mənəvi və əxlaqi dəyərləri zəiflətməyi, eləcə də Qərbin strateji məqsədlərinə xidmət edəcək yeni milli elita formalaşdırmağı hədəfləyir.

Çıxışının digər hissəsində Bortnikov NATO-nu da ittiham edib. O bildirib ki, alyans Afrika, Latın Amerikası və Asiya-Sakit okean regionu daxil olmaqla dünyanın müxtəlif bölgələrində seçici təsirə malik bioloji silahların hazırlanması istiqamətində fəaliyyətini davam etdirir.

FTX rəhbərinin sözlərinə görə, əvvəlcədən müəyyən edilmiş xüsusiyyətlərə malik təhlükəli yoluxucu xəstəliklərin yayılması ehtimalı MDB ölkələri üçün aktual təhlükələrdən biridir. Bortnikov bu cür bioloji laboratoriyaların MDB ərazisində də fəaliyyət göstərdiyini iddia edib.

O əlavə edib ki, həmin obyektlərdə aparılan sahə sınaqları və patogen sızması halları təbii səbəblərlə izah olunaraq gizlədilir.

Bortnikov süni intellekt texnologiyalarının inkişafının bioterrorizm risklərini artırdığını vurğulayıb. O, bu istiqamətdə MDB ölkələri arasında fəal birgə fəaliyyətə ehtiyac olduğunu bildirib.

Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinə Rusiya ilə yanaşı Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.

Arzuman LOĞMANOĞLU

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti