AZƏRBAYCANIN SİRK PƏHLƏVANLARI

 

Şərif KƏRİMLİ,

yazıçı-publisist

 

24 noyabr 2016-cı il tarixində AMEA-nın əsas binasında AMEA Memarlıq və İncəsənət İnstitutunun təşkil etdiyi "Azərbaycan Milli Sirk sənəti-70” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilmişdir. Konfransda maraqlı məruzələr və çıxışlar dinlənilmişdir.Yazıçı-publisist Şərif Kərimlinin "Azərbaycanın sirk pəhləvanları” adlı məruzəsi tədbir iştirakçıları tərəfindən xüsusi əhəmiyyət kəsb etmişdir. Belə ki, Azərbaycanımızın , eləcə də dünyanın görkəmli güləşçiləri və sirk atletləri kimi yenilməzlik qazanan xalq bahadırlarının həyat və fəaliyyətindən bəhs edən "Sali Süleyman” və "Rəşid Pəhləvan” kitablarının müəllifi olan Şərif Kərimli milli sirk sənətimizin və milli pəhləvanlıq tarixinin araşdırıcılarından biri kimi dəqiq faktlarla sübuta yetirməyə çalışdı ki, milli sirkimizin yaşı 70 deyil, daha qədimdir. Bu tarix ən azı 120 il bundan əvvələ gedib çıxır. Mövzunun aktuallığını nəzərə alıb Şərif Kərimlinin məruzəsini bütövlüklə dərc edirik.


Qədim tarixə malik olan Azərbaycan güləşinin qədimlərdə sirklə bağlılığı haqqında əlimizdə məlumat çox azdır. Biz ancaq o dövrlər yaranan bədii əsərləri mütaliə edərkən cüzi məlumat ala bilirik. Böyük Nizaminin "İskəndərnamə” poemasında şairin ilhamla işlədiyi pəhləvan surətləri, şübhəsiz, xalq arasında yaşamış el bahadırlarının ümumiləşdirilmiş obrazlarıdır. "Xosrov və Şirin”dəki Fərhad da yəqin hansı bir qəhrəmanınsa prototipidir.

"Dədə Qorqud”, "Koroğlu”, "Şah İsmayıl” kimi dastanlarımızda biz bir çox pəhləvanların şücaətləri haqqında maraqla oxuyuruq və bütün bunlar Azərbaycan güləşinin qədim tarixini göstərən ilk mənbələrdir.

İnsanın fiziki inkişafında ən başlıca vasitələrdən biri olan güləşin böyük tarixi keçmişi vardır. Güləş tarixən milli olmuşdur. Qətiyyətlə demək olar ki, yer üzərində elə bir xalq yoxdur ki, onun öz milli güləşi olmasın. Tarixi-mədəni inkişafın aşağı səviyyəsində duran xalqlar arasında güləş primitiv şəkildə, qəbul olunmuş xüsusi qaydaları olmayan bir oyun kimi yayılmışdı. Nisbətən inkişaf etmiş mədəni xalqlar isə güləşdə bir sıra qaydalar qəbul etmişdilər.

Ümumiyyətlə, güləş ibtidai insanın özünü vəhşi heyvanlardan qoruması üçün təbii bir zərurətdən əmələ gəlmişdir. Milli güləş xalqın ümumi mədəniyyəti ilə qırılmaz surətdə bağlıdır. Yenilməz pəhləvanlar həmişə xalqın hörmət və məhəbbətini qazanmışlar. Xalq onlara nəğmələr, dastanlar qoşmuşdur.

Mükəmməl güləş qaydalarının yaradıldığı və kütləvi şəkil aldığı xalqlar arasında misirlilər, yunanlar və romalılar qədim dövrlərdə məşhur idilər. Deyilənlərə görə, hətta misirlilər o qədər çox fənd bilirdilər ki, bunların əksəriyyəti indi də Amerika sərbəst güləşində qalmaqdadır.

XIX əsrin sonlarından XX əsrin ortalarına kimi beynəlxalq aləmdə fransız güləşi geniş yayılmışdı. Bu da təsadüfi deyildi. Güləşin daha kütləvi şəkil aldığı bir dövrdə bütün xalqların nümayəndələrinin bir-biri ilə yarışması üçün ümumi bir güləş növü və ümumi yarış qaydaları olmalı idi.

Fransız güləşi, adından da göründüyü kimi, XIX əsrin 50-60-cı illərində milli güləş növü kimi Fransada yaradıldıqdan sonra, bir çox xalqlar arasında yayılmış, bir az da təkmilləşdirilmiş və daha yeni fəndlərlə zənginləşmişdi. Nəhayət, bu növ üzrə Finlandiyada hətta güləş məktəbi də təşkil olunmuşdu.

İlk dəfə fransız güləşi 1885-ci ildə Helsinqforsda nümayiş etdirilmişdir. Peşəkar güləşçi Rober Finlandiyanın bütün güclü adamlarını bu yarışa dəvət etmişdi. O vaxta qədər yalnız əlbəyaxa üsulu ilə güləşən finlərin bu güləş növü çox xoşlarına gəldi və onlar həvəslə onu öyrənməyə başladılar. 1891-ci ildə Finlandiyada ilk "Helsinqfors Atletika klubu”nun əsası qoyuldu. Finlər fransız güləşini o qədər təkmilləşdirib dəyişdirdilər ki, nəhayət, onlar "Fin variantı”nı yaratdılar. Bu variantda finlər, haqlı olaraq, ən yaxşı ustalar sayılırdılar.

Finlərin ardınca fransız güləşini şimal xalqlarından isveçlər, norveçlər, danimarkalılar, estonlar da qəbul etdilər. Cənub xalqlarından isə macarlar və almanlar arasında fransız güləşi daha da canlandı, ona cənub ehtirası qarışdı və yeni məktəblər yaradıldı.

Rusiyaya fransız güləşi ilk dəfə bu güləşin bütün ustalıqlarını mənimsəmiş milliyyətcə polyak olan Vladislav Pıtlyasinski tərəfindən gətirilmişdir.

İnqilabdan sonra bədən tərbiyəsi və idmanın kütləviliyi geniş vüsət aldəğından fransız güləşinin fin variantı da SSRİ-də güniş yayıldı.

