Naxçıvanda yoxlamalar səhiyyə sektoruna keçdi: Əməliyyatlar təxirə salındı


Naxçıvan Muxtar Respublikasındakı hadisələrlə bağlı vaxtaşırı dərc olunan yazılar bütün ölkə ictimaiyyətinin, ən çox da Naxçıvan camaatının diqqət mərkəzindədir. Elə bu səbəbdəndir ki, gündən-günə Naxçıvandan redaksiyamıza müraciət edənlərin, şikayətçilərin sayı artmaqdadır. 

Hurriyyet.az xəbər verir ki, bu dəfə Muxtar Respublikadan “Yeni Sabah”a müraciət edən şəxs Naxçıvanda səhiyyə ilə bağlı problemlərdən, sığorta məsələlərindən söz açdı. Bizim bu problemləri işıqlandırmağımızın onlara kömək olacağını düşünən çarəsiz insanların problemlərinə laqeyd yanaşmaq mümkün deyil. Hər keçən gün, insanların Muxtar Respublikada illərdir necə acınacaqlı bir həyata məhkum edildikləri ilə bağlı faktlar açılmaqdadır. Bizə müraciət edən Naxçıvan sakini də, xeyli maraqlı faktın üstünü açıb.

Bildirib ki, naxçıvanlı xəstələr, ağır əməliyyat əsasən də ürək əməliyyatı olunmalı insanlar imkansızlıqdan xaricə və Bakıya üz tuta bilmədiyindən, məcbur qalıb aradabir Naxçıvana Bakıdan gələn həkimlər tərəfindən əməliyyat olunmağı gözləyirmişlər. Hələ bir neçə il əvvəl, Naxçıvanın blokadada olduğu nəzərə alınaraq, SOCAR-ın Tibb İdarəsi tərəfindən ürək əməliyyatları üçün həkimlər aparılırdı. Bu həkimlərin və əməliyyatın bütün xərcinin SOCAR tərəfindən ödənilməsinə baxmayaraq, xəstələrdən də ən az 5 min manat alınarmış. 

Xəstələrdən toplanan pulların nə həkimlərə, nə də SOCAR-a çatmadığı aydın məsələdir. Onlar onsuz da yazdıqlarını yazır, sildiklərini silirdilər. Demək ki, hər bir xəstədən alınan ən az 5 min manat məbləğındə pul birbaşa Vasif Talıbovun kassasına göndərilirmiş.  

Sonradan, bütün ölkə ərazisində tibbi sığortanın tətbiq edilməsinə başlandıqda isə, Bakı xəstəxanalarına göndəriş verməyən Naxçıvan Kardioloji Mərkəzi ürək əməliyyatı üçün müraciət edən insanları toplayaraq, ayda-iki ayda bir dəfə Bakıdan gedən həkimlər vasitəsi ilə əməliyyat etdirirmiş. Əməliyyat sığorta ilə edilməsinə baxmayaraq, hər xəstədən 3-5 min arası pul tələb edilirmiş ki, bunun da bir qismi Bakıdan gedən cərraha çatır, digəri hissəsi isə “Xanın xəzinəsinə” göndərilirmiş. 

Bütün bunlar Naxçıvan Səhiyyə Naziri Niyazi Novruzovun pul yığanlarından biri, Kardioloji Mərkəzin baş həkimi Ramin Hacıyev tərəfindən təşkil edilir və nəzarətdə saxlanılırmış. Növbəti belə əməliyyatlar bu ayın, dekabrın 10-u, şənbə günü həyata keçiriləcəkmiş. Bütün xəstələrə tələb olunan məbləğləri hazırlamaq və şənbə günü tezdən Kardioloji Mərkəzdə olmaq deyilibmiş. Bakıdan gələn həkim və heyət bir sutka ərzində təqribən 7-10 nəfəri əməliyyat edəcəkmiş. Lakin, əməliyyata iki gün qalmış xəstələrə həkimin problemi olduğu üçün gələ bilməyəcəyi və ümumiyyətlə əməliyyatın baş tutmayacağı deyilərək, “başlarına çarə qılmaları” bildirilir. 

