Əbülfəs Qarayevin iranlı kürəkəninin Azərbaycandakı biznesi...


Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin iranlı kürəkəni Şahriar Maleki “Green Farm Azərbaycan” MMC-nin rəhbərliyindən gedib. “Yeni Musavat” xəbər verir ki,  Şahriyar Malekinin yerinə “Green Farm Azərbaycan” MMC-yə artıq yeni direktor təyin olunub.

Şəhriyar Maleki  2015-ci ildə Əbülfəs Qarayevin qızı Suad Qarayeva izdivacdan sonra Azərbaycanda iri biznesə sahib olub. Onun şəriki olduğu “Colab” adlı kovorkinq mərkəzi də uzun illər fəaliyyət göstərib, bu ilin martda isə “Port Baku”da yerləşən ofisdən  çıxıb.

Keçmiş nazirin kürəkəni “Green Farm Azərbaycan” şirkətini 2016-cı ilin noyabrında qeydiyyatdan keçirib. Əbülfəs Qarayevin nazir kimi nüfuzu sayəsində 2017-ci ilin mayında Biləsuvar İcra Hakimiyyətindən 5 min hektar torpaq sahəsini olduqca aşağı qiymətə 49 illik icarəyə götürüb.  Həmin ərazi Qarayevlərin və qohumlarının nəzarətinə keçənə qədər qışlaq sahəsi olub və yerli əhali tərəfindən təyinatı üzrə istifadə edilib. Əbülfəs Qarayev 2017-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə bu ərazinin əkin sahəsi kimi istifadə olunmasına və qudasının Maltadakı şirkətinin nəzarətinə verilməsinə nail olub. Maltadakı şirkətin təsisçisi isə Əbülfəs Qarayevin Avstriya və Monako vətəndaşı olan qudası İsgəndər Malekidir. İsgəndər Maleki vaxtilə İngiltərənin ən nüfuzlu iş adamlarından olub. O, xanımı Fatimə Maleki ilə 1991-2009-cu illərdə Britaniyada çoxsaylı maliyyə şirkətlərinə rəhbərlik edib, neft treyderi kimi tanınıb, sonrakı illərdə biznesində durğunluq yaranıb.

Malekilər ailəsi dünyanın ən bahalı tarixi incəsənət nümunələrinin kolleksiyaçıları kimi də məşhurlaşıblar. Onlar Londonda Əbülfəs Qarayevin qızının çalışdığı və tarixi əsərlərin hərrac yolu ilə satışa çıxarıldığı Sotheby’s incəsənət auksionunun daimi müştəriləri olub. Güman edilir ki, Qarayevlərin Malekilərlə qohumluğu da buradan başlayıb.

Yada salaq ki, 49 illik icarə müqaviləsinə imza atan keçmiş icra başçısı, Əbülfəs Qarayevin yaxın dostu Mahir Quliyev 2020-ci ilin aprelində Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılaraq Bakıya gətirilib. Bundan təxminən 20 gün sonra Əbülfəs Qarayev mədəniyyət naziri vəzifəsindən azad edilib.

Əbülfəs Qarayevin iranlı kürəkəninə bağlı biznesin “aradan çıxarılması” diqqət çəkir. Məlumdur ki, İran  kökənli iş adamlarının öz ölkələri ilə ciddi şəkildə biznes münasibətləri olur. Azərbaycan-İran münasibətlərinin gərginləşməsi  İrandan qaynaqlanan maliyyə kanallarına da ciddi təsir edib. Mümkündür ki, məhz bu səbəbdən İran kökənli kürəkənə məxsus biznes ya əldən çıxır, ya da “əl dəyişir”. Yeni kənd təsərrüfatı nazirinin təyinatından sonra “Green Farm Azərbaycan” rəhbərliyində dəyişiklik də maraq doğurur.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda məmur biznesi geniş yayılıb: “Hazırda əks proses gedir. Vaxtilə məmur biznesmenliyinə göz yumulsa da, artıq durum dəyişib. Bizneslər məmurların əlindən alınır. Bizneslərlə yanaşı korrupsiya pulları hesabına əldə etdikləri mal-mülk, torpaq sahələri də "milliləşdirilir". Əbülfəs Qarayevə gəlincə, onun varidatı digər “vurulmuş” nazirlər kimi o qədər də aşkarda olmayıb. Əsasən xaricdə mal-mülk almağa, biznes qurmağa meylli nazir kimi yaddaşlarda qalıb. Kürəkəninin adına olan biznesin təhvil verilməsi onu göstərir ki, Qarayevlər ölkədən getmək fikrindədirlər. Ümumiyyətlə isə bu adamları Azərbaycana bağlayan əsasən kresloları idi. Həmin kreslo olmayandan sonra onlar ölkədə qalıb yaşaya bilməzlər".

Hüquqşünas deyib ki, Əbülfəs Qarayevin bu gün azadlıqda qalması ona böyük güzəşt olunmasından qaynaqlanır: “Əbülfəs Qarayevin müavini, digər işçiləri onun həbsinə əsas verən ittihamlar səsləndirdilər. Lakin bizlər həmin ittihamların rəsmiləşməsini, ittiham aktına salınmasını görmədik. Əbülfəs Qarayevin korruspsiya əməlləri haqda məlumatlar araşdırılmadı. O, Azərbaycan mədəniyyətini çökdürməklə yaddaşlarda qalıb. Azərbaycan kinosunu sıradan çıxardı, kitabxanaları məhv etdi, tarixi abidələrini xeyli ziyana saldı. Tutulan isə işçiləri- ona pul daşıyanlar oldu. Onlar tutuldu, araşdırıldı, ifadələri alındı, məlum oldu ki, bu, birbaşa nazirlə əlaqəlidir, lakin o, cinayət məsuliyyətinə cəlb olunmadı. İndi də Qarayev aradan çıxmaq üçün hazırlıq görür. Gedib xaricdə oturacaq, Azərbaycan mədəniyyətinin inkişafından oğurlanan milyonları idarə edəcək”.

yenisabah.az



Oxşar Xəbərlər

Xəbər lenti