XVIII-XIX əsrlərdə Azərbaycanda qüvvətli və adlı-sanlı pəhləvanlar çox olmuşdur. Belələrindən Hüseynqulu Hacı Mürsəlqulu oğlu, Məşədi Əbdüləli Axundov (Altıaylıq), Mirzə Həşim oğlu Hüseynqulu, Sar Pənci, Atababa, Əhmədli Məmməd, Şonu oğlu Məmmədhüseyn bahadır görkəmləri və gücləri ilə xüsusi şöhrət qazanmış cəngavərlərdən idilər.

Bizim əsrin başlanğıcında Azərbaycanda daha bir çox el pəhləvanları yetişməyə başladı. Bunlardan Sali Süleyman, Rəşid Yusifov, Eldar Göyçaylı, Məhəmmədəli Qazaxlı, Cümşüd Yusifov, Çingiz Göyçaylı, Qara Rüstəm elə nəhəng gücə malik idilər ki, tezliklə bütün ölkədə tanındılar. Bir çox rus bahadırları ilə sənət və şəxsi dostluqları onları beynəlxalq aləmə çıxardı.

Çox maraqlı və nümunəvi taleli bu adamlar Azərbaycan güləşinin inkişafında misilsiz xidmətlər göstərdilər. Nadir gücə, xüsusi pəhləvanlıq istedadına malık olan bu bahadırların gərgin əməyi sayəsində Azərbaycan güləşi yeni fəndlər və üsullarla zənginləşdi, özünün əsl mənada əlvanlığını, çılğınlığını, humanist və mədəni keyfiyyətlərini qabarıqlaşdırdı, böyük xalq kütləsinin həqiqi mənada malına çevrildi. Minlərlə gəncin ürəyində bu güləş növünə, ümumiyyətlə idmana sonsuz məhəbbət oyandı.

Azərbaycan sirk mədəniyyətinin inkişafında, yeni forma və məzmun kəsb etməsində də adlarını çəkdiyimiz pəhləvanların çox böyük əməyi olmuşdur. Onlar özlərinin mübariz və vətəndaşlıq keyfiyyətləri ilə sirk sənətinə yeni rəng və çalar verdilər, bir çox istedadları üzə çıxardılar və öz sənətlərini həvəslə onlara öyrətdilər.

AZƏRBAYCANIN  SİRK PƏHLƏVANLARI

 

 

Sali Süleyman (1880-1992)

 

XIX əsrin sonlarından, daha dəqiq desək, 1896-cı ildən Temirxan-Şuraya qastrola gələn Peterson sirkində ilk debüt edən və güləş yarışlarına qatılan Sali Süleyman məşhur pəhləvanlardan öyrənməklə yanaşı, həm də onlarla yarışlara çıxırdı. O burada tanınmış türk güləşçisi Qoçu Əhməd üzərində parlaq qələbə qazanmış və bu qələbəni təbrik edənlər arasında dünya şöhrətli rus pəhləvanı İvan Maksimoviç Poddubnı ilə tanış olmuşdu.

İvan Poddubnının Azərbaycanın iki nəhəng sirk pəhləvanı – Sali Süleyman və Rəşid Yusifovla 50 ilə yaxın şəxsi və sənət dostluqları olub.

Sali Süleyman sonralar İvan Poddubnı haqqında belə deyirdi: "Mən Poddubnı ilə on səkkiz il çiyin-çiyinə işləmişəm, ömrünün axır günlərinə kimi onunla dostluq etmişəm. Mən heç vaxt sadə və həssas ürəkli böyük insan olan müəllimimi unutmayacağam.”

O vaxtlar sirklərdə müxtəlif milli güləşlər nümayiş etdirilirdi. Şərqdə, eləcə də Azərbaycanda və Dağıstanda güləş növləri arasında eynilik çox idi. Rusiyada və Avropa ölkələrinin əksəriyyətində fransız güləşi üstünlük təşkil edirdi. Fransız güləşində müxtəlif aldadıcı, rəqibini yorucu, çaşdırıcı fəndlərdən istifadə olunurdu. Burada yalnız qurşaqdan yuxarı tutmağa icazə verilirdi. Fransız güləşində fiziki güclə eyni səviyyədə dayanan amil vardı ki, bu da daha çox, daha mürəkkəb fəndlər işlətmək idi. Bu fəndləri gözəl, dəqiq işlədən şəxs uğur qazanırdı.

O dövrdə sirkdə çalışan güləşçilər təkcə güləşlə kifayətlənmirdilər. Tamaşanın daha maraqlı keçməsi üçün onlar müxtəlif əyləncəli, cəlbedici nömrələr də göstərirdilər. Pəhləvan-güləşçilər pudluq və ikipudluq daşları atıb-tutur, dişlərində qaldırır, yüksəklikdən bu daşları döşləri üzərinə buraxırdılar. Ümumiyyətlə, sirkdə ən maraqlı an pəhləvanların səhnəyə çıxması ilə başlanırdı. Zalda canlanma əmələ gəlir, hərarətli alqış sədalarından qulaq tutulurdu.

Əsası 1897-ci ildə qoyulmuş və üzvləri ancaq burjua və zadəganlardan ibarət olan, Rusiya çarının qardaşı böyük knyaz Vladimir Aleksandroviçin Sankt-Peterburq Atletika Cəmiyyətinə İ.Poddubnının təqdimatı ilə üzv qəbul olunan Sali Süleyman burada çox ciddi imtahanlardan keçməli oldu. ”Kasıb-kusub” zümrəsindən bu cəmiyyətin heyətinə ilk qədəm basanlardan birincisi, vaxtilə Novorossiysk hambalı olmuş, sonralar altı dəfə dünya çempionu kimi yüksək ada layiq görülmüş İvan Maksimoviç Poddubnı, ikincisi isə, Saratovda küçə xidmətçisi işləmiş məşhur pəhləvan İvan Zaikin olmuşdur.

