Vasif Talıbov Naxçıvana qayıtmayacaq? – İki gündür Bakıda...


Dekabrın 13-də Bakı şəhəri Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Rüstəmov Hicran Yaqub oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.

Məhkəmə Hicran Rüstəmov barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqı davam edən cinayət işi üzrə H.Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan “xüsusilə külli miqdar” təşkil edən ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Qeyd edək ki, həmin iş üzrə daha əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin müxtəlif rəhbər vəzifəli şəxsləri və NMR Maliyyə naziri məsuliyyətə cəlb edilərək həbs edilib.

Naxçıvanda həbslərin davam etməsi MR Ali Məclisinin sədri Vasif Talıbovla bağlı siyasi qərarın mövcudluğundan xəbər verməklə yanaşı, onun özünə ciddi təhlükənin olduğunu bir daha nümayiş etdirir. Məsələ ondadır ki, Səbail məhkəməsinin Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmovla bağlı qərar verdiyi gün Vasif Talıbov Bakıda idi. O, Bakıda ola-ola həbslərin davam etməsi V.Talıbova ciddi siqnaldır. 

Yeri gəlmişkən, "AzPolitika.info" dəqiqləşdirib ki, dekabrın 12-də axşam saatlarında Naxçıvandan Bakıya uçan V.Talıbov hələ də geri qayıtmayıb. Belə məlumatlar var ki, o, Bakıda israrla Prezident Əliyevin qəbuluna düşmək istəyir. Lakin belə məlumatlar da var ki, Talıbovun özü istintaqa cəlb olunub. Ola bilsin ki, hələlik qeyri-rəsmi. Yəni ondan Naxçıvanda baş verənlər və artıq həbs olunanların verdikləri ifadələr əsasında izahat istənilir. Şübhə yoxdur ki, istintaqa cəlb olunan Naxçıvan məmurları həqiqəti danışıb, taladıqları dövlət vəsaitini "yuxarıya" - Talıbovlar ailəsinə ötürdükləri barədə etirafedici ifadələr veriblər. 

Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin həbsi isə artıq yeni mərhələdir. Belə ki, Naxçıvanda ən ciddi korrupsiyanın məhz təmir-tikinti sektorunda olduğu sirr deyil. Bəzilərinin bəh-bəhlə təriflədiyi Naxçıvandakı abadlıq dövlət büdcəsinin milyardlarla manat vəsaitinin mənimsənilməsi hesabına başa gəlib. Tikintilərdə şişirtmə bəzən 3 dəfədən artıq olub. Və bu sahə bilavasitə Talıbovlar ailəsinin nəzarəti altında olub. Onların xəbəri olmadan bir məmur nəinki 212 MİLYON MANAT, heç 212 manat da oğurlaya bilməzdi.

Beləliklə, artıq ikinci sutkadır ki, V.Talıbov Naxçıvanda deyil. O, Bakıda hardadır və MR-ə nə vaxt qayıdacaq? Qayıdacaqmı?...



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}