Bizimlə danışan şəxs bu məsələnin Naxçıvan Səhiyyə Nazirliyində və ələlxüsusus da Kardioloji Mərkəzdə başlanan yoxlamalarla əlaqəli olduğununu deyərək, Naxçıvanda baş həkimin həbs olunduğu haqda şaiyələr gəzdiyini bildirir. 

Bizə danışan şəxs məsələnin təkcə Kardioloji Mərkəzdəki hadisələrlə bitmədiyini, digər bütün qurumlar kimi səhiyyənin də başdan ayağa korrupsiya və yeyinti içində olduğunu bildirir. İllərdir Naxçıvan Səhiyyəsinə rəhbərlik edən, “Xan”ın ən yaxın adamlarından sayılan Niyazi Novruzovun sayəsində, Muxtar Respublikada milyonlarla pulun yeyildiyi, insanların isə qonşu Türkiyə və İran xəstəxanalarında öz canının çarəsini axtardığını bildirən şəxs, Naxçıvanda bircə dərmanın belə “Xan”ın icazəsi olmadan satıla bilməyəcəyini dilə gətirir. 

“Burada dərman işinə əvvəllər Kəmaləddinin (Deputat Kəmaləddin Qafarovdan söhbət gedir) “Azərimed” şirkəti baxırdı. Muxtar Respublika üzrə bütün xəstəxanalar və həkimlər onun nəzarəti altında idi. Həkimlərə payladığı pullar hesabına, öz şirkətinin dərmanlarını yazdırır, beləcə də milyonlar qazanırdı. Sonralar isə Vasif Talıbovun övladlarına məxsus şirkət dərmanları gətirdi və bütün apteklər və xəstəxanalar onların  gətirdiyi dərmanlarla işləməyə başladı. 

Vəziyyəti belə görən Kəmaləddin Qafarov sakitcə Naxçıvandakı  biznesini bağladı. Burada  onların nə özlərinin nə də biznesinin qarşısında kimsə duruş gətirməyi düşünə bilməz. 

Bir tərəfdən də, yeni tikilən xəstəxana və diaqnostika mərkəzlərinə öz şirkətləri tərəfindən bir neçə dəfə şişirdilmiş qiymətlərlə avadanlıqlar alınmağa başlandı. Bu avadanlıqların alınması, o mərkəzlərin saxlanması üçün hər il milyonlarla məbləğ dövlət büdcəsindən silinərək “Xanın büdcəsinə” axmağa başlandı. Təsadüfi deyil ki, səhiyyə sahəsindəki ən böyük təşkilatlardan birinə, Diaqnostik Mərkəzə məhz Vasif Talıbovun qızı Baharxanım Talıbova rəhbərlik edirdi. Hansı ki, bir neçə gün öncəyə qədər Naxçıvanbankın da Müşahidə Şurasının üzvü idi. Tək bu fakt, səhiyyənin Talıbovlar üçün nə qədər önəmli sahə olduğunu deməyə əsas verir.

Naxçıvanın şəhər xəstəxanalarına rayon və kəndlərdən üz tutan xəstələr isə, öz rayonlarının xəstəxanalarından “sığorta göndərişi” gətirilməyə məcbur edilir.  Xəstənin əlindəki “göndəriş”i görən həkimlər onları saatlarla, bəzən günlərlə yubadır, nəticədə xəstə özü müayinə üçün pul verməyə razı olur. Beləcə də bütün aparatlar və xəstəxanalar sığorta əsasında işlədiyi yazılsa da, pulsuz heç bir əməliyyat aparılmır. Beləcə də, xəstəxanalarda milyonlarla məbləğlər toplanır”.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}