Sali Süleyman Peterburq Atletika Cəmiyyətinin xəttilə müxtəlif yarışlara çıxmaqla yanaşı, Mixaylevski manejində və Çinizelli sirkində də işləyirdi. Artıq Rusiyada, Asiyanın bir çox ölkələrində və Avropada məşhurlaşan Sali Süleymana böyük şəhərlərin tanınmış sirkləri dəvətlər göndərirdi. Xüsusilə Qafqazda – Azərbaycanda, Gürcüstanda, Osetiyada, Dağıstanda Sali Süleymanın şöhrəti geniş yayılmışdı. Odessa sirkində fransız güləşinin texniki adlandırılan Raul le Buşe üzərindəki çətin qələbə, ispan güləşçisi Alberto Qonsales üzərindəki möhtəşəm üstünlük, Florensiya sirkində keçirilən dünya çempionatında 11 dəqiqəyə hindu Səid Kahuta, 8 dəqiqəyə fransız Emabl de la Kalmett, 20 dəqiqəyə alman Yakob Kox, yarım dəqiqəyə xalçanın sahibi Covanni Raytseviç və nəhayət, fransız güləçinin mahir bilicisi, beş dəfə dünya çempionu daniyalı İess Pederson üzərindəki çətin qələbələr yeni dünya çempionunu müəyyən etdi. Beynəlxalq Hakimlər Kollegiyasının aktlarında, protokollarında yeni dünya çempionunun adı yazıldı: Sali Süleyman!

Növbəti il Parisdəki beynəlxalq çempionatda Sali Süleyman özünün dünya çempionu adını şərəflə qorudu. O burada Stanislav Zbışko-Sıqaneviç, "Təpəgöz” Dombrovski, "Qorxunc” türk Yusuf, isveç Andersen, amerikalı Tom Konnon, belçikalı Konstan le Buşe, fransız Loran le Bokerua, bolqar Nikola Petrov kimi xalça cəngavərlərini yendi.

1906-1908-cı illərdə Sali Süleyman Fransa, İngiltərə və Amerikaya səfərə çıxdı. Müxtəlif sirk arenalarında məşhur güləşçilər üzərində parlaq qələbələr qazandı və ömrünün axırına qədər, daha dəqiq desək, xalça ilə vidalaşana qədər "dünya çempionu” adını ləyaqət və cəsarətlə qoruyub saxladı!

1920-ci ildə Bakıya köçən və ömrünün sonuna qədər taleyini bu şəhərlə bağlayan Sali Süleyman 1921-ci ildən Bakı Sirkində fəaliyyətə başladı.

Vətəndaş müharibəsi zamanı ölkədə böyük dağıntılar olmuş, aclıq ölkəni bürümüşdü. Bu dövrdə Sali Süleyman da əlindən gələn köməkliyi ümumxalq mənafeyinə əsirgəmirdi. Daxili düşmənlərin ləğv edilməsinə baxmayaraq, xarici müdaxiləçilər tərəfindən də ölkəmizə qarşı təhlükələr artırdı. Faşizm taunu baş qaldırmışdı. 1933-cü ildə Aşxabad Dövlət Sirkində qastrolda olan Sali Süleyman M.Qorki adına təyyarə düzəldilməsi üçün yardım fondunun xeyrinə pulsuz tamaşa göstərdi. Bu xidmətinə görə Türkmənistan SSR Xalq Maarif Komissarlığı və Aşxabad Dövlət Sirki Sali Süleymanı fəxri fərmanla təltif etdilər.

O, Bakı Sirkinin tərkibində müxtəlif respublikalarda pulsuz tamaşalar göstərir, satılmış biletlərin pulunu azmaaşlı ailələrə kömək etmək məqsədi ilə yardım kassalarına keçirirdi. Pəhləvanın arxivindəki bir sənəddə - Bakı Sirkinin direktoru Sazonovun imzaladığı 086 №li arayışda göstərilir ki, Sali Süleyman 1938-ci il mayın 13-də Bakı sirkində göstərdiyi tamaşadan yığılan vəsaitin hamısını yardım kassasına keçirmişdir.

Böyük Vətən müharibəsi illərində məşhur pəhləvan Bakıda cəbhəçilərin ailələrinə kömək fondunun ilk təşkilatçılarından biri idi. 1945-ci ildə "Kommunist” qəzeti yazırdı: "Məşhur pəhləvan Sali Süleyman bu günlərdə yaxşı bir təşəbbüs göstərmişdir. Alman-faşist işğalçılarına qarşı cəbhədə fədakarlıqla vuruşan döyüşçülərin ailə üzvlərinə yardım məqsədi ilə iki gecə təşkil edərək tamaşalardan yığılan 62 min manatı cəbhəçi ailələrinə yardım nəfinə vermişdir.”

Sali Süleyman təkcə arxa cəbhədə deyil, ön cəbhədə də çıxışlar edir, döyüşçülərə ruh, inam verir, onlara dözüm, mətinlik aşılayırdı. 1943-cü il avqustun 13-də "Vətən qəhrəmanı” cəbhə qəzetində leytenant B.Əliyev yazırdı: "Azərbaycan Dövlət Sirkinin atleti Sali Süleyman dünən A.Abbasov yoldaşın komandir olduğu bölmədə çıxış etmişdir. Bütün şəxsi heyət onun çıxışına maraqla tamaşa etmiş və dəfələrlə alqışlamışdır.”

1943-cü il sentyabrın 19-da Bakı Dövlət Sirkinə göndərdiyi təşəkkür məktubunda "N” hərbi hissəsinin mayoru Sultanov yazırdı: "...64 yaşlı pəhləvan-güləşçi Sali Süleymanın ustalığı hər bir döyüşçü və zabitdə öz Vətəninin igid müdafiəçisi və güclü, möhkəm, dəyanətli əsgəri olmaq arzusunu daha da artırmışdır...”

Pəhləvanın ünvanına minlərlə təşəkkür dolu belə məktublar gəlirdi. Sovet dövləti pəhləvanın Böyük Vətən müharibəsi illərindəki misilsiz xidmətlərini nəzərə alaraq, 1945-ci il iyulun 6-da SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "1941-1945-ci illərdəki Böyük Vətən müharibəsində rəşadətli işinə görə” medalı ilə təltif etdi.

İdman və bədən tərbiyəsi sahəsindəki nailiyyətlərinə, böyük təşkilatçılıq və yaradıcılıq işinə yüksək qiymət verən Dağıstan MSSR Ali Soveti Rəyasət Heyəti 1946-cı il martın 13-də dəfələrlə dünya çempionu, ölkəmizdə idmanın inkişafına bpyük təkan vermiş Sali Süleymanı Dağıstan MSSR Əməkdar artisti fəxri adı ilə təltif etdi.

