“Sülhməramlıların missiyası vaxtından əvvəl sonlandırılsın”


“Bir neçə gündür ki, ekoloqlar Azərbaycanın torpağında ekologiyamıza vurulan ziyana etirazını bildirir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. 

Millət vəkili bildirib ki, Rusiya sülhməramlıları oradakı ermənilərlə birləşib qanunsuz silah daşıyır, İran vətəndaşlarını qanunsuz olaraq Azərbaycan ərazisinə buraxır: “Soydaşlarımız buna etiraz edirlər. Biz bunu dəstəkləyirik. Bu proseslərdə bizim gənclərimiz də iştirak edir. Azərbaycan gəncləri heç nəyi unutmur. Azərbaycan gəncləri bu gün köhnə nəsildən də çox vətənini sevir. Gənclərimizin hər biri Prezident İlham Əliyevin dövründə vətənpərvərlik dərsləri alıb. Biz belə gənclərimizin olmasına görə fəxr edirik”.

***

Mövzuya digər deputat Razı Nurullayev da münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin Şuşa-Xankəndi yolunu bağlaması əslində gecikmiş aksiyadır: 

“Ölkəmiz bu günə kimi dözüm göstərdi, humanitar amilləri nəzərə aldı, Ermənistan və separatçıları isə bu yolu hərbi və talançılıq üçün istifadə etdi. 30 il bəs deyilmiş kimi, indi də Rusiya sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə ekoloji fəlakət törədirlər”.

O qeyd edib ki, bu aksiya vətəndaş cəmiyyəti təmsilçilərin, ekoloji fəalların təşəbbüsü ilə gerçəkləşdirilib və effekt verib. İndi aksiyanın daha da genişləndirilməsinə və tələblərin də böyüməsinə ehtiyac var: “Birincisi, Xankəndi ilə Ermənistanı birləşdirən yolda sərhədçilərimiz və gömrük postumuz yerləşdirilsin. Ermənistan Naxçıvana gedən azərbaycnalılara dəhliz vermirsə, biz niyə Ermənistandan gələn ermənilərə əlini-qolunu sallayıb gəlməyə icazə verməliyik?

İkincisi, separatizmə dəstək verən və layihə olaraq Qarabağa yerləşən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan torpaqlarımızdan rədd olub getməlidir. Separatçıların quldur başçısı, beynəlxalq axtarışa verilmiş, haqqında qalaq-qalaq cinayət işi açılmış Araik Arutyunyanın həbs edilməsi üçün Xankəndində əməliyyat keçirilməsi ilə bağlı məsələ tələblər arasında olsun.

Üçüncüsü, separatizm yuvasının Ermənistanla siyasi və hərbi əlaqələrinin tam kəsilməsi üçün kompromissiz tələblər irəli sürülsün. Separatizm yuvasında yaşayan erməni əsilli vətəndaşlarımızın humanitar ehtiyaclarını Xarici İşlər Nazirliyimiz dediyi kimi Azərbaycan öz üzərinə nəinki götürə bilər, həm də götürməlidir.

Dördüncüsü, Rusiya sülhməramlılarının vaxtından əvvəl missiyasının sonlandırılması tələbi qoyulsun. Onlar Qarabağda qaldığı müddətcə, erməni separatçılar bu məsələdən öz çirkin məqsədləri üçün yararlanacaq. Rusiya sülhməramlılarının Qarabağda qalması sülh prosesinə birbaşa maneədir.

Beşincisi, dinc aksiyaçıların sayı dəfələrlə arta bilər, separatçılardan hər şey gözləmək də olar. Milli ordumuzun hissələri, polis və hərbi texnikamız onların təhülkəsizliyini təmin etməlidir. Onun üçün də 1000 nəfər xüsusi təyinatlı qoşun hissəmizin və yüz ədəd hərbi texnikanın əraziyə yeridilməsi və sülhməramlılarla bərabər təhlükəsizliyi təmin etməsi zəruridir”.

***

Deputat Sabir Rüstəmxanlı da qeyd edib ki, Azərbaycan cəmiyyətinin diqqəti Şuşa-Xankəndi yolunun qovşağında olan aksiyadadır: 

“Xalq bunun nə ilə nəticələnəcəyini gözləyir. İki ildir Rusiya sülhməramlıları orada gecə-gündüz ermənilərlə təmasdadır: “Bizim əhalimiz ora yerləşmədiyi üçün Rusiya sülhməramlıları əhalinin nə istədiyini bilmir. İndi isə bizim xalqın da nə istədiyini, iradəsini görürlər. Bir neçə gündür ermənilər orada baş verənləri soyqırımı və s kimi adlarla təqdim etməyə çalışırlar. Otuz ildir Naxçıvan Azərbaycandan aralıdır. Biz bunu humanitar fəlakət, blokada kimi təqdim etmirik. Amma iki gündür ermənilər yolun bağlanmasını fəlakət kimi təqdim edirlər. Azərbaycan sərhədlərimizdə, Qarabağa gələn yolun üstündə bizim sərhəd və gömrük məntəqəmizin qurulmasını tələb etməli və buna nail olmalıdır”.

Deputat eyni zamanda qeyd edib ki, əgər ermənilər 2020-ci il 10 noyabr sənədini qəbul etmirlərsə, deməli müharibənin bitdiyini qəbul etmirlər.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}