“5-ci kalonna”nın əsas solistləri PREZİDENT SARAYINDA OTURUBLAR - II HİSSƏ

“5-ci kalonna”nın əsas solistləri PREZİDENT SARAYINDA OTURUBLAR - II HİSSƏ

 

"Xocalıda dəhşəti törədənlərin əksəriyyəti sərxoş rus hərbçiləri idi. Hələ Yanvar qətlamı... Amma bizim dövlət ərkanı bədnam rus alayının adını çəkməkdən qorxur”

Məqalə yazmağın klassik üslubundan əl çəkib, tamam başqa tərzdə söz demək istəyirəm. Yəqin ki, bir azdan niyyətimi biləcəksiniz. Gördüklərimi, bildiklərimi, nəhayət məni əvvəl-axır gora aparacaq dərdlərimi fraqmentlər halında qələmə alıram.

Son vaxtlar bizim gülməşəkər qələm ərbabı tez-tez "5-ci kalonna" sözünü işlədir. Bu söz İspaniyanın məşhur dövlət xadimi general Frankodan yadigar qalıb. 1938-ci ildə onun başçılığı altında ordu sol qüvvələrin nəzarəti altında olan Madridə həmlə edir.

Əməliyyat müşavirlərinin birində Franko xəritə üzərində hücum planını cızarkən "5-ci kalonna” sözünü yazır. Təəccübünü gizlədə bilməyən bir zabit soruşur: - Cənab general, axı bizim göz qarşısında cəmi dörd hücum kalonnamız var, bu beşinci haradanm çıxdı?

Franko cavab verir:- Mənim 5-ci kalonnam Madridin içindədir, vaxt gələndə o, sözünü deyəcək...

...Həlledici döyüşlər başlayanda, "5-ci kalonna” Madridin özündə respublikaçıları arxadan vurdu və məsələ bitdi.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/5-ci_kalonnanin_esas_solistleri_prezident_sarayinda_oturublar)

İndi isə üzümü Ziyafət ağaya tutub üç-dörd kəlmə deməliyəm. Əvvəla, dəbdəbəli toyunuzdan söhbət açdığımıza görə qəzeti sığma-boğmaya salmayın. Mənimlə işiniz olsun, həmkarınız, özünə "Heydər Əliyevin bioqrafı” titulunu götürmüş Elmira Axundova düz 20 ay qocalıq təqaüdümü əlimdən aldı. Ayda ancaq 95 manatla dolandım. Cərimə bitəndən sonra indi 200 manat alıram. Bu pul ölümə də bəs edir, dirimə də, müalicə olunuram, kommunal xərcləri ödəyirəm, binamus quldurlara məxsus olan restoranlara, əyləncə mərkəzləriunə gedirəm, o konsert yoxdur ki, orada bizim oliqarxların əziz–giramları ilə bir cərgədə oturmayım (əlbəttə ki, burada ən bahalı fransız ətirlərindən bihuş olmağımı daha demirəm), axşamlar da ləziz təamlardan nuş edəndən sonra otururam televizorun qarşısında, yarım kilosunu 250 manata aldığım əla dəmlənmiş çay öz yerində və başlayıram Rasim Musabəyova, Elman Nəsirova qulaq asmağa.

Kişilərin dəhanlarından dürr tökülür, məəttəl qalıram, adamda da bu qədər savad olar? Belə ideoloqları olan millət xoşbəxtdir...

Sözümün canı bu deyil. Ziyafət ağa, çox istərdim ki, sizinlə cah-cəlallı məclislərdə oturub dünyadan kam alan, imam övladı kimi məsum "millət vəkillərinə” digər iri çaplı məmurlara bu sözləri deyəsiniz.

Deyəsiniz ki, Fransada o adam qalmayıb ki, yanmış kilsənin bərpası üçün əlini cibinə salmasın. Azərbaycanda isə neçə-neçə xarabaya dönmüş qədim qala və istehkam var, bəs siz nə vaxt qeyrətə gələcəksiniz?

Deyəsiniz ki, bəyənmədiyiniz erməni iş adamları orduları üçün ən son model hərbi təyyarələr alırlar, siz şərəfsizlər isə, gah şəhid ailəsinin malını, mülkünü əlindən alırsınız, gah da xoşunuza gəlməyənləri şərləyib içəri basırsınız.

Deyəsiniz ki, lampaslı şalvar geymiş, zər paqonlu alçaqların nəinkli özləri, hətta cici-bacıları da məmləkəti talan edirlərsə, cəzasızlıq sindromu hər yerə hakim kəsilibsə, fövqaladə tədbirlər görülməlidir, Çində olan kimi korrupsionerlər, rüşvətxorlar gündüzün günorta çağı stadionlarda güllələnməlidir.

Amma, heç kimə, heç nə deməyəcəksiniz, çünki siz də həmin güruhun içindəsiniz. Məşhur tarixi romanlar müəllifi Valentin Pikulun gözəl bir sözü var: "Müharibə aparıb vuruşlarda qalib gəlmək nəyə lazım? Dövlətdən də, xalqdan da gənc nəsli alın, ölkə birdəfəlik məhv olacaq”.

Türk-islam dünyasına qənim kəsilmiş keşiş-mason irticasının bilavasitə əmrlərini yerinə yetirən bizim şou-biznes həşəratını yerində oturtmusunuz? Bu son illərdə o bəla qalmayıb ki, nazil olmasın. Bir vitse-spiker kimin intihar dalğasının belə sürətlə qalxması ilə maraqlanmısınız?