Elə həmin il iyunun 27-də məşhur pəhləvan ikinci bir mükafata layiq görüldü. Ona Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Bakı sirkindıki maraqlı və məzmunlu çıxışlarına və teatr sahəsindəki görkəmli fəaliyyətinə görə Azərbaycan SSR Əməkdar artisti fəxri adı verildi. Qocaman pəhləvan Moskva Dövlət Sirkinə dəvət olundu. 120 nəfərlik truppası ilə qeyri-adi nömrələrlə çıxış edən Sali Süleyman Moskva tamaşaçılarını valeh etdi.

Milli güləşin daha gözəl, parlaq, mükəmməl texniki fəndlərini yaradan, inkişaf etdirən Sali Süleyman onu kütləvi şəklə saldı, xalqa sevdirdi, gənclər arasında geniş təbliğ etdi. Əlbəttə, bütün bunlar sirk kimi möhtəşəm bir mədəniyyət ocağının sayəsində reallaşdı.

Fransız güləşini, rus-isveç güləşini, amerika sərbəst güləşini gözəl bilən Sali Süleyman Azərbaycan milli güləşinin gözəlliyini, ecazkarlığını öz heyrətamiz gücü, bacarığı, ağlı ilə nümayiş etdirdi. O göstərdi ki, hər bir milli güləş xalqın ənənələri ilə, xarakteri ilə, məişəti və onun keçmişi ilə sıx bağlıdır.

1950-ci ildə SSRİ Nazirlər Soveti yanında Ümumittifaq Bədən Tərbiyəsi və İdman İşləri Komitəsi Sali Süleymanı Azərbaycan SSR-də milli, klassik və sərbəst güləşin inkişafı işindəki fəaliyyəti və anadan olmasının 70 illiyi ilə əlaqədar olaraq Fəxri Fərmanla təltif etdi. Dağıstan MSSR Ali Soveti Rəyasət Heyəti isə pəhləvana respublikanın ən yüksək mükafatını – Dağıstanın Xalq Artisti fəxri adını verdi.

Həmin günlərdə Bakı Dövlət Sirkində böyük atletin yubileyi münasibətilə təntənəli yığıncaq keçirildi, pəhləvanın iştirakı ilə maraqlı nömrələr göstərildi.

1955-ci ildə Bakı ictimaiyyəti Azərbaycan SSR Əməkdar artisti və Dağıstan MSSR Xalq artisti Sali Süleymanın 75 illiyini təntənə ilə qeyd etdi. 1972-ci ildə, ömrünün 92-ci ilində növbəti məşq zamanı yaşına görə həddindən artıq ağırlıq qaldıran Sali Süleymanın beyninə qan sızdı. Bir neçə gündən sonra dağgövdəli insanın ürəyi dayandı.

 

Rəşid Yusifov (1900-1982)

XX əsrin idman tarixində 60-65 il ərzində nə xalça üzərində, nə də sirk manejlərində arxası əsla yerə dəyməyən tək-tək idmançı varsa, onlardan bəlkə də birincisi "Qafqaz Şiri” təxəllüslü Rəşid pəhləvandır.

Rəşid Yusifov 1900-cü ildə Gürcüstanın Borçalı mahalının Gorarxı (Alget) kəndində anadan olmuşdur. Babası Yusif yüz ilə yaxın ömür sürmüşdür. Uzun qolları varmış. Mahalda yaxşı güləşənlərdən sayılırmış.

Rəşidin atası Əliməmməd kişi də hündürboy və enlikürək imiş. Qolları atasınınkından da uzunmuş. Deyilənlərə görə, dizlərinə çatırmış.

Əliməmməd kişinin məğrur və qamətli görkəmi, "sözlərinə sərhəd qoymaması”, "ifrat sərbəstliyi” yerli bəylərin xoşuna gəlmirdi. Bütün bu tənələrdən cana doyan Əliməmməd kişi var-dövlətini dəyər-dəyməzinə satıb Tiflisin Şeytanbazar məhəlləsinə köçdü. Dəmirçixanada işə düzəldi. Onun iki oğlu və iki qızı vardı – Rəşid, Cümşüd, Zinyət və Şövkət. Rəşid müsəlman məktəbində oxuyurdu. Lakin o, tezliklə məktəbi tərk etdi və bir müddət Qarayazının varlı ailələrində nökərçilik etməyə başladı. Rəşid burada da çox bənd ala bilmədi. Bəy oğlunun təhqirlərinə dözə bilməyib, onu yaxşıca əzişdirdi və yenidən şəhərə qayıtdı. Böyük çətinliklə gön-dəri zavodunda işə düzəldi. On dörd yaşı tamam olanda o, bir vaxtlar atasının işlədiyi dəmirçixanada işləməyə başladı. Yaşının az olmasına baxmayaraq, sex sahibi ona böyüklərə verdiyi qədər əmək haqqı verirdi. Çünki Rəşid işləməkdə heç də böyüklərdən dala qalmırdı.

Rəşid burada ona görə həvəslə işləyirdi ki, dəmirlərdən özü üçün ştanqlar düzəldir və yaşadıqları həyətdə onlarla məşqlər edirdi.

XX əsrin əvvəllərində Tiflisdə Nikitin və Yesikovski qardaşlarının sirki tez-tez qastrolda olurdu. Rəşid bunların hər ikisinin tamaşalarında olmuşdu. Akim və Pyotr Nikitin qardaşlarının sirki o dövrlərdə ən mütərəqqi və inqilabi fikirlər təlqin edən milli kollektivlərdən idi. Rus sirkinin korifeyi adlandırılan A.Nikitinin özü gözəl oyunbaz idi. Bu sirk Rusiyanın əyalətlərində, Qafqazda sirk sənətinin inkişafına güclü təkan verdi. Yeni sirklər, truppalar meydana gəlməyə başladı. Azərbaycanda Ələkbər Fərruxun truppası əhliləşdirdiyi fil, ayı, şir və pələnglərdən ibarət vəhşilər dəstəsi ən böyük, ən nüfuzlu kollektiv sayılırdı. 1913-cü ildə onun ixtiyarında 10 şir vardısa, 1914-cü ildə 16 şir, iki ayı və 1 pələng vardı.

