Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Ermənilər də Azərbaycandan istədiklərini alıblar, bizim imansız yırtıcılar da...
Bir tərəfdən şiddətlənən mərəzim, bir tərəfdən ovunmaz mənəvi əzabım, maddi mərhumiyyət, qocalıq məni elə heydən salıb ki, baş verənlərə fövrən vaxtında reaksiya verə bilmirəm. Əlimin altında nə saytım var, nə qəzetim, məslək, əqidə dostlarımın da çoxu bu dünyadan rehlət aparıb. Təyin olunmuş "millət vəkilləri”, heyvərə şərhçilər, buqələmun xislətli hərşeyşünaslar sevinə bilərlər. Bu mənhus güruhu yerində oturtmağa istedadım da, gücüm də yetər, di gəl bayaq ərz elədiyim kimi imkanım yoxdur.
(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/bizim_yirtici_mmurlar_v_ermnilr )
Kiçik bir ricət
Bu günlərdə iqtidarın elə bir turbaduru yoxdur ki, AXC-Musavat tandemini alçaldıb təhqir eləməsin. İkrah oyadan fakt odur ki, vaxtilə məhz Elçibəyin, ya da İsa Qəmbərin qarşısında kəmərbəstə qulam kimi duranlar, onların sayəsində qısa müddətdə də olsa rəyasətə yetənlər, çörək yiyəsi olanlar ağızlarına su alıb oturublar. Sanki yağdırılan nifrin və həqarətin onlara dəxli yoxdur.
Nə deyirəm, özləri bilirlər, Hamı bilir ki, məni heç vaxt "pambuq bəylərinə” rəğbət bəsləməmişəm. Mətbuatda nə lazım gəlib yazmışam, insafən desək, ittihamlarımı təkzib edən də olmayıb.
Yanacaq doldurma məntəqələrindən, dükanlardan bac-xərac yığan, kənddə-kəsəkdə əldə silah azğınlıq edən, namuslu, işini bilən məmurları gözümçıxdıya salanlar vardı. Axşamlar Bakı ölü şəhəri xatırladırdı və s.
Amma xalqın milyardlarını, milyonlarını həyasızcasına oğurlayıb xaricdə mal-mülk alan, biznes quran, kef üçün Londondan vurub Dubaydan çıxan, xaltura mədiyyələr yazıb ad-san qazanan, bir oturacaq yeri iki yüz manatdan beş yüz manata çatan restoranda "gül balası” üçün toy edib, sonra da utanıb eləmədən teleekrandan demokratiyadan dəm vuran alçaqlar yox idi. Şəhər indi kimi gözəl deyildisə, amma hələ ərəblər üçün "pritona” dönməmişdi.
İndi düçar olduğumuz bəla tamam başqa şeydir. Ölkədə cəmi-cümlətanı heç 20 məscid də işləmirdi, amma Allah, Quran xofu vardı. Təmir olunmuş, yeni inşa edilmiş məscidlərin gözəlliyindən göz qamaşır, namaza duranların, həccə gedənlərin sayı-hesabı bilinmir. Di gəl mənəvi mühit cəhənnəmə dönüb, zinakarı təmiz dindardan ayırmaq olmur. Kim nə deyir qoy desin, amma bəyənmədiyim "bəylərin” hakimiyyəti dövründə Arif Rəhimzadə kimilər üstü örtülü də olsa cürət edib ermənilərə "eşq elan” etməzdilər(Bax, "Yeni müsavat” qəzeti № 122, 8 iyun). İnanmırsınızsa, həmin qəzeti tapın oxuyun, görün Arif ağa necə məkrlə danışıb. Məğlub olan, irz-namusu tapdalanan, vətəninin tən yarısını itirən biz, amma Arif ağanın fikrincə, erməni qarşısında reverans edib məhəbbətimizi izhar edən də biz olmalıyıq.
... Xəbər çıxır ki, hamı sərvaxt olmalı amadə durmalıdır. İyul ayında Azərbaycanın murdar nuvoriş zümrəsinin könlünü açan "Jara” festivalına hazırlıq gedir. Yenə də qudurğanların əndamlı qız-gəlinləri estrada həşəratı ilə bir yedə göbək əsdirəcək. Gəlmə lotular Bakıda istədiklərini edəcək, bizim utanmaz axmaqlara xoş gəlmək üçün hərdən "O Baku, prekrasnıy qorod!” deyəcəklər.
Məqalənin əvvəlində dediyim kimi, bu iqtidarın müharibə aparmaq fikri yoxdur. Hamı bilir ki, hakimiyyətin bütün strukturlarında nə qədər istəsəniz erməni qohum-əqrəbası olanlar var. Şəhərdə də sayı əlli minə (bəlkə də çox) çatan tər-təmiz erməni yaşayır. Bizim pulgirliyimizdən, biqeyrətliyimizdən sui-istifadə edənlər heç adlarını, soyadlarını dəıyişdirməyi də lazım bilməyiblər. Erməni olsun, azərbaycanlının kütlüyündən istifadə eləməsin? Otuz il keçib ermənilər gözəl biznes də qurublar, bizim cah-cəlallı əyləncə, istirahət yerlərində kefə də baxırlar. Bizim iqtidar axmaqdır, qohum-əqrəbasının kefinə soğan doğrasın?