Beş-on idmançımız uğur qazanıbsa, bir neçə gənc xarici ölkələrdə üzümüzü ağardıbsa, bu o demək deyildir ki, təlim-tərbiyə məsələsində hər şey qaydasındadır. On minlərlə uşaq adamsızlıq üzündən təhsildən kənarda qalıb, bədbaxt olub. Məhz sizin kimi biganələrin üzündən vaxtilə gözəl ənənələri ilə ad qazanmış şəhərimiz əcnəbilər üçün "pritona” dönüb. Bir öyrənin görün massaj salonlarında, əyləncə məkanlarında nə qədər qız uşağı bədbəxt olur.

Bunları yazdıqca fikirləşirəm, ay dili qafil, indiyə qədər başına gələnlər sənə dərs olmadı? Sənə bir qəbir yeri vermək istəməyən adamlardan nəcib əməl gözləyirsən. Çox artıq-əskik eləsən verərlər səni məhkəməyə başına tənbəki oyunu açar, qocalıq təqaüdündən həmişəlik mərhum olarsan. Yaxşısı budur xatiri sənin üçün əziz olan Əlisa müəllimə üz tut, gör nə deyir, dərdinə şərik ol.

Ey atəşzəban, köhnə kişilər demişkən dərd üzündən məcməri-nar içində yanıb kül olan nuri –çeşmim Əlisa müəllim!

"Hürriyyət” qəzetinin 25 aprel tarixli sayında gözəl məqalənizi oxudum. Nizami məsələsi ilə işim yoxdur, amma rus dili barədə yazdıqlarınıza şərikəm.

Məni təəcübləndirən sadəlövlüklə soruşursunuz ki, bu rusdilli məktəblər hansı zərurətdən bu qədər çoxdur və günü-gündən də çoxalır. Hansı zərurətdən? Deyə bilərəm, iki azərbaycanlı danışanda sözlərinin az qala tən yarısı rus dilində olmur?

XX əsrdə Rusiya o oyun qaldı ki, Azərbaycanın başına gətirməsin? Sərvətlərini vəhşicəsinə taladı, dilinə, dininə təcavüz elədi, insanlarını qırdı, axırda da torpaqlarını binamus övladlarının əli ilə erməniyə verdi. Amma azərbaycanlı hələ də Razinin adından əl çəkmir. Bir "matışkaya” xoş gəlmək üçün neçə-neçə azərbaycanlı cavan bir-birinin qarnını cırar.

Xocalıda dəhşəti törədənlərin əksəriyyəti sərxoş rus hərbçiləri idi. Hələ Yanvar qətlamı... Amma bizim dövlət ərkanı bədnam rus alayının adını çəkməkdən qorxur.

Əlisa müəllim, özün bilirsən ki, hakimiyyətdə olanların əksəriyyəti kommunist partiyasının yetişdirmələridir, lap uşaqlıqdan Rusiyaya məhəbbət ruhunda tərbiyə olunublar. Heç kimdən, heç nədən qorxmuram, sözümü açıq deyəcəyəm, bütün şüurlu həyatı boyu kommunist diktaturasına canla-başla qulluq edib yüksək məqamlara çatmış ideoloqlar bizim dilin qeyrətini çəkəcək?

Rusdilli məktəblər Kremlin sadiq əsgəri olan bu məmurlar kimilərin xeyir-duası ilə çoxalır. Ruslaşmanın yeni dalğasının qalxması məhz bu cənabla və onun sadiq müridlərinin fəaliyyəti ilə bağlıdır.

Hamı bunu bilir və hamı da qorxudan susur, Pərdə arxasından çox prosesləri idarə edən Ramiz ağa ona beyət gətirməyənləri bu və ya digər yolla susdurmağı, mənən sındırmağı bacarır. Bu sahədə onun böyük təcrübəsi var!

Yaxşı bilirəm ki, bu gün-sabah dünyadan köçəcək mənim kimi inadkarı məhz onlar Elmira Axundovanın əli ilə pulsuz-parasız qoydu. Nə deyirəm? Çərxin gərdişi həmişə belə qalmayacaq ki!

Amma susan deyiləm, Hannibal andı içmişəm. Bir təsəllim var, harınlar, azğınlar cəzasız qalmazlar, sadəcə geci-tezi var.

Əlisa müəllim, bu xalq dilinin qədrini bilmir. Mirzə Cəlil rəhmətlik hələ ötən əsrin əvvəllərində yazmışdı ki, dil məsələsində ruslar ermənilərə etdiklərini mindən birini bizə etməyiblər.

Gəlin kişi kimi danışaq, dil məsələsində latışda, estonda, gürcüdə olan qeyrət bizdə varmı? Basıb kəsmək lazım deyil... Zəngilandan gələn qaçqın pul basıb şəhərin yaxşı yerində bir dükan, ya da kababxana açan kimi üstünə "Diana”, ya da "Kleopatra” sözünu yazdırır. Soruşsan bu nəmənədir, cavab verə bilməyəcək. Nəyiksə buyuq! Şəhərin küçələrini gəzin, reklam lövhələrinə baxın, camaat danışacağına fikir verin. Bu xarabaların harasına, nəyinə müstəqil Azərbaycan dövləti deyəsən?

Niyə etiraf etmirik ki, qanımıza, iliyimizə qərinələr, əsrlər boyu sirayət etmiş natamamlıq sindromu bizləri mənən şikəst edib. Qurtulmaq üçünsə heç nə etmirik.

AMEA-nın akademiklərindən nəsə ummaq avamlıqdır. Prezident aparatından adi bir katibə bircə dəfə bunların üstünə çımxırsa hamısı öd-bağır olacaq. Belə ki, mənim hörmətli Əlisa müəllimim, cəngi-məğlubəyə qalxmaq mənasızdır. Allah bilir biz kimlərin duaları sayəsində bu başıbəlalı torpaqda hələlik yaşayırıq.



Oxşar Xəbərlər

Xəbər lenti