GÖRÜN, MƏKKƏ ZİYARƏTİNƏ KİMLƏR GEDİR! - Bir milyona ayı ətindən kabab yeyən cavanın əsl “vətənpərvər” atası...


Ziya ağadan ricam budur ki, gedəndə pak əməlləri ilə ad çıxarmış, amma qaçaq düşmüş “diplomatımız” Elmira Axundovanı da özü ilə götürsün...

Erməni-rus faşizmi üzərində qələbə çoxunun karına gəldi. Təntənələr, konsertlər, cəmiyyəti bürümüş təsvirə gəlməz sevinc ovqatı çox məsələləri elə bil arxa plana çəkdi. Bütün varlığımla əminəm ki, “beşinci kolonna”nı pərdə arxasından idarə edən təcrübəli iblisin göstərişlərini yerinə yetirən xainlər bütün təhqiqat işlərinin yubadılması üçün əllərindən gələni edirlər. Müzəffər Prezidentin başını qaşımağa vaxtı yox, bir gün bir yerdə oturmur, məmləkəti Rusiyanın fitnə-fəsadından qorumaq üçün özünü oda-közə vurur. Ən bədxah adam da bunu görür!

Qaldırılmış cinayət işlərinin başlarına daş salmağın ən yaxşı vaxtıdır. Dədə-babadan bizim məmurlara xas olan süründürməçilik, işə başdansovdu münasibət bu dəfə özünün ən yüksək həddinə çatır. Son döyüşlərdə o qədər də dəqiqləşməmiş məlumatlara görə, ölkə üç min şəhid itirib. Bunların içində bir məmurun, bir sərvəti-saman yiyəsinin övladı yoxdur. Burada deyiblər, batasan səni belə məmləkət. Ölkənin ideoloji-mənəvi mühitinin təhlükəsizliyini təmin etmək missiyasını boynuna götürmüş YAP-ın əmirləri, “fürerləri” çox yaxşı bilirdilər ki, məmurların, “ideoloqların” harın övladları nə ilə məşğuldurlar. Özünü misli-manəndi tapılmayan analitik hesab edən Aydın Mirzəzadə Elmira Axundovanın oğlunun maşın kolleksiyasını feysbukda göstərməklə hamıya acıq verməsini bilmirdi? Birinin balası cəbhədə qan içində can verirdi Elmira xanımın harın balası isə təzə maşını ilə qürrələnirdi. Dövlət bu idi?

Teymur Rzayevin məqalələrini sakit oxumaq mümkün deyil. Son yazısında o şəhid Elçin Bağırovun taleyindən söhbət açıb. Ailənin yeganə oğlu Elçin müharibənin 25-cü günündə şəhadətə yetib. Dərddən belləri qırılmış ata , ana lap balaca bir otaqda yaşayır, ovuna da bilmirlər. YAP-ın pula pul deməyən “knyazları” iqtidarın milyonlar içində üzən iri çaplı məmurları bunu bilirlərmi? Bunların birində qeyrət tapılacaqmı ki, Elmira Axundovanın saya gəlməz mənzil və imarətləri necə əldə etməsini öyrənib, oğulsuz qalmış bədbəxt ata-ananın dadına çatsın? Hamı bilir ki, “Yeni Müsavat” qəzeti iqtidarın qeyri-rəsmi ruporu sayılır. Bu qəzetin özünə də, rəhbərliyinə də, hörmət etməsən də, insafən onun çox vaxt azğınların üzərinə mərdanə getməsini bəyənib təqdir etmişəm. Son vaxtlarda həmin bu qəzet Elmira Axundova və onun oğlunun “şücaətlərindən” bəhs edən güclü materiallar verib. Qəzetin nüfuzunu və nəyə qadir olduğunu yaxşı bilənlər ümid ediblər ki, bu dəfə Elmira Axundova və oğlu daha yaxalarını kənara çəkə bilməyəcəklər. Çəkiblər, özü də lap özgə cürə! Hansısa güclü əl vacib təhqiqatların aparılmasına, Elmira Axundovanın özünün sorğu-suala çəkilməsinə mane olub. Mən dəfələrlə yazmışam və demişəm, nə qədər ki, bu ölkədə Ramiz Mehdiyev və Əli Həsənov tandeminin illər boyu qurduqları şəbəkə məhv edilməyib rahat yatmaq olmaz, O söz qaldı ki, nazir Əbülfəz Qarayevin ünvanına deyilməsin? Kişinin həzm-rabedən keçirtdiyi milyonlardan, qamarladığı cah-cəlaldan hamı baxəbərdir. Ona neylədilər? Heç nə! Özü üçün rahatca yeyib-içir, hərdən kefi gələndə o müxbirə, bu müxbirə müsahibə verir ki, səhhəti zadı yerindədir.