Bəzi coşanları sakit eləmək üçün hər dörd-beş ildə bir dəfə cəbhə xəttində kiçik toqquşma təşkil olunacaq, on-on beş kasıb balası güllə qabağında qalacaq, heç kimə lazım olmayan ərazidə ermənilər rusların əmri ilə bizə beş-on qarış torpaq verəcəklər və Elman Nəsirovlar, Aydın Mirzəzadələr, Musa Qasımlılar düz iki il iqtidarın "cahanşümul zəfərlərindən” vəzzəriyat oxuyacaqlar.
İkinci ricət
"Hürriyyət”in bu ilki 97-ci sayında tarixçi alim Nəsiman Yaqublunun giley-güzarı dərc olunub. Ürək ağrısı ilə oxudum, qaldırılan məsələyə ancaq nadan adam laqeyd qala bilər. İqtidarın Cümhuriyyət qurucularına ögey münasibəti hamıya bəllidir. Başqa cürə də ola bilməzdi, axı hakimiyyətdə yenə də həmin kommunistlər, onların sadiq cığırdaşları və törəmələridir. Milli istiqlaliyyət uğrunda qurban gedənlərin niyə irsi öyrənilməlidir, niyə də onların şərəfinə abidələr ucaldılmalıdır? Əvvələn o, irsi öyrənməyə ehtiyac hiss edən nəsilin evini Misir Mərdanov kimilər elə yıxmadılar ki, burada vəziyyət düzəlsin. Dəfələrlə yazdım ki, bütün təhsil sistemini rüşvətxanaya döndərən Misir Mərdanovun əli ilə keşiş-mason dünyası Azərbaycanın gələcəyini nəinki məhv edə bildi, hətta təhlükəni duyub iş görmək istəyən maarifçiləri də mənən sındırdı.
Axı bu xarabada gözü açıq, savadlı nəsil yetişsəydi, o zaman indiki azğınlara bu sualları verənlər də tapılardı. Cümhuriyyət qurucuları bilə-bilə ölümə getdilər.
Konslagerlərdə, zindanlarda həlak olanların dəqiq sayı indiyə qədər məlum deyil, əksəriyyətinin külfəti pərən-pərən düşdü, oğul-işaqları yetimxanalarda itib-batdı. Qürbətdə sızıldaya-sızıldaya Vətən həsrəti ilə can verən kişilərdən danışmırıq. Axı Sizə kim ixtiyar verib ki, vampir kimi xalqın qanını içib, gah xaricdə qəsrlər alırsınız, gah daxildə nə qədər əmlak qamarlayıb binamus həyat tərzuində kasıb-kusuba acıq verirsiniz?
Mərdəkanda bədbəxt Murtuz ağa Muxtarovun gül kimi malikanəsi Rusiyadan gəlmiş Çaqin soyadlı bir bolşevik köpəyinə verilmişdi. O, həm "Bakraboçiy” qəzetinin redaktoru idi, həm də Mərkəzi Komitənin katiblərindən biri. Cənubi Azərbaycanda min zinakarlıq törətmiş rus şairi Yesenini o ağuşuna çəkib yanında saxladı. Çaqin əyyaşlığa qurşanmış rus şairinin yerli camaat qarşıısnda rüsvay olmağını istəmirdi. İqtidardan soruşuram, Murtuz ağa Muxtarov kimi qeyrətli bir türk kişisinin xatirəsini murdarlamağınız qalsın bir qıraqda, iki alkoqolikin şərxoşluq etdiyi yeri muzeyə döndərmək o qədər vacib düşmüşdü? Roma hekotombalarının bərpası üçün verdiyiniz milyonlara cümhuriyyət uğrunda qurban getmiş fədailər üçün nə qədər büst, heykəl ucaldıla bilərdi.
M.Ə. Rəsulzadə, Ə.Topçubaşov, Fətəli xan Xoyski bir katolik keşişi, bir əyyaş Yesenin qədər də olmadılar? Bir tərəfdə Azərbaycan tarix dərsliyinə "Böyük Ermənistan” xəritəsi salınır, bir tərəfdə vaxtilə millətin əsl cəfakeş kişilərini keçi qiymətinə satanların, Üzeyir bəyin özündən "danos” yazanların törəmələrinə ənamlar, fəxri adlar verilir, bir yanda da iqtidarın hərzəkarları bizlərdən muştuluq istəyirlər, sevinin, bu illəri dünyanın elə bir estrada lotusu, elə bir fırıldaqçı "sənətçisi” qalmayıb ki Bakıya gəlməsin.
Nəsiman müəllim buyurur ki, o, Rəsulzadənin mühacirətdəki əsərlərinin on cildliyini hazırlayır. Mən də deyirəm, çox nahaq yerə! Bu milləti şou-biznes həşəratının yataq əhvalatları, futbol, kriminal xəbərlər, alver və fizioloji tələbatı maraqlandırır. Nəsiman müəllim, fövqəladə şücaət göstərmiş şəhid əsgərin xatirəsi hansısa fahişə tərəfindən ləkələnəndə bu millətin vecinə olmursa, ona heç bir külliyyat, hətta Allah da kömək etməyəcək. Necə də etmir.