Naxçıvandan ilk rəsmi açıqlama: “Biz o saxtakarlığı, rüşvətxorluğu etsəydik...”


Naxçıvan hadisələri baş verən vaxtdan bəri ilk dəfə olaraq Muxtar Respublikanın səlahiyyətli şəxslərindən biri bu haqda açıqlama ilə çıxış edib. Bildirək ki, bu gün “Yeni Sabah” Naxçıvan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bir qrup keçmiş və hazırkı əməkdaşının ictimaiyyətə və DTX-ya müraciətini yayıb. Müraciətdə sensasion iddialar yer alıb və fondun rəhbərliyi korrupsiyada ittiham olunub.

Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı Naxçıvan Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Sahir Rüstəmov “Yeni Sabah”la əlaqə saxlayaraq haqqında səslənən ittihamlara cavab verib.

O, bildirib ki, sözügedən müraciət ilə olaraq sosial şəbəkələrdə yayılıb:

“2021-ci ildə mən fonda sədr müavini təyin olunmuşam, 2021-ci ilin avqust ayında da fondun keçmiş rəhbəri və onun bandası işdən azad olunublar. Mən bura təyin olunandan sonra araşdırmalar getdi. Məlum oldu ki, külli miqdarda vəsaitlər xərclənir. Baxdıq ki, həmin dövrdə pensiya şöbəsinin müdiri Hikmət İsmayılov atasına 25 min manat pensiya verib, xalasına saxta pensiya təyin edib. Digər rayon şöbə müdirləri onunla əlbir olublar Babək rayonunda 400 min manat, Culfa rayonunda 200 min manat, Sədərək rayonunda və digərlərində minlərlə manat vəsait xərclənib. Hər biri audit yoxlaması nəticəsində üzə çıxarıldı, aktlaşdırılaraq hüquq-mühafizə orqanlarına göndərildi. Həmin adamlar o dövrdə işdən azad olundular. 

Siyahıda adı olan 22 nəfər işdən azad olunanlar orta təhsillidir, orta təhsilli şəxslər ali təhsili olan şəxslərin yerində işləyə bilməz. Digərləri isə 2016-2018-ci ildə pensiyaya çıxanlar, vəzifəsini dəyişənlərdir. 

O siyahıda olan 5-6 nəfərdən başqa heç kəsin bu müraciətdən xəbəri yoxdur. Onlardan biri mənim sürücüm olub, burada işləyib daha sonra başqa vəzifəyə keçib. Onun da adını siyahıya yazıblar. 

Deməyim odur ki, yayılan məlumatlar şantaj xarakterlidir. Məndə qovluqlarda bütün sənədlər saxlanılır, burada çalışdığım 1 ildə bütün audit yoxlamasının sənədləri var. Kimə nə qədər vəsait verilibsə hamısı sənədlərdədir, aidiyyatı orqanları gözləyirəm ki, gəlsinlər o məlumatların hamısını təqdim edim. 

Heç kim deyə bilməz ki, yeni qəbul olunan işçilər Sahir Rüstəmovun qohumudur və ya onun vasitəsilə işə qəbul olunublar. Yenə qeyd edirəm, 22 nəfər Statistika Komitəsində ixtisar olunduğu üçün bura göndəriliblər, digər 10 nəfər imtahanla gələn şəxslərdir, şöbə müdiri vəzifəsinə təyin olunanlar isə əvvəllər fondun aparatında məsləhətçi yaxud baş məsləhətçi işləmiş şəxslərdir ki, həmin vəzifələrə təyin olunublar. 

Burada bütün faktlar var. Həmin məlumatları yayan şəxslərdən soruşmaq lazımdır ki, nəyə görə keçmiş vəzifəli şəxslərin hərəsinə 60-70 min vəsait vermisiniz? Bunların hamısı yoxlamada çıxıb. Niyə pensiya qanunvericiliyini pozaraq 3 ildən artıq keçmiş dövrə, 15 il əvvələ qayıdaraq şəxslərə pul hesablayıb vermisiniz? Niyə yaxın qohumlarınıza və digər şəxslərə artıq vəsaitlər vermisiniz? 

Mənim burada müavin olduğum dövrdə 1 milyon 300 min manat vəsait həmin şəxslərin ucbatından qeyri-qanuni ödənilmiş vəsait bir il ərzində dövlət hesabına geri qaytarılıb. Bu məlumatları da təqdim etməyə hazırıq. Saxta məlumatları yayanlar əvvəl hüquq-mühafizə orqanlarından yayınıblar, amma yəqin ki, bu dəfə yayına bilməyəcəklər. 

Fondun sədri də 2021-ci ilin avqustunda təyin olunub və biz birgə nöqsanları araşdırmağa başlamışıq. O nöqsanlara görə 5-6 nəfər külli miqdarda vəsait xərcləyənləri işdən azad etmişik, onlar indi bu vəziyyətdən istifadə edib fondun adını paylaşmağa başlayıblar.

Sizin diqqətinizə çatdırıram ki, 5 il bundan öncə Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən buraya müasir avadanlıqlar, serverlər alıblar ki, pensiya təyinatı altsisteminə qoşulsun. Bakıdakılar da burada olan məlumatları görsün. Ancaq onlar saxtakarlıq etmək üçün bunu tətbiq  etməyiblər. 

Biz son 1 il ərzində nazirliyə müraciət etmişik və onlar gəlib muxtar respublikada pensiya təyinatı altsistemi yaradıblar və o sistem artıq fəaliyyət göstərir. Sentyabr ayından başlayaraq, biz muxtar respublikadakı 43 min pensiyaçının 30 minini həmin altsistemə daxil etmişik. Bütün buradakı hesablamarın hamısı da elektron qaydada gedir. Biz o saxtakarlığı, rüşvətxorluğu təbliğ etsəydik və bu, bizim marağımıza olsaydı, fondun sədri də, mən də o altsistemi qurmağa çalışmazdıq.