Azərbaycanda ilk stasionar sirk-zoopark XIX əsrin 90-cı illərində Nikitin qardaşları tərəfindən tikilib. Sonralar, əsrin əvvəllərində onlar keçmiş Torqovı küçəsində yeni bir sirk-teatr binası qurdular. Nikitin qardaşları burada başçılıq etdikləri truppa ilə mövsümi tamaşalar göstərirdilər. Lakin 1924-cü ilin dekabrında taxtadan tikilmiş sirk binasında baş verən yanğın onu külə döndərdi.

Nikitin qardaşları bu binanın yerində təzə bir daş bina tikdilər.

Bu bina on ilə yaxın ömür sürdü, sonra tənəzzülə uğradı və söküldü. Onun yerində isə o vaxtlar antrepriz (xüsusi şəxslər tərəfindən teatr, sirk və s. saxlama işi) Yefimov qardaşları yeni bir sirk binası tikdilər. O, keçmiş Birja küçəsində (indiki Ü.Hacıbəyov küçəsində) yerləşirdi. Sirk uzun müddət, Bakıda yeni sirk yarananadək (dekabr 1967-ci il) yaşadı. 20-ci illərdə Leon və Konstantin Tanti, İvan Abramoviç Lerri qardaşlarının sirk kollektivləri bu binada dəfələrlə tamaşalar göstərmişlər.

XX əsrin əvvəllərində sirkdə güləş mühüm yer tuturdu. Bu vaxtacan ən maraqlı hesab edilən bəzi nömrələri sıxışdırmağa başladı. Səyyar sirklərdə, truppalarda, hətta balaqanlarda əvvəllər də pəhləvanlar çıxış edib. Lakin güləşin sirkdə müstəqil bir nömrə kimi, proqramın ayrıca bir hissəsi kimi neydana çıxması XX əsrin əvvəllərinə təsadüf edir. Bu illərdə sirk tamaşalarında əgər birinci iki hissə başqa növlərə həsr olunurdusa, üçüncü hissə hökmən güləş olmalı idi.

Beləliklə, peşəkar güləşin sirkə güclü nüfuz etməsi nəticəsində nəinki digər sirk proqramları öz şöhrətini itirməkdə idi, eyni zamanda operaya, dramlara da meyl kəskin surətdə azalmışdı. Güləşin çiçəkləndiyi bu dövrlərdə (1906-1912) hər yerdə - sirkdə, teatrda, hətta seansdan əvvəl kinoda belə güləş matçları keçirilirdi.

Güləş çempionatlarına marağı bir az da artırmaq məqsədi ilə hər yarışda mütləq maskalı pəhləvanlar olurdu. Bu, bəzən sadəcə, tamaşaçıları intizarda saxlamaq, pəhləvanlara sirli, qeyri-adi görkəm vermək məqsədi daşıyırdısa, bəzən isə pəhləvanın maska geyməsi zəruri idi. Belə ki, güləşlə müxtəlif ictimai mənşəli adamlar məşğul olurdular. Bəzən elə adlı-sanlı adamlar, əsil-nəcabətlilər güləşirdilər ki, onlar məğlub duruma düşərkən öz ictimai mövqelərinə kölgə salmamaq üçün tamaşaçılar qarşısında açıq çıxış etməkdən çəkinirdilər.

Tiflisin incəsənət aləmində hörmətli ziyalılardan olan Əlibəy adlı bir şəxsin təqdimatı ilə Yesikovski qardaşlarının sirkində tanınmış məşqçi Maysuradzenin yetirmələrindən olan Pavliaşvili ilə güləşən və onun kürəyini çox asanca yerə vuran Rəşidi Yemelyanov və Maysuradze öz dərnəklərinə qəbul etdilər. Rəşid böyük həvəslə burada məşqlərə başladı.

Az sonra Rəşid dünya çempionu, Parisin fəxri şarfının sahibi olmuş Konstantin Karazamukovla tanış oldu və məhəbbətlə "Kostya dayı” deyə müraciət etdiyi məşhur pəhləvan onun sirkdə ilk məşqçisi oldu. Bir müddətdən sonra o, qocaman idmançı Lado Kavsadze ilə də tanış oldu. Sonralar L.Kavsadze Rəşidin əsas məşqçilərindən birinə çevrildi. Bu barədə Rəşid pəhləvan belə deyirdi: "Mən özümü xoşbəxt sanırdım. Birincisi ona görə ki, güləşlə nə qədər yaxından tanış olurdumsa, bir o qədər də ona qarşı məhəbbətim artırdı. İkincisi, yəqin mənim xoşbəxtliyim imiş ki, həyatda həmişə məni başa düşən gözəl insanlara, paxıllıq, xudpəsəndlik bilməyən məşqçilərə rast gəlmişəm, onları sevmişəm, onlar isə güləşi, sirki mənə sevdiriblər.”

Gərgin məşqlərdən sonra Rəşidin ilk rəqibi Tiflis camaatının sevimlisi, təcrübəli güləşçi Datiko Beriaşvili oldu. Onun rəsmi çempionatdakı uğurlu debütü pərəstişkarlarının sayını birə-beş artırdı. Bir çox idman cəmiyyətləri, xüsusi sirk sahibləri onu işləməyə dəvət etdilər.

1920-ci ildə Tiflisdə türk güləşçisi Xamırçı Mustafa ilə görüşü və onun üzərindəki parlaq qələbəsi Rəşidin şöhrətini daha da artırdı.

1923-cü ildə Vladiqafqazda Tanti qardaşlarının sirki Qafqaz xalqları arasında fransız güləşi üzrə yarış təşkil etmişdi. Yarış iştirakçıları arasında qırmızı maskalı bir pəhləvan da çıxış edirdi. "Qırmızı maska”nın qəribə bir şərti vardı: hər kəs onu məğlub edərsə, o, qırmızı maskanı çıxarıb onu qalibə təhvil verəcək!

"Qırmızı maska”nın bir sirr kimi qalacağı tamaşaçıları narahat edirdi. Çünki səhnədə on altı dəfə görünən "maska” səhnəni on altı dəfə də qələbə ilə tərk etmişdi. Həm də bu qələbələr dünya şöhrətli pəhləvanlar üzərində qazanılmışdı.