...Lap tazə xəbərlərdən biri də odur ki, bir milyona ayı ətindən kabab yeyən cavanın əsl “vətənpərvər” atası Ziya Məmmədov Həccə getmək fikrinə düşüb. Nə gözəl niyyət, nə gözəl məram! Azərbaycanın orta əsr əmirlərinin, bəylərbəyilərinin yuxularına belə girməmiş güzəranı görən Ziya ağadan bir həqir Allah bəndəsi kimi iki ricam var. Birinci ricam budur ki, gedəndə pak əməlləri ilə ad çıxarmış, amma qaçaq düşmüş “diplomatımız” Elmira Axundovanı özünüzlə götürün. Qoy orada ərəb şeyxlərinin şəninə kitabdan zaddan bağlasın, yəqin ki, burada olan kimi bir fəxri ada layiq görülər. Həm də oğlunun maşın kolleksiyası üçün birini də alar. Ziya ağa, o müqəddəs məkanda bütün vacibatları yerinə yetirərkən minacat qıl, qoy Allah sənə, əzizlərinə, qohum-əqrəbana ən ekzotik heyvanların xaşını yeməyi nəsib etsin. Qan içində çapalayan, Şuşası düşmən əlində olan Azərbaycanda oğlun ayı ətindən kabab yemək üçün bir milyon verirsə, siz də Məkkədən qayıdanda yolüstü Serenqetiyə baş çəkib, bir antilopa, ya da begemot bozartması sifariş verin. Çəkinib eləməyin, heç kim sizləri qınamayacaq, nə Anar ağanın qoşun-ləşkərindən, nə də özlərini millətin xilaskarı hesab edən YAP-ın “ideoloqlarından” cınqır da çıxmayacaq.

...Maşallah, son illərdə müsəlman ölkələrindən ələlxüsus doğma, əziz Türkiyədən gələnlərin sayı-hesabı yoxdur. Əksəriyyəti də məzarlıqları ziyarət edəndə “Fatihə” oxuyur, salavat çevirir. Bizim milli harınların nə ağızları tərpənir, nə də əlləri üzlərinə qalxır. Bunlara deyən tapılmır ki, ay nakəslər, heç olmasa sayəsində dolandığınız müzəffər Prezidentinizdən ibrət alın.

...Qocalıq, xəstəlik ucbatından mənim  kimi ev dustağı olanların sayı bilinmir. Yeganə təsəllimiz televizordur. Dəfələrlə yazmışam və demişəm ki, istənilən opponentimlə istənilən yerdə görüşüb sübut edə bilərəm ki, “mavilərdən” tutmuş harınların aşnalarına kimi nə cür məxluq desən efirdə ağalıq edir.  Klassik irsimizi ləyaqətlə təbliğ edən verilişlər, milli musiqimizin əsl qədirbilənlərinin çıxışları hər cürə tərifə layiqdirlər. Kim nə deyir, özü bilər, mən hər dəfə akademik Rafael Hüseynovun çıxışlarına qulaq asanda sevincimin həddi-hüdudu olmur. Danışanda da belə danışarlar!

Amma ağızlarına yiyəlik edə bilməyən, ancaq əndamlarını nümayiş etdirən,  zövqsüz, mərifət və elementar mədəniyyətdən uzaq aparıcı “xanımların”, küçədən tutulub studiyaya gətirilmiş təsadüfi adamların, sifətləri sürtük moçaya dönmüş “ideoloqların” çıxartdıqları pəstahlara baxmaq mümkün deyil.

 

Firuz HAŞIMOV



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}