Onlardan soruşmaq lazımdır ki, 5 il bundan öncə alınan avadanlıqlar niyə altsistemə keçmədi? Çünki özlərinin məqsədi olub. 2019-cu ilin yanvarına qədər muxtar respublikada məcburi dövlət sosial sığortasını vergi yox, bunlar həyata keçiribdir. 

Xahiş edirəm ki, aidiyyəti qurumlar gələndə bu məsələ də araşdırılsın. Mən burada 1 ildir işləyirəm və 1 ilə də cavab verməyə hazıram. Mənim işlədiyim dövrdə 1 dənə də qeyri-qanuni təyinat ola bilməz. Heç kim də deyə bilməz ki, kimsə bizə bu barədə tapşırıq verib. Ancaq bunlar istədikləri yaşa pensiya təyin ediblər. Burada faktlar da var. Hətta 2 qovluq məndə audit yoxlamasının arayışları var ki, lazımi orqanlara da təqdim etməyə hazıram.

Xahiş edirəm ki, o fikiləri orada səsləndirməsinlər. Biz əvvəl “Facebook” səhifələrinə ciddi yanaşmırdıq. Çünki onlar 200-300 manata o məlumatları paylaşan şəxslərdir. Ona görə də bu fikirləri sizin saytın vasitəsilə çatdırmağı özümə borc bildim. 

Onsuz da həmin şəxslərin işi prokurorluqdadır. Prokurorluğa göndərdiyimiz məktublar da məndə saxlanılır və onları da aidiyyəti qurumlara təqdim etməyə hazıram. Orada digər şəxslərin, o cümlədən azad olunan digər şöbə müdirlərinin də izahatları, kim kimlə nə iş görüb, kim kimə hansı saxtakar tapşırıqlar veribdir, hamısı məndədir və hamısını təqdim edəcəyəm.

Xüsusi olaraq vurğulayıram ki, fondun sədri 2021-ci ilin avqust ayında, müavini də eyni ildə buraya təyin olunub. O rəhbərlik və banditlərin bütün qeyri-qanuni əməllərini üzə çıxarandan sonra onlar belə təbliğat aparmağa başladılar. Soruşuram ki, niyə atasına 25.000 manat vəsait vermişdi? Niyə Bakıdan məktub gəlib ki, bu şəxs 25.000 min vəsait alıb? Niyə məktubu atmısan? Özü də şəhər şöbəsinin müdirinin yanında. Həmin cırdığı məktub da məndədir. Niyə, sən, dövlət sənədini cırıb atırsan ki, lazım deyil, mən dediyimi edin? Bu şeylərə cavab verməlidirlər. Əvvəllər ola bilər ki, hüquq-mühafizə orqanlarından yayınsınlar, bunun da səbəbi bəllidir, ancaq bu dəfə yayına bilməyəcəklər. Bütün faktlar mənim və fondun sədri Rasim Bağırovun əlindədir. Gözləyirik ki, gəlsinlər, biz də təqdim edək. Baxıb-görsünlər ki, bunlar nə iş görüblər.

Nə lazımdır, istənilən şəxsi, kimə nə vaxt hansı məbləğləri qeyri-qanuni veriblərsə, burada hamısı yazılıb. 

Həmin şöbə müdirlərindən birinin dayısı 2017-2019-cu illərdə muxtar respublikada DTX rəisinin əvəzi olub. Keçmiş fondun sədri də ona arxayın olaraq, həmin pensiya şöbəsinin müdiri təyin edib ki, bu işləri görsün. O da başlayıb 2018-2019-2020-ci illərdə bu prosesləri həyata keçirib. Məsələ bütün faktlarıyla qalır. 

Elə bir rəqəmlər çxıardıq ki, biz, həqiqətən də, çox biabırçıdır. Bu rəqəmləri vətəndaş heç ömrü boyu geri qaytara bilməzdi. Ancaq biz maksimum dərəcədə vətəndaşlardan və yaxud digər nöqsan edən şəxslərdən 1 milyon 300 min manat vəsaiti geri qaytardıq. Nəqd qaydada, yaxud pensiyalardan tutulmalarla. 

Bu rəqəmlər də fondun hesabında qalır və biz Bakıda Dövlət Sosial Müdafiə Fonduna hər ay biz hesabat veririk. Orada da baxa bilərlər ki, geriqaytarma nə qədərdir. Yox, əgər bizim marağımız olsaydı, bunu geri qaytarmazdıq, elə burada ört-basdır edərdik və alıb qoyardıq cibimizə. 

Bizim də fəaliyyətimiz göz qabağındadır. Hamı baxır, tanıyır və bilir ki, kim kimdir. Gəlib araşdıra da bilərlər. Mən əvvəl 3 il Ali Məclisdə, 10 ildə şöbə müdiri işləmişəm digər orqanlarda. Niyə mən öz ailəmi saxlamaq üçün evimi ipoteka ilə almışam? Amma o şəxslər atasının adına villa tikdirib, Bakıda mal-mülk alıb? Biri atasına ev alır, o birinin bacısı boşanıb gəlir, ona da ev alır. Bunları haradan alıblar? Bunlara cavab tapmaq lazımdır. 

Fondun sədri 1 maşın alıb, onu işıqlandırırlar. Hə, maşını var və gedib hansısa bankdan kredit götürüb o maşını alıb. Bunların hamısını araşdırmaq, təhlil etmək və nəticəsinə uyğun bu məlumatları yaymaq lazımdır”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}