Nəhayət, benefis günü gəlib çatdı. Sirkin bütün sıraları, keçidləri tamaşaçılarla dolu idi. Heç kimin aça bilmədiyi sirri bu gün "Qırmızı maska” özü açmalı idi.

Budur, yarışın baş hakimi onu manejin ortasına dəvət edir. Alqış sədaları sirkin divarlarını titrədir. Səhnəyə çiçək dəstələri yağır. Ara verməyən fit səsləri, alqışlar altında baş hakim var gücü ilə qışqıraraq "Qırmızı maska”nı təqdim edir:

-Azərbaycan pəhləvanı Rəşid Yusifov!

Rəşid qırmızı maskanı çıxarır və gülümsəyir. Sirkdəki uğultu daha da güclənir...

Yarışın yekunlarına görə gənc pəhləvana "Qafqaz çempionu” adı verilir. Xalq özü isə Rəşidə öz adını, öz titulunu qoyur – Qafqaz Şiri!

Rəşid pəhləvan xalqın ona yaraşdırdığı adı öz əməlləri ilə də doğrultmalı idi. O, tez-tez kəndlərə səfərlər edir, maraqlı görüşlər keçirir, cavanlara dəyərli məsləhətlər verir, onlara müxtəlif fəndlər öyrədirdi. Bununla birgə rayonlarda, kəndlərdə hələ də fəaliyyət göstərməkdə olan zorxanalara baş çəkir, el pəhləvanları ilə güləşir, onlarla gücünü sınayır və belə zorxana mərasimlərində özü də çox şeylər öyrənirdi.

Məşhur aktyor Hüseynqulu Sarabski zorxana haqqında çox ətraflı və qiymətli məlumat verir: "Zorxana oyunu alətlərinin birincisi zorxana mili idi. Bu alət şümşatdan, azaddan və yaxud da palıd ağacından qayrılardı. Bunun bir çərək yoğunluğu, beş çərək uzunluğu olardı. Bu alətin başı nazik idi, lakin getdikcə qalınlaşırdı, ucu isə yumru idi. Zorxana alətlərinin ikincisi, metr yarım uzunu, yarım metr eni, üç santimetr qalınlığı, qapıya oxşar ortası, dəstəli taxta ekbagirlər (səng ) idi...

Bunlardan savayı, oyunda iştirak edənlər birpudluq, ikipudluq, üçpudluq daşları da havaya atıb bir əlləriylə tutardılar.

Zorxana oyunlarından biri də sino oyunu idi... Sino oyununda iştirak edənlər cərgə ilə... üzüqoylu uzanıb, ayaqlarını divara dayayardılar. Sonra iki əllərinin üstə yerdən bir qarış yuxarı yeriyər, əvvəl sağa, sonra sola, ən axırda aşağı enər, yerə çatar-çatmaz təkrar qalxardılar, lakin onların sinələri yerə dəyməməli idi. Bunun sayı 120 idi. Hər kəs bu rəqəmi yerinə yetirsəydi, bədəni sağlam hesab olunardı... Yaxşı və məşhur oyunçular sino oyununa gedərkən bellərinə bir uşaq da mindirərdilər. Bu, o adamın qüvvətli olduğunu göstərirdi... Oyunun axırına bir qədər qalmış pəhləvanlar gənclərlə güləşərdilər...”

1924-cü ildə Tiflis sirkində Rəşid 17 saniyəyə "fransız güləşinin texniki” Pyotr Praşeki, 12 dəqiqəyə "Qazaxıstan səhrasının bahadırı” Batır Hacı Muğan Munaytpasovu, Avropa çempionu Abek Andersonu məğlub edərək nəinki idmansevərlərin, eləcə də incəsənət adamlarının diqqətini özünə cəlb etdi. Məşhur kinorejissor İosif Perestiani Rəşidi özünün üç filmində kinoya çəkdi. Bunlar "Üç həyat”, "Qaçaq Arsen” və "Tariyel Mklavadzenin işi” filmləri idi.

Elə həmin il Rəşid Bakı sirkinə dəvət olundu. Sovet dövləti onun qarşısında ciddi vəzifələr qoydu: onun gücü, mətanəti, bacarığı xalqa xidmət etməlidir, yeni həyat quruculuğuna, onun çiçəklənməsinə həsr olunmalıdır, öz çıxışları ilə o, insanın necə xarüqələr yaratmağa qadir olduğunu nümayiş etdirməlidir.

Yeni təyinatla, yeni vəzifələrlə Rəşid möhtəşəm qastrol səfərlərinə çıxdı. 1929-cu ildə Aşqabad sirkində "fransız güləşinin yaraşığı” Nikolay Bredixin, Başkirov, Şatski üzərindəki qələbələrdən sonra Buxarada fransız güləşi üzrə keçirilən yarışlara dəvət aldı. Burada ölkənin iyirmi beş pəhləvanı mübarizə aparırdı. Rəşid Orta Asiyanın ən güclü pəhləvanı Namazı məğlub etdikdən sonra Özbəkistan pəhləvanı güləşçiləri milli özbək güləşi üzrə yarışa çağırdı.

Yarışın qaydalarına görə, peşəkarlar arasında güləş növündə məhdudiyyət yox idi. Yəni yarış təşkilatçıları qəflətən hansı növ üzrə güləşməyi təklif etsəydilər, pəhləvan o növ üzrə güləşməli idi. Ona görə də peşəkar pəhləvan bütün güləş növlərini bilməli idi. Rəşid bu növlərin, demək olar ki, hamısını yaxşı mənimsəmişdi. Cuma pəhləvanın dördüncü çağırışından sonra Rəşid özbək milli idman formasında səhnəyə atıldı.

Təşkilatçılar sevindilər. Onlar güman edirdilər ki, bu növdə heç şübhəsiz Cuma pəhləvan qalib olacaq və bu qələbə özbək milli güləşinin təbliğində böyük rol oynayacaq.

Ancaq bu fikirdə olanlar yanılmışdılar. İkicə dəqiqəyə Rəşid Cuma pəhləvana sübut etdi ki, o, özbək milli güləşini Cuma pəhləvandan yaxşı bilir. Təşkilatçıların sonradan etdikləri etirafa görə, bu qələbə onların fikirləşdiyindən daha artıq effekt vermişdi. Belə ki, Rəşidin ifasında özbək milli güləşinin fəndləri daha ecazkar əksini tapmış və bu növə gənclərin marağını daha da artırmışdı.

Moskva Dövlət Sirkindən teleqram alan Rəşid pəhləvan Daşkənddən paytaxta yola düşdü. O, Moskva sirkinin tərkibində SSRİ-nin bir sıra şəhərlərində qastrolda oldu. Taqanroq səfəri isə onun həyatında silinməz iz buraxdı. O bu səfərdə dünya pəhləvanlarının qəniminə çevrilmiş İvan Poddubnı ilə görüşdü. Rəşidin afişalarını görüb onun tamaşalarına baxmağa gələn İ.Poddubnı ilə Rəşid pəhləvan arasında səmimi bir münasibət yarandı və bu sonralar möhkəm dostluğa çevrildi.

Rəşid Yusifovun belə geniş şöhrət qazanmasında təkcə qazandığı qələbələr deyil, eyni zamanda onun sirk səhnəsində yaratdığı orijinal nömrələr də böyük rol oynayırdı. Məsələn, Vladiqafqazda öküzlə, İrəvanda ilanla döyüş səhnələri, boynunda hər iki tərəfdən iyirmi adamın sallaşdığı teleqraf şalbanını sındırması, at nalını, lövbər zəncirini qırması, sinəsi üzərindən üçtonluq yük maşınını keçirməsi, dişlərində on dörd pudluq daş qaldırması, armaturdan bilərzik düzəltməsi, əzələlərin rəqsi...

Böyük Vətən müharibəsi illərində Rəşid Yusifov da vuruşurdu – həm arxada, həm də ön cəbhədə. Lakin onun hesabında öldürülmüş faşist, yandırılmış təyyarə, vurulmuş tank, batırılmış tanker yox idi. Onun silahı nə tüfəng, nə pulemyot, nə də ağır toplar idi. Onun əsas silahı bahadırlıq sənəti, rəqibi isə insanlarda pessimist əhval-ruhiyyə, inamsızlıq idi. Sənətinin başlıca qayəsi öz sənətinin sevincini insanlara bəxş etmək, onları ruh düşkünlüyündən xilas etmək, öz güclərinə inam yaratmaq idi. Pəhləvan təkcə öz gücünü nümayiş etdirməklə kifayətlənmir, eyni zamanda xalqımızın yadellilərə qarşı qəhrəmanlıq tarixinə aid mühazirələr oxuyur, Babəkin, Koroğlunun, Nəbinin Vətən uğrunda, haqq-ədalət işi uğrunda göstərdiyi misilsiz igidliklərdən, onların böyük zəfərlərindən söhbət açır, əsgərlərimizi alman-faşist işğalçıları üzərində qələbəyə ruhlandırırdı.

Müharibənin ilk günlərindən Rəşid qardaşı Cümşüdlə xüsusi repertuarla çıxış etməyə başladı. Tezliklə o, bir qrup artistlər və pəhləvanlar dəstəsinin rəhbəri təyin olundu. Maraqlı proqramla gah kolxoz və sovxozlarda, gah neft mədənlərində, gah cəbhədə, gah da qospitallarda əməkçiləri və cəbhəçiləri yeni qələbələrə ruhlandırırdı. Onlar müdafiə fondu, cəbhəçi ailələrinə yardım fondu üçün pulsuz tamaşalar göstərir, işğalçı qəsbkarlara qarşı tank, təyyarə düzəldilməsinə minlərlə manat pul keçirirdilər.

1942-ci il iyunun 15-də Bakı Dövlət Sirkinin direktorunun 203 №li əmri ilə döyüşçülərə və arxa cəbhəyə xidmət göstərmək üçün bir qrup sirk kollektivindən ibarət briqada yaradıldı. Briqadanın rəhbəri Rəşid Yusifov təyin olundu. Kollektivə məzhəkəçilər Əsəd və Məryəm Rzayevlər (Azərbaycan satira və yumoru), Okley Zeltser ("qurbağa adam” nömrəsi), itlərin təlimçisi və səs təqlidçisi Əli Şirin Əliyev, akrobatlar Bubnov və Poqosov, kəndirbaz A.Feodorov, oyunbaz V.Alekseyenko və V.Popova, sehrbaz B.Asyakayeva, bayan çalan Əliyev, geyim üzrə assistent Qadasina, quruluşçu assistent Yoldaşev və başqaları daxil idilər.

Müharibə illərində briqada məşhur artistlərlə birlikdə dəfələrlə cəbhəyə getmiş, maraqlı çıxışlarla döyüşçüləri mübarizəyə ruhlandırmışdı. Adətən, Azərbaycan SSR xalq artistlərindən X.Şuşinski, H.Rzayeva, Q.Pirimov, Azərbaycan SSR əməkdar artistlərindən Ə.Sadıqov, D.Şaraplı, filarmoniyanın solistlərindən B.Atababayeva, Ş.Əmirova, V.Melkumova, X.Babayevanın çıxışlarından sonra axırda Rəşid Yusifovu gurultulu alqışlarla qarşılayırdılar.

Müharibənin qızğın çağları olmasına baxmayaraq, 1943-cü il martın 4-də SSRİ Xalq Komissarları yanında İncəsənət İşləri üzrə Komitənin sədri M.Xrapçenkonun əmri ilə Rəşid Yusifova yüksək kateqoriyalı sirk artisti fəxri adı verildi.

1944-cü ildə Rəşid Yusifova böyük etimad göstərildi. Ona Azərbaycanda ilk səyyar sirk təşkil etmək tapşırıldı. Sirk pəhləvanın təklifi ilə "Zorxana” adlandırıldı. Əslində belə bir sirkin yaradılması ideyası Rəşid pəhləvanın beynində 1929-cu ildən yaranmışdı. Onun arxivindən tapdığımız və pəhləvanın şəxsən öz əli ilə yazılmış bir səyyar sirk qurğusunun çertyojunun üzərində "1929-cu il 10 may” tarixi qoyulmuşdur. Görünür, bu fikrin reallaşmasına əvvəl maliyyə çətinlikləri, sonra isə müharibə mane olmuşdur.

Hələ 1938-ci ildə, sonralar Bakı sirkinin on ildən artıq direktoru işləmiş Mikayıl Cəbrayılov, Azərbaycan estradasının tərkibində "Sirk səhnədə” adlı bir kollektiv yaratmışdı. O, Rəşid Yusifovu da buraya dəvət etmişdi. Müharibədən sonra da ölkədə ilk milli sirklərdən biri, Azərbaycan sirk kollektivi yaratmaq qərara alındı. Burada da "Zorxana” və onun rəhbərinin qazandığı təcrübə mühüm rol oynadı. Proqramın yaradılmasında Azərbaycanın məşhur incəsənət ustaları iştirak edirdilər – bəstəkarlardan Üzeyir Hacıbəyov, Səid Rüstəmov, rejissor Soltan Dadaşov, rəssam Sergey Yefimenko, baletmeyster Əminə Dilbazi.

Və nəhayət, Azərbaycan SSR XKS yanında İncəsənət İşləri İdarəsinin rəisi A.İskəndərov 1944-cü il 11 aprel tarixində Bakı şəhərində Azərbaycan Dövlət Sirki yaratmaq məqsədi ilə belə bir əmr imzaladı:

-Azərbaycan Konsert Birliyi yanında Azərbaycan Dövlət Təsərrüfat hesablı Səyyar Sirk yaradılsın;

-Teatr Şöbəsi mayın 1-dən gec olmayaraq Rəşid Yusifovun ansamblı, Azərbaycan Konsert Birliyi və Sirkin yaradıcı işçıləri hesabına (əksəriyyətcə azərbaycanlılardan) ştatları müəyyənləşdirsin;

-Səyyar Sirkin direktoru və bədii rəhbəri Rəşid Yusifov təyin olunsun.

Sirkin rəhbərliyi Rəşid Yusifova təsadüfi tapşırılmamışdı. Onun bu işdə zəngin təcrübəsi vardı, müxtəlif peşə sahibləri ilə, müxtəlif dünyagörüşlü adamlarla işləməyi bacarırdı.

Rəşid pəhləvan deyirdi ki, mən sirkin yaradılması üçün çox əziyyət çəkdim, akrobatlar və artistlər topladım, çoxlu gənc cəlb etdim, onları yetişdirdim. Böyük əksəriyyəti azərbaycanlı idi. Elə sirki yaratmaqda da məqsədimiz bu idi ki, milli ənənələri, xalq yaradıcılığını dirçəldək, milli kadrlar hazırlayaq.

Rəşid Yusifovun arxivində məktublarla dolu böyük bir qovluq var. Burada yüzlərlə musiqiçinin, rəqqasın, kəndirbazın, idmançının ərizəsi var. Rəşid Yusifov bu imza sahiblərinin ən qabiliyyətlisini seçirdi. O, sirkdə güclü və bacarıqlı pəhləvanlar dəstəsi də yarada bilmişdi: Eldar Göyçaylı, Məhəmmədəli Qazaxlı, Cümşüd Yusifov, Çingiz Göyçaylı, Məmməd Hüseynov, Əşrəf Sultanov, Sabir Məmmədov, İskəndər Hacıyev, Qiyas Nuriyev, Məmməd Abdullayev və başqaları. Azərbaycan bahadırlarının çıxışı ("Zorxana”) tamaşaçılar arasında o qədər rəğbət qazanmışdı ki, bütövlükdə bu sirkə el arasında "Zorxana” deyirdilər.

Lakin bu sirk az yaşadı... Sağlam olmayan meyllər və subyektiv səbəblər təcrübəli Rəşid pəhləvanı bu işdən soyutdu. Ən başlıca səbəb isə pəhləvanın dediyi kimi, onun həddən artıq "milli” olması idi...

"Zorxana”nın belə tezliklə sönməsinə baxmayaraq, o, Azərbaycan mədəniyyəti tarixində parlaq bir meteor kimi iz buraxdı. Azərbaycan sirk mədəniyyəti tarixinin səhifələrində "Zorxana” və onun rəhbəri Rəşid pəhləvanın adı qızıl hərflərlə əbədi həkk olundu. Milli idman tariximizin, milli sirk sənətimizin ən şərəfli səhifələri qüdrətli bahadırın və onun yetirmələrinin adı ilə bağlandı.

Rəşid Yusifovun Vətən qarşısındakı xidmətləri hədər getməmişdir. Ona 1957-ci il aprelin 20-də Azərbaycan Əməkdar artisti fəxri adı verilmişdir.

Yevgeni Kuznetsovun 1957-ci ildə "İsskustvo” nəşriyyatı tərəfindən buraxılan "Sovet sirkinin ən güclü pəhləvanları” adlı kitabında yazılmışdır:

"SSRİ-də Azərbaycan pəhləvanı Rəşid Yusifov kimi ikinci bir ağır atlet yoxdur. Onun ağır çəki daşları ilə göstərdiyi proqramlar təkrarolunmazdır. Rəşid Yusifov həm də qüvvətli pəhləvandır. Ölkənin, eləcə də dünyanın bir çox pəhləvanları onun qarşısında məğlub olmuşdur. Rəşid bu gücü, qüvvəti doğma Azərbaycan torpağından və peşəsinə bəslədiyi hədsiz məhəbbətdən almışdır. Ona "Azərbaycan Poddubnısı” demək bizim üçün necə də xoşdur!”

1981-ci ildə Rəşid Yusifova Azərbaycan Xalq artisti fəxri adı verildi. Onun sənəti, şəxsiyyəti haqqında şairlərimiz, yazıçılarımız, elm-incəsənət xadimləri yüzlərlə maraqlı yazılar dərc etdirmişlər. Həyatının son beş ilində mən də bu böyük insanla ünsiyyətdə olmuş və tez-tez görüşərək maraqlı söhbətlər etmişik. Bu görüşlərin nəticəsində mənim "Rəşid Pəhləvan” adlı kitabım ərsəyə gəlib və kitab 40 min tirajla üç gün ərzində satılıb!

Mən bu gün də onun xırıltılı, bariton səsini, damarları dolub-boşalan, barmaqlarının buğumlarının dəvə beli kimi qabaran sümüklərini, qırğı baxışını, xoş təbəssümünü, ağır yerişini, qayğıkeş rəftarını, duzlu-məzəli zarafatlarını, dərin savadını, geniş dünyagörüşünü... unuda bilmirəm. O, yenilməzlik timsalı kimi tarixləşən şəxsiyyətlərdəndir!